Ötən təsərrüfat ilini yüksək göstəricilərlə başa vuran muxtar respublikanın torpaq mülkiyyətçiləri erkən yazdan sahələrə çıxıblar. 2013-cü ilin bol məhsulunun əsasını qoymaq, daxili bazarın tələbatının ödənilməsinə töhfələrini vermək, yerli istehsalın xüsusi çəkisinin artırılmasına nail olmaq üçün onlara cari ildə də hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, bu günədək 3283 hektar sahədə şum qaldırılıb. Həmin sahələrin 1165 hektarında yazlıq əkinlər həyata keçirilib. Həmişəki kimi, yenə də torpaq mülkiyyətçiləri taxılçılığa üstünlük veriblər. Belə ki, 456 hektar sahədə yazlıq taxıl əkilib. Məlumat üçün onu da bildirək ki, ötən ilin payızında 29 min 280 hektar sahədə payızlıq taxıl əkini aparılıb.
Muxtar respublikamızda kartofçuluğun inkişaf etdirilməsi üçün yaradılmış şərait torpaq mülkiyyətçilərinin bu sahədə yüksək uğurlar qazanmasına imkan verib. Cari ildə onlar 336 hektar sahədə kartof əkini keçiriblər. Süfrələrimizi yerli məhsullarla təmin etmək məqsədilə 160 hektar sahədə tərəvəz, 87 hektar sahədə dənli-paxlalı bitkilər, 5 hektar sahədə bostan məhsulları əkilib.
Heyvandarlığı inkişaf etdirmək məqsədilə 9 hektar sahədə birillik, 112 hektar sahədə çoxillik əkmələr aparılıb.
Səbuhi HÜSEYNOV