Ən qiymətli sərvət olan torpaqdan səmərəli istifadə etmək üçün bir sıra Dövlət proqramları qəbul olunmuş, həmin proqramların bir neçəsinin icrası uğurla başa çatdırılmış, bir neçəsi isə icra olunmaqdadır. Belə mühüm sənədlərdən biri də 14 fevral 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”dır. Proqram muxtar respublikanın təbii resurslarına hesablanmış bir sənəddir.
Dövlət proqramının başlıca məqsədi bazar iqtisadiyyatı şəraitində muxtar respublikada meyvə istehsalının inkişaf etdirilməsindən, yüksək istehsal xüsusiyyətlərinə malik meyvə bağlarının əkilməsindən, onların ixtisaslaşdırılmasından, yerli şəraitə uyğun, unudulmaqda olan məhsuldar sortların bərpasından, müasir standartlara cavab verən texnologiyalar əsasında meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasından ibarətdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası barlı-bəhrəli torpaqlarına, coğrafi mövqeyinə, təbii iqlim şəraitinə, bitki örtüyünə görə ölkəmizin digər bölgələrindən fərqlənir. Burada mövcud olan kontinental iqlim tipi qışın sərt və soyuq, yayın quru və isti olması ilə səciyyələnir. Kontinental iqlim şəraitinin mövcudluğu ərazidə müxtəlif torpaq tiplərinin yaranmasına gətirib çıxarmışdır. Regionun bağbanları bunu nəzərə alaraq, əsrlər boyu xalq seleksiyası yolu ilə müxtəlif növ meyvə və tərəvəz sortları yetişdirmiş, yerli iqlimə uyğunlaşdırmışlar.
Dövlət Proqramında qeyd olunduğu kimi, bir sıra aborigen (itmə təhlükəsi olan) meyvə və tərəvəz sortlarının yenidən əkin dövriyyəsinə qaytarılmasının müstəsna əhəmiyyəti vardır.
Meyvəçiliyin inkişafı ilə əlaqədar olaraq, Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində tədbirlər planı hazırlanmış və icra olunmaqdadır. Ötən dövr ərzində apardığımız araşdırmalar deməyə əsas verir ki, muxtar respublikanın orta dağlıq və dağlıq bölgələrində digər növ bitkiçilik məhsulları ilə yanaşı, meyvəçiliyi də geniş miqyasda inkişaf etdirmək olar. Dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə belə, müxtəlif meyvə sortları əkilərək yüksək məhsul götürmək mümkündür. Dağlıq ərazilərimizdə tələb olunan miqdarda suvarma suyu, münbit torpaq bitkilərinin inkişafı üçün əlverişli hava mövcuddur.
Aborigen meyvə və tərəvəz sortlarının tədqiqatlar nəticəsində aşkar edilməsi, ən yaxşılarının artırılması, toxumçuluğunun təşkili üzərində işlər aparılmaqdadır. Bu məqsədlə əməkdaşlarımız 360 yerli və gətirilmə meyvə sortunu aşkar etməklə bərabər, onları birliyə məxsus Ordubad Dayaq Məntəqəsində genefond kimi qoruyaraq tədqiqat işi aparırlar. Birliyin həyətyanı sahəsindəki kolleksiya üzüm bağında isə 54 üzüm sortu toplanmış və tədqiq edilməkdədir.
Artıq yaz fəsli yurdumuza qədəm qoymuşdur. Yaz-tarla işlərinin başlanmasından öncə meyvəçilik və tərəvəzçiliklə məşğul olan mülkiyyətçilərə bir neçə məsləhət vermək istərdik.
Meyvə bağlarında quru budama aparılmalı, meyvə ağaclarına çətir forması verilməli, kökətrafı yumşaldılmalı, mineral və üzvi gübrə verilməlidir. Verilən gübrələr bitkinin kökətrafı sahəsində torpaqla qarışdırılmalıdır.
Yeni salınan bağlarda əvvəlcə sahə şumlanmalı, 40-50 santimetr dərinliyində çalalar qazılaraq ting materialı əkini aparılmalıdır. Əkiləcək meyvə növündən asılı olaraq, bitkilərin əkin sıxlığı 4x6 metr və 5x8 metr arası dəyişilə bilər. Əgər cəviz ağacı əkiləcəksə, 8x8 metr və ya 10x10 metr arası əkin aparılması məsləhətdir. Yadda saxlamaq lazımdır ki, ting materialının mil kökləri vurulmalı, qazılmış çalalardan çıxarılmış torpaq təkrar olaraq əkilən tingin dibinə tökülməməli, başqa yerdən götürülən münbit torpaqdan istifadə olunmalıdır. Yaxşı olar ki, bitkilərin kök ətrafında qida mühitinin artırılması məqsədilə əvvəlcədən hazırlanmış üzvi gübrə, qum və torpaq qarışığı təzə əkilən tinglərin dibinə tökülsün. Aparılan tədqiqatlar göstərir ki, muxtar respublikanın dağətəyi və dağlıq zonasında, əsasən, badam, cəviz, alma, armud, heyva əkinlərinə daha çox üstünlük verilməlidir. Çünki bu zonalarda meyvə bağlarının salınması su eroziyasının qarşısının alınmasında və istehsal edilən meyvə məhsullarının daha keyfiyyətli olmasında mühüm əhəmiyyət daşıyır.
İstehsalçılar bilməlidirlər ki, bu gün meyvə bağlarının maili və yamac sahələrə köçürülməsi zamanın tələbidir. Çünki taxıl və digər növ tərəvəz məhsulları əkilə bilən sahələrdə meyvə bağlarının salınması əkinəyararlı sahələrimizin azalması deməkdir. Dövlət Proqramında nəzərdə tutulduğu kimi, coğrafi mövqeyinə görə yararsız, amma münbit olan sahələrimizin kifayət qədər olması bizə yeni salınacaq meyvə bağlarının terraslarda və maili ərazilərdə salınmasına əsas verir.
Açıq sahə tərəvəz əkinləri üçün artıq istixanalar hazırlanmalıdır. İstixanada yetişdiriləcək şitil üçün münbit qida mühiti yaradılmalıdır. Bunun üçün alaq otlarının təsirini minimuma endirmək məqsədilə üzvi gübrə, kül, qum və torpaq götürülərək ələnməli, qarışdırılmalı və istixanaya verilməlidir. Hər hansı bitki növündən asılı olmayaraq, səpiləcək toxumlar dərmanlanmalıdır. Çünki dərmanlanmış toxumlardan cücərən şitillər xəstəliyə qarşı davamlı olur. Dərmanlanma məqsədilə kalium permanqanat, formalin və DS preparatlarından biri istifadə edilə bilər.
Bu günə kimi aparılan tədqiqat işlərinin nəticəsi olaraq deyə bilərik ki, Naxçıvan Muxtar Respublikasının aran hissəsində bir sahədən ildə 2 dəfə məhsul götürülməsi ilə bir sıra tərəvəz məhsullarına, o cümlədən kartof, yerkökü, lobya, xiyar, turp və sair ərzaq məhsullarına olan tələbatı ilin bütün fəsillərində yerli imkanlar hesabına ödəmək mümkündür.
Bəhruz BAYRAMOV
Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin
Baş direktoru, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru