Bu gün qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdən biri geni modifikasiya olunmuş məhsullardır. Qısaca GMO olaraq tanınan gen mühəndisliyinə ərzaq terrorizmi də deyilir. GMO müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin geninin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu zaman heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir.
Dünyada becərilən GMO bitkiləri, əsasən, qarğıdalı, soya, pambıq, şəkər çuğunduru, yonca, kartof, düyü, pomidor və tütündür. Hazırda 120-dən artıq müxtəlif kənd təsərrüfatı bitkisinin genetik modifikasiya olunmuş analoqları vardır. Son məlumatlara görə, onlardan 64-ü təsərrüfatlarda tətbiq olunur. Hazırda bu sahədə aktivlik göstərən 15-dək şirkət var. Artıq 20 ildən çoxdur ki, milyonlarla istehlakçı istər heyvan və quş, istərsə də bitki mənşəli GMO-dan istifadə edir. ABŞ və Avropada, o cümlədən bir çox başqa ölkələrdə transgen məhsulların ayrıca satışı həyata keçirilir. Bu problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınır. Artıq bir çox dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişikliklər yaratdığından geni modifikasiya olunmuş məhsullara qarşı ciddi mübarizə aparır.
Ölkəmizə gəldikdə isə bizdə geni modifikasiya edilmiş məhsulların idxalı qanunla qadağan olunur. Muxtar respublikamızda da əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin olunması istiqamətində tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvanda ilk olaraq 2012-ci ildə bir gömrük laboratoriyası qurulmuş və ixtisaslı kadrlarla təmin olunmuşdur. Naxçıvan Gömrük Ekspertizası İdarəsinin laboratoriyası Cənubi Qafqazda geni dəyişdirilmiş məhsulların təyininin aparıldığı ilk və ən müasir laboratoriyadır. GMO laboratoriyasında 3 otaqlı kabin quraşdırılmış, analizlərin oxunması üçün laboratoriya ABŞ-ın Agilent firmasının PCR cihazı ilə təchiz olunmuşdur.
Yaradılan şərait gömrük orqanları tərəfindən idxal istiqamətində gətirilən ərzaq məhsullarının keyfiyyətinə və ərzaq təhlükəsizliyinə ciddi şəkildə nəzarət etməyə imkan verir. Muxtar respublikaya idxal olunan kənd təsərrüfatı məhsullarının genetik modifikasiyaya məruz qalmasının dəqiqliklə yoxlanmasını təmin etmək məqsədilə bu günlərdə Türkiyə Respublikasından dəvət olunmuş GMO mütəxəssisinin rəhbərliyi ilə kurslar təşkil olunmuşdur. Mütəxəssis Türkiyənin bu sahə üzrə dünyada tanınmış Ek-İm firmasının nümayəndəsidir.
Qeyd edək ki, Türkiyə Respublikasında mövcud olan GMO laboratoriyalarının 80 faizinin qurulmasını təmin etmiş həmin qurum bu sahədə ən təcrübəli heyətə malikdir.
Dördgünlük tədris kurslarının nəticəsi olaraq Naxçıvan Gömrük Ekspertizası İdarəsinin əməkdaşları genetik modifikasiyaya məruz qalmış kənd təsərrüfatı məhsulları, o cümlədən belə kənd təsərrüfatı məhsullarından hazırlanmış ərzaq məhsulları və hətta az miqdarda bu məhsullardan istifadə olunmaqla istehsal edilmiş ərzaq məhsullarında transgenləri təyin etməyi öyrənmişlər.
Naxçıvan Gömrük Ekspertizası İdarəsinin əməkdaşları kurslarda fəallıq göstərmiş, onlara sertifikatlar təqdim olunmuşdur. Gömrük laboratoriyasının geni dəyişdirilmiş məhsulların təyini ilə bağlı aparacağı analizlərin nəticələrinin beynəlxalq səviyyədə də tanınması istiqamətində işlər davam etdirilir.
Təbii ki, Naxçıvanda geni dəyişdirilmiş məhsulların təyini istiqamətində aparılacaq analizlər xaricdən gətirilən ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti gücləndirəcək. Bununla da, muxtar respublikaya idxal olunan kənd təsərrüfatı məhsullarının genetik modifikasiyaya məruz qalıb-qalmaması tam şəkildə yoxlanılacaq.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti