Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən idxal istiqamətində gətirilən malların keyfiyyətinə, standartlara uyğunluğuna xüsusi fikir verilir, müvafiq tələblərə cavab verməyən mallar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülür.
Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmədiyindən saxlanılan malların yandırılaraq məhv edilməsidir. Həyata keçirilən növbəti məhvetmə tədbirində yandırılan mallar, əsasən, müxtəlif markalı ərzaq və qida məhsullarından, yuyucu və təmizləyici vasitələrdən, psixotrop tərkibli dərmanlardan, pirotexniki vasitələrdən, müxtəlif təsərrüfat mallarından ibarət olmuşdur. Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən məhvetmədə ümumi çəkisi 12 tona yaxın olan mallar yandırılmışdır.
Naxçıvan Gömrük Ekspertizası İdarəsinin laborator rəyləri nəzərə alınaraq 2015-ci ilin ikinci yarısı ərzində 6 ton 895 kiloqram yuyucu vasitənin, ümumi çəkisi 2 tondan artıq olan ərzaq və qida məhsulunun, spirtli içki və meyvə şirələrinin keyfiyyətinin tələblərə cavab vermədiyi müəyyənləşdirilmiş və məhvinə qərar verilmişdir. İki tona yaxın ərzaq və qida məhsulu isə üzərində istehsal və son istifadə tarixinin göstərilməməsi, istehlak müddətinin bitməsi və əmtəə görünüşünün pozulması səbəbindən yandırılmışdır. Keyfiyyət göstəriciləri aşağı olan və müvafiq normalara uyğun gəlməyən malların arasında daha çox uşaqlara alınan qida məhsulları, meyvə şirələri, yuyucu vasitələr və sair olmuşdur.
Məhv edilən mallar arasında kontrafakt, başqa sözlə, saxta mallar da yer almışdır. Məhz 12 min 500 kiloqram qəlyan tütününün, 270 ədəd “ABC” markalı silikon yapışdırıcının, 300 kiloqram “Kalqon” markalı ərp əleyhinə təmizləyicinin istehsalının və qablaşdırılmasının saxta yollarla aparıldığı müəyyən edilmişdir. Məhv edilən saxta mallar içərisində 1 milyon 80 min ədəd aksiz markası, 12 ədəd dövlət nömrə nişanı da olmuşdur.
Müvafiq dövlət orqanlarından xüsusi icazə sənədi alınmadan gətirilən 91adda müxtəlif dərman preparatları, o cümlədən psixotrop dərmanlar, 6500 ədəddən çox pirotexniki vasitə, 42 ədəd balıq toru da məhv edilmişdir.
Milli mentalitetə mənfi təsir göstərən ədəbiyyat və vasitələrin muxtar respublikaya gətirilməsinə qarşı mübarizə də diqqətdə saxlanılmış, əxlaq qaydalarına zidd olduğu üçün saxlanılmış vasitə və CD-lər də yandırılmışdır.
Milli və iqtisadi təhlükəsizliyin, ictimai asayişin və insanların sağlamlığının qorunması istiqamətində də tədbirlər davam etdirilir. Gömrük-keçid məntəqələrində saxlanılmış 26 ədəd beşbarmaq və 1 ədəd döymə aparatı da xüsusi qaydada məhv olunmuşdur. Xaricdən gətirilən 17 ədəd minik avtomobili şini isə köhnə və yararsız olduğundan məhv edilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi əmin edir ki, qanunvericiliyin tələblərinin, istehsalçıların və istehlakçıların hüquqlarının müdafiəsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təminatı, insan sağlamlığının və ətraf mühitin qorunması istiqamətində işlər bundan sonra da davam etdiriləcək, gömrük qaydalarının pozulması hallarına qarşı lazımi tədbirlər görüləcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti