Dövrümüzdə hər bir vətəndaş bazarın sabitliyinə yönələn tənzimləyici addımın məhz bank sistemindən keçdiyini yaxşı bilir və buna görə də cəmiyyət bu mühüm qurumdan adekvat addımlar gözləyir. Muxtar respublikamızın iqtisadi inkişafında burada fəaliyyət göstərən bankların rolu nədən ibarətdir? Ötən dövr Naxçıvan Muxtar Respublikasında özəl sektora maliyyə dəstəyinin göstərilməsində, yeni layihələrin həyata keçirilməsində, əhali əmanətlərinin banklara cəlb olunmasında və elektron bankçılıq sahəsində hansı irəliləyişlərlə yadda qalmışdır? Ümumiyyətlə, Naxçıvanda sadə vətəndaşlar və sahibkarlar bank xidmətləri ilə necə əhatə olunmuşlar və bu xidmətlərdən istifadə səviyyəsini genişləndirmək üçün hansı maarifləndirici tədbirlər aparılır? Oxucularımızı maraqlandıran bu sualları Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov cavablandırır.
– Səbuhi müəllim, ilk olaraq ötən 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bankların fəaliyyətini necə ümumiləşdirə bilərsiniz?
– Şübhəsiz, yaşadığımız bazar iqtisadiyyatı dövründə bank və digər bank olmayan kredit institutlarının üzərinə böyük məsuliyyət düşür. Banklar iqtisadi aktivliyin hərəkətə gətirilməsində, ən sadə vətəndaşdan tutmuş iri firmalaradək bütün iqtisadi subyektlərin mənafelərinin təmin olunmasında və eyni zamanda dövlətin ali maraqlarının qorunmasında ən vacib maliyyə strukturlarındandır.
Bütün bu vəzifələr muxtar respublikamızda fəaliyyət göstərən 16 bank qurumunun qarşısında qoyulmuş və onlar öz işlərini günün tələbləri səviyyəsində qurmaq üçün çalışmışlar. Belə ki, bank və kredit təşkilatları tərəfindən ötən il ərzində 70 milyon 221 min manat kredit verilmişdir ki, bunun da 26 milyon 627 min manatını qısamüddətli, 43 milyon 594 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 20 milyon 860 min manatı kənd təsərrüfatının, 14 milyon 318 min manatı sənayenin, 7 milyon 162 min manatı nəqliyyatın inkişafına, 5 milyon 611 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə və digər sahələrə yönəldilmişdir. Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 milyon 499 min manat artmışdır.
– Özəl sektora maliyyə dəstəyinin göstərilməsində bankların rolu nədən ibarətdir?
– Bildiyimiz kimi, banklar həm yeni biznesin yaradılmasındakı maliyyə probleminin həllində, həm də müəssisələrin və sahibkarların əsas və dövriyyə fondlarının maliyyələşdirilməsində əsas vasitəçi kimi iştirak edirlər. Banklarımız tərəfindən aparılan kreditləşmə işində əsas məqsəd aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarın müdafiəsi, kiçik və orta sahibkarlığın inkişafına nail olmaqdır. Kredit qoyuluşları, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilmişdir ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında əhəmiyyətli rol oynamışdır. Belə ki, 2015-ci il ərzində verilmiş kreditlərin 29,7 faizi kənd təsərrüfatının inkişafına, ənənəvi istehsal və kiçik emal sahələrinin dirçəldilməsinə yönəldilmişdir. Bu kreditlər, əsasən, muxtar respublikada qəbul edilmiş dövlət proqramlarının icrasına uyğun olaraq prioritet sayılan toxum və əkin materiallarının, kiçik emal avadanlıqlarının alınmasına, digər aqrotexniki tədbirlərin aparılmasına, heyvandarlığın inkişafına verilmişdir.
– Səbuhi müəllim, bildiyimiz kimi bankların əsas funksiyalarından biri də əhali əmanətlərinin banklara cəlb olunmasıdır. Banklara daha çox əmanətlərin cəlb edilməsi sahəsində nə kimi işlər görülür?
– Əhali əmanətlərinin banklara cəlb olunması istiqamətində vəziyyət tam qənaətbəxş olmasa da, bu sahədə işlər davam etdirilir. Onu bildirim ki, 1 yanvar 2016-cı il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 8 milyon 572 min manat, o cümlədən xarici valyuta ilə 5 milyon 574 min manat olmuşdur. Banklara qoyulan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 800 min manat artmışdır. 1 yanvar 2015-ci il tarixlə müqayisədə xarici valyuta ilə banklara cəlb olunan əmanətlərin həcmi isə 3 milyon 835 min manat çoxdur. Banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq 2 faizdən 16 faizədək illik faiz ödənilir. Bundan əlavə, muxtar respublikamızda fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də tədbirlər həyata keçirilmiş, muxtar respublika sakinlərinin adına 5 milyon 497 min ABŞ dolları məbləğində pul köçürülmüş və banklar vasitəsilə ödənilmişdir.
– Bu gün informasiya-kommunikasiya texnologiyaları həyatımızın hər sahəsində olduğu kimi, bank-maliyyə sahəsində də tətbiq olunur. Muxtar respublikamızda elektron bank xidmətlərinin genişləndirilməsində nə kimi irəliləyişlər vardır və bu sahədə aparılan işlər özünü hansı istiqamətlərdə göstərir?
– Dövriyyəyə lazım olan pul kütləsinin təklif olunması və pulun daha sürətli dövr etməsi üçün muxtar respublikamızda davamlı tədbirlər aparılmaqdadır. Bu məqsədlə “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”na uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, innovativ ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması və elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilmişdir. 2015-ci ildə əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı 177 ədəd artmış və 1 yanvar 2016-cı il tarixə 500-ü Naxçıvan şəhəri, 544-ü isə rayon və kənd mərkəzlərində olmaqla, 1044 ədəd təşkil etmişdir. Bankomatların sayında da bu müddət ərzində artım olmuşdur. Əgər 1 yanvar 2015-ci il tarixə bu göstərici 53-ü Naxçıvan şəhəri, 39-u kənd və rayon mərkəzlərində olmaqla, 92 ədəd idisə, 1 yanvar 2016-cı il tarixə 55-i Naxçıvan şəhəri, 43-ü kənd və rayon mərkəzlərində olmaqla, 98 ədəd təşkil etmişdir. Aparılmış tədbirlər nəticəsində nağdsız ödəniş həcmində yüksək artım müşahidə edilmişdir. Belə ki, əgər 2014-cü ilin yanvar-dekabr ayları ərzində muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 12 milyon 513 min manat təşkil edirdisə, bu göstərici 2015-ci ilin yanvar-dekabr ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 362 min manat artaraq 18 milyon 875 min manata çatmışdır. Gələcəkdə qeyri-dövlət sektorunda işləyənlərin əməkhaqlarının nağdsız qaydada ödənilməsinin davam etdirilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
– Son olaraq bank işi sahəsində maarifləndirmə işi barədə məlumat verməyinizi xahiş edirik…
– Bəli, bu istiqamətdə qarşımızda mühüm vəzifələr durur. İstər əhalinin maliyyə savadlılığının artırılmasında, istər ödəniş alətlərindən istifadə göstəricisinin yaxşılaşdırılmasında, istərsə də bank işçilərinin peşəkarlığının yüksəldilməsində çox işlər görülməlidir. Bunun üçün yuxarıda adı çəkilən plan üzrə muxtar respublikanın şəhər və rayonlarında əhali arasında maarifləndirici tədbirlər keçirilmiş, orta və ali təhsil müəssisələrində nağdsız ödəniş vərdişlərini inkişaf etdirən xüsusi məşğələlər təşkil edilmiş, ödəniş alətlərinin üstünlükləri ilə bağlı təbliğat materialları mütəmadi olaraq mətbuat vasitəsilə əhaliyə çatdırılmışdır. Bundan başqa, əhalinin nağdsız ödənişlərə marağının artırılması məqsədilə 2015-ci ilin iyun və dekabr aylarında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi ilə birgə mükafatlandırma tədbirləri keçirilmiş və bu tədbirlərdə muxtar respublika üzrə 398 nəfər şəxsə müxtəlif qiymətli hədiyyələr verilmişdir.
Qarşımızda duran digər mühüm vəzifə hamilik işi ilə bağlıdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 iyul 2015-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən hamiliyə götürülmüşdür. Bundan əlavə, “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Texniki Kollecində yaradılmış “Bank işi” kabinələri müxtəlif bank vəsaitləri ilə təmin edilmişdir. Hamiliklə əlaqədar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları tərəfindən hər iki təhsil ocağının tələbələri ilə görüşlər keçirilmiş və “Ailə büdcəsinin formalaşdırılması”, “Maliyyə resurslarının idarə olunması”, “Nağdsız ödənişlərin üstünlükləri və iqtisadi artımda rolu” və sair mövzularda seminar-məşğələlər təşkil edilmişdir.
Ötən dövr ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşlarının iştirakı ilə də müxtəlif mövzularda kurs və seminarlar keçirilmişdir. Ötən ilin dekabr ayında Mərkəzi Bankın və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun ekspertlərinin iştirakı ilə “Maliyyə savadlılığı” mövzusunda seminarlarda bank əməkdaşları və “Naxçıvan” Universiteti tələbələrinin iştirakı təmin edilmiş, ümumiyyətlə, bank sektorunda il ərzində 110-dan çox əməkdaş müxtəlif kurs və treninqlərdə iştirak etmişdir.
Müsahibə üçün sağ olun.
Əli Cabbarov