23 Dekabr 2024, Bazar ertəsi

Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin aparat rəhbəri Anar Babayev çıxış edib.
Bildirilib ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb və müsbət nəticələr əldə edilib. Bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınıb, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilib. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblər səviyyəsində qurulmasına əlverişli şərait yaradıb. Mövcud imkanlardan səmərəli istifadə olunması da diqqət mərkəzində saxlanılıb, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirən sürücülərin intizam qaydalarına necə əməl etmələrini yoxlamaq məqsədilə bir sıra reydlər keçirilib, qanun pozuntusuna yol verən sürücülər saxlanılaraq cəzalandırılıblar. Vergi borcunu ödəməyən, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qeyri-qanuni sərnişindaşıma ilə məşğul olmamaq haqqında xəbərdarlıqlar edilib, tabe olmayan sürücülər Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə keçirilən reydlərdə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Vurğulanıb ki, qarşıya qoyulan başlıca vəzifə avtomobilləri vaxtında texniki müayinədən keçirməklə onların qış mövsümündə saz vəziyyətdə istismar olunmasını təmin etməkdən ibarətdir. Bu mühüm əhəmiyyətli sahə də diqqət mərkəzində saxlanılıb, ayrı-ayrı rayonlarda payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar reydlər keçirilib, avtonəqliyyat vasitələrində aşkar olunan nöqsan və çatışmazlıqlar vaxtında aradan qaldırılıb.
Nazirliyin Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzov bildirib ki, Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasını həyata keçirən sürücülərin intizam və yol hərəkəti qaydalarına uyğun fəaliyyət göstərmələri mütəmadi olaraq nəzarətdə saxlanılır. Bu qaydalara əsasən, sərnişindaşıma hüququ müvafiq ixtisas tələblərinə və sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxslərə verilir. Nəqliyyat vasitəsini idarəetmə hüququ müvafiq normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada və formada verilmiş sənədlərlə təsdiq edilir. İctimai nəqliyyatda sərnişin daşınması ilə məşğul olan hər bir sürücünün idarə etdiyi avtomaşının fəaliyyət göstərməsini təsdiq edən sənəd olmalı, sürücülük rekvizitləri qanunvericiliyin tələblərinə cavab verməlidir.
Qeyd edilib ki, sərnişin və yük daşıyan fiziki, eləcə də hüquqi şəxslərin fəaliyyətinə nəzarət məqsədilə müxtəlif reydlər aparılıb, nəticədə, qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən avtonəqliyyat vasitəsi sahibləri aşkar olunub, intizama tabe olmayanlar haqqında cəza tədbiri görülmək üçün müvafiq orqanlara məlumatlar göndərilib.
“Yol-nəqliyyat kompleksinin yenidən qurulması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, şəhər infrastrukturunun mühüm sahəsi sayılan sərnişindaşıma xidmətinin günün tələbləri səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb”, – deyən Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmməd­ov qeyd edib ki, son illər muxtar respublikada şəhər infrastrukturunun mühüm sahəsi sayılan sərnişindaşıma xidmətinin də günün tələbləri səviyyəsində qurulması üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Muxtar respublika paytaxtında şəhərdaxili və şəhərətrafı yol yataqlarının genişləndirilməsi, yollara keyfiyyətli asfalt örtüyün salınması nəqliyyat vasitələrinin sərbəst hərəkətinə, sərnişinlərin rahat daşınmasına əlverişli şərait yaradıb. Şəhərimizdə sərnişindaşıma işini nizamlamaq, əhalinin rahatlığını təmin etmək, eləcə də xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə kompleks tədbirlər həyata keçirilib, Naxçıvan Şəhər Nəqliyyat İdarəsi üçün yeni inzibati bina və avtobus parkı istifadəyə verilib, sərnişindaşıma xidmətinin günün tələbləri səviyyəsində qurulması üçün daha müasir və iritutumlu avtobuslar alınıb gətirilib. Hazırda Naxçıvan şəhərində hər gün ayrı-ayrı mar­şrutlar üzrə müxtəliftutumlu avtobus və mikro­avtobuslar xəttə çıxarılır. 2015-2016-cı ilin payız-qış mövsümünü uğurla başa vurmaq üçün həyata keçirilən tədbirlər öz bəhrəsini verib, sərnişinlərin vaxtında və təhlükəsiz mənzil başına çatdırılmasına, avtomobillərin maneəsiz hərəkətinə hərtərəfli şərait yaradılıb. Yaddan çıxarmaq olmaz ki, sürət həddini aşma, sürücülərin diqqətsizliyi və piyadaların keçidlərdən düzgün istifadə etməməsi avtomobil yollarında qəza halları yaradır, bəzən də ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnir. Bu da insаnlаrın sаğlаmlığınа хəsаrət yеtirir və yа həyаtınа sоn qоyur. Gəlin özümüzü qorumaq və başqalarının həyatına təhlükə yaratmamaq üçün yol hərəkəti qaydalarına ciddi əməl edək.
Sonda sərnişindaşıma ilə məşğul olan sürücülərin sualları cavablandırılıb.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR