Muxtar respublikada nəqliyyat infrastrukturu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Beynəlxalq Hava Limanının hərtərəfli fəaliyyət göstərməsinə şərait yaradıb. Ötən bir neçə il ərzində hava limanında yeni inzibati bina istifadəyə verilib, təhlükəsizliyi gücləndirmək məqsədilə müxtəliftəyinatlı yeni maşın-mexanizmlər alınıb, sərnişin daşımaları ilə bağlı xidmətin səviyyəsi daha da yüksəldilib.
2015-ci ilin dekabr ayında hava limanının “Şərq Terminalı” fəaliyyətə başlayıb. Sərnişinlərə yüksək səviyyəli xidmət göstərmək üçün burada uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb. Bundan əlavə, terminalda hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı quraşdırılıb, yeni baqaj konveyeri və eskalatorlar istifadəyə verilib.
Bu günlərdə CİP xidmətinin təkmilləşdirilməsi sərnişinlərə hava limanının yüksək səviyyəli xidmətlərindən istifadə etməyə imkan verir. Belə ki, bu xidmətdən istifadə edənlər üçün xüsusi ayrılmış gözləmə zalında hərtərəfli şərait yaradılıb. Burada televizor, məlumat monitoru, “Wi-Fi” internet şəbəkəsi quraşdırılıb, yumşaq divan və kreslolar qoyulub. Xidmətin istifadəçiləri gözləmə zamanı muxtar respublikamızda istehsal olunan şirniyyatlardan, soyuq içkilərdən, yerli təbii bitki çaylarından, yeni yaradılmış avtomobil dayanacağından istifadə edə bilərlər.
CİP xidməti sərnişinlərə yük və baqajların daşınmasında, eləcə də xüsusi mikroavtobusdan istifadə etməklə, ümumi zala daxil olmadan rahatlıqla təyyarəyə minməkdə xüsusi güzəştlər təqdim edir.
Hava limanından verilən məlumata görə, xidmətdən istifadə etmək istəyənlər əvvəlcədən bunun üçün nəzərdə tutulmuş 544-47-08 nömrəli telefona zəng edib əlaqə saxlamalıdırlar.
Səbuhi Həsənov