Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının gücləndirilməsi, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin olunması sahəsində ardıcıl tədbirlər görülür.
Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı aerovağzal kompleksinin “Şərq Terminalı”nın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Terminalda keçid körpüsü, teleskopik trap, lift, eskalator və yeni baqaj konveyeri quraşdırılmış, hava limanının sərnişin dövriyyəsi 400-450 nəfərə çatdırılmışdır. Hazırda “Qərb Terminalı”nda da inşaat işləri davam etdirilir.
Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi sahəsində görülən işlərin tərkib hissəsi olaraq ötən il Şərur və Ordubad şəhərlərində yeni aviakassa binaları istifadəyə verilmiş, ən yeni texnoloji avadanlıqlar quraşdırılmış, qabaqcıl idarəetmə sistemi yaradılmışdır. Sərnişinlərin rahatlığının təmin olunması sahəsində həyata keçirilən bu tədbirlərin nəticəsidir ki, 2015-ci ildə yerli hava xətti ilə 251 min 372 sərnişin, 443 min 766 kiloqram baqaj, 840 min kiloqram yük və 28 min 570 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti ilə isə Naxçıvan-Moskva reysi üzrə 3 min 306 sərnişin, 56 min 278 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi üzrə 6 min 399 sərnişin və 71 min 547 kiloqram baqaj daşınmışdır.
Uçuşların təhlükəsizliyinin təmin olunması xidmətin əsasını təşkil edir. Bu məqsədlə uçuş-enmə zolağına mütəmadi baxış keçirilmiş və lazımi profilaktik tədbirlər görülmüş, hava gəmilərinin təhlükəsiz qarşılanıb yola salınması təmin edilmişdir. Payız-qış mövsümündə xidmətin normal təşkili üçün bütün avadanlıqlara, elektrik və istilik sistemlərinə texniki xidmət göstərilmiş, “Şərq Terminalı”nda müasirtipli istilik sistemləri quraşdırılmışdır. Elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün mövcud 2 ədəd azgüclü transformator 2500 kilovat gücündə transformatorlarla əvəz edilmişdir. Mühafizə çəpəri boyu yollarda bərpa işləri aparılmış, yağış sularının kənarlaşdırılması üçün 7 kilometr açıq drenaj xətti çəkilmişdir. Bu dövrdə bütün maşın-mexanizmlərin, o cümlədən yanğınsöndürmə avtomobillərinin sazlığı yoxlanılmış, lazımi ehtiyat hissələri tədarük olunaraq nasazlıqlar aradan qaldırılmışdır. Yanğına qarşı qabaqlayıcı tədbirlər diqqət mərkəzində saxlanılmış, xidməti ərazilərdə profilaktik yoxlamalar aparılmış, yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi ilə birlikdə yanğının söndürülməsi və qəza-xilasetmə işləri üzrə təlimlər keçmişdir.
Texnoloji avadanlıqların istismarı və təmiri sahəsi üzrə də işlər günün tələbinə uyğun qurulmuş, ötən il aerovağzal binasında 8 yeni pasport nəzarət kabinəsi və elektron məlumat monitorları quraşdırılmışdır. Yanacaq-sürtkü materialları təminatı da lazımi səviyyədə yerinə yetirilmiş, anbarlarda ehtiyat yaradılmışdır.
Hava limanında yüksəkixtisaslı kadrların hazırlanması, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılır. Ötən il Naxçıvan Beynəlxalq Hava Limanının əməkdaşları Milli Aviasiya Akademiyasında və digər institutlarda təşkil olunan teleskopik trapların istismarı və idarə olunması, daşınmaların təşkili, aviasiya təhlükəsizliyi, təhlükəli yüklərin daşınması, xüsusi avtonəqliyyat hərəkətinin təşkil olunması və sair mövzular üzrə kurslarda iştirak etmişlər.
Muxtar respublikada hava nəqliyyatının fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması 2016-cı ildə də diqqətdə saxlanılacaq, xidmətin səviyyəsi yüksəldiləcəkdir.
Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti