23 Dekabr 2024, Bazar ertəsi

Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, daxili bazarda məhsul bolluğu yaradılmışdır. Belə ki, “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, 2005-2010-cu illərdə Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə, Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı, 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət pro­qramlarının həyata keçirilməsi və hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” ümumi inkişafa təkan vermiş, yeni istehsal sahələri yaradılmış, iqtisadiyyatın şaxələndirilməsi təmin edilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların verilməsi, onların lazımi texnika və mineral gübrələrlə vaxtında və güzəştli şərtlərlə təminatı məhsul istehsalının artımına böyük stimul vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulmuş vəzifələrin kompleks şəkildə həyata keçirilməsinə imkan vermişdir. 12 bölmədən ibarət olan Dövlət Proqramında 142 istiqamət üzrə tapşırıqlar müəyyənləşdirilmiş, aidiyyəti strukturlar qarşısında konkret vəzifələr qoyulmuşdur.

I Bölmə: Torpaq və sudan istifadənin səmərəliliyinin artırılması tədbirləri 

Torpaq mülkiyyətçiləri arasında torpaqların istifadəsi zamanı əlavə torpaq itkisinə yol verilməməsi, meliorasiya tədbirlərinə ehtiyacı olan torpaqların müəyyən edilməsi, onların irimiqyaslı xəritələrinin hazırlanması, torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması, əkin atlaslarının hazırlanması, yaşayış məntəqələrində məişət tullantılarının xüsusi ərazilərə tökülməsi istiqamətində mühüm işlər həyata keçirilmişdir. Muxtar respublikada mövcud su tutarlarına suvarma suyunun yığılmasını daimi nəzarətdə saxlamaqla kənd təsərrüfatı bitkilərinə normaya uyğun suvarma suyunun verilməsi təmin edilmişdir. Hazırda muxtar respublikada 550 min 275 hektar torpaq sahəsinin 186 min 131 hektarı dövlət, 307 min 657 hektarı bələdiyyə, 56 min 487 hektarı isə xüsusi mülkiyyətə aiddir. 2015-ci ildə 61 min 414 hektar sahədə əkin aparılmışdır ki, bu da 2008-ci ilin məhsulu üçün əkilmiş sahədən 2503,3 hektar və ya 4,3 faiz çoxdur. Ümumi əkin sahəsinin 2095 hektarı Naxçıvan şəhərinin, 17 min 115 hektarı Şərur, 16 min 172 hektarı Babək, 3933 hektarı Ordubad, 7718 hektarı Culfa, 8152 hektarı Kəngərli, 2655 hektarı Şahbuz və 3574 hektarı Sədərək rayonlarının payına düşmüşdür.

II Bölmə: Bitkiçiliyin inkişaf etdirilməsi tədbirləri 

Muxtar respublikada taxıl əkini zamanı məhsuldar və keyfiyyətli buğda toxumlarından istifadə olunması diqqətdə saxlanılmış, Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə Təsərrüfatında toxumçuluq təsərrüfatı və xırman kompleksi yaradılmış, maddi-texniki baza möhkəmləndirilmiş, traktor, toxumtəmizləyən, gübrəsəpən, toxumsəpən, kultivator və digər texnikalar alınmışdır. Birliyin elmi işçiləri tərəfindən məhsuldar, xəstəliyə, zərərvericilərə qarşı müqavimət göstərən, iqlim şəraitinə uyğun buğda və arpa sortları seçilərək artırılmışdır.
Muxtar respublikada 2008-2015-ci illərdə Sahibkar­lığa Kömək Fondunun vəsaiti hesabına taxıl əkini üzrə 76 investisiya layihəsinin maliyyələşdirilməsinə 569 min 400 manat güzəştli şərtlərlə kreditlər verilmişdir. Taxılın vaxtında və itkisiz yığılması üzrə ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 84 ədəd müxtəlif markalı kombayn alınmış və bunlardan 12 ədədi fermer və torpaq mülkiyyətçilərinə satılmışdır. Son dövrlər ərzində muxtar respublikada istehsal olunan taxılın bir kiloqramının 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması torpaq mülkiyyətçilərinin taxıl istehsalına marağını daha da artırmışdır.

2015-ci ildə muxtar respublikada 36 min 237 hektar sahədə taxıl əkini aparılmışdır ki, bu da 2008-ci ildə əkilmiş sahədən 2795,8 hektar və ya 8,4 faiz çoxdur. 2015-ci ildə əkilmiş taxılın 26 min 746 hektarını buğda, 9491 hektarını isə arpa təşkil etmişdir. Taxıl zəmilərindən 2015-ci ildə 106 min 282 ton məhsul tədarük olunmuşdur ki, bu da 2008-ci ilin məhsulundan 23 min 718 ton və ya 28,7 faiz çoxdur. Dövlət Pro­qramının icrası istiqamətində taxılçılıqda yeni, səmərəli toxum materialının tədarükü, becərmənin yüz faiz mexanikləşdirilməsi, gübrə normalarının tətbiqi, növbəli əkin dövriyyəsi, suvarmaların şırım üsuluna keçirilməsi məhsul istehsalının artımına geniş imkan yaratmışdır. 2008-ci illə müqayisədə taxıl əkini sahəsinin 8,4 faiz, məhsul istehsalının 28,7 faiz artımı taxılçılığın ekstensiv üsulla deyil, müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla, yəni məhsuldarlığın yüksəldilməsi yolu ilə inkişaf etdirildiyini göstərir.

Taxıl əkini və istehsalı


Muxtar respublikada son dövrlər qarğıdalı və günəbaxan əkini sahələri genişləndirilmiş, məhsul istehsalının artımı təmin olunmuşdur. Belə ki, 2015-ci ildə muxtar respublikada qarğıdalı əkini sahəsi 2008-ci ildəki müvafiq göstəriciyə nisbətən 364,5 hektar artaraq 1082 hektar, məhsul istehsalının həcmi 1639,8 ton artaraq 4480,8 ton təşkil etmiş, məhsuldarlıq 4,5 faiz artmışdır. 2015-ci ildə muxtar respublikada, ümumilikdə, 269 hektar sahədə dən üçün günəbaxan əkini aparılmış və 690,2 ton məhsul yığılmışdır. 2008-ci illə müqayisədə günəbaxan əkini sahəsi 33,5 hektar, məhsul istehsalı isə 101,9 ton artmışdır.
Muxtar respublikada kartofçuluğun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara güzəştli şərtlərlə kreditlər verilmişdir. Ötən dövr ərzində muxtar respublikaya gətirilən kartof sortları yetişmə dövrlərinə görə müəyyənləşdirilmiş, bu sortların əkininin yeni texnologiya ilə həyata keçirilməsi istiqamətində təbliğat və təşviqat işləri aparılmışdır. Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, 2015-ci ildə muxtar respublikada 2967 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2008-ci illə müqayisədə 454 hektar və ya 18,1 faiz çoxdur. 2008-ci illə müqayisədə kartof istehsalı 10733,3 ton və ya 31,3 faiz artaraq 45042,5 tona çatdırılmışdır.

Kartof əkini və istehsalı

Muxtar respublikada əhalinin meyvə-tərəvəz və bostan məhsulları ilə etibarlı təminatı istiqamətində mühüm işlər görülmüş, meyvə bağları salınmış, tərəvəz əkini sahələri artırılmışdır. Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin Ordubad Dayaq Məntəqəsində qədim və məhsuldar meyvə sortları əkilərək artırılmış, genofond qorunmuşdur. 2015-ci ildə muxtar respublikada meyvə bağlarının ümumi sahəsi 4653,5 hektara çatdırılmış və barverən meyvə bağlarından 51 min 110,5 ton meyvə istehsal edilmişdir. 2008-ci illə müqayisədə meyvə bağlarının sahəsi 1080,5 hektar, məhsul istehsalı isə 13 min 593,9 ton artmışdır. 2015-ci ildə muxtar respublikada tərəvəz əkini sahəsi 6131 hektara, məhsul istehsalı isə 82 min 16,3 tona çatdırılmışdır. 2008-ci illə müqayisədə tərəvəz əkini sahəsi 242 hektar, tərəvəz istehsalı isə 21 min 191,3 ton artmışdır. 2015-ci ildə muxtar respublikada 38 min 2,7 ton bostan məhsulları istehsal olunmuşdur.
Ötən dövrdə üzümçülüyün inkişaf etdirilməsi, süfrə sortlarının istehsalının artırılması istiqamətində də müəyyən işlər görülmüş, “Araz” Elm İstehsalat Birliyinin Nehrəm “Meyvəçilik sort-sınaq” məntəqəsində 56 üzüm sortunun təcrübədən keçirilərək istehsala tətbiqi sahəsində iş aparılmışdır. 2015-ci ildə muxtar respublikada üzüm əkini sahəsi 1155,9 hektara çatdırılmışdır ki, bu da 2008-ci ildəki müvafiq göstəricidən 161,5 hektar çoxdur. Bu dövr ərzində məhsul istehsalı 2008-ci ilə nisbətən 1600,8 ton artaraq 15 min 354,3 tona çatdırılmışdır.
Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə təkcə 2015-ci ildə muxtar respublikada 7 istixana təsərrüfatı, tutumu 480 ton olan 2 soyuducu anbar yaradılmışdır. Ümumilikdə, muxtar respublikada istixana komplekslərinin ümumi sahəsi 100 min kvadratmetrə, soyuducu anbarların sayı 22-yə, tutumu isə 12 min 730 tona çatdırılmışdır.
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazası möhkəmləndirilmiş, Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleksin inşası davam etdirilmişdir. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.

III Bölmə: Heyvandarlığın inkişaf etdirilməsi tədbirləri

Dövlət Proqramının qəbulundan ötən dövrdə heyvandarlığın və onun yem bazasının intensiv texnologiyalar əsasında inkişafı üzrə monitorinqlər aparılmış, Naxçıvan şəhərində “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən istehsal gücü saatda 3-3,5 ton və istehsal gücü saatda 10 ton olan iki qarışıq yem istehsalı sahəsi yaradılmışdır. Bundan əlavə, Şərur rayonunda gündəlik istehsal gücü 10 ton olan qarışıq yem və Culfa rayonunda gündəlik istehsal gücü 500 kiloqram olan yem istehsalı sahələri fəaliyyətə başlamışdır. Hazır­da “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gündəlik istehsal gücü 10 ton olan qarışıq yem istehsalı sahəsinin yaradılması davam etdirilir. Bu dövrdə muxtar respublikada yeni yaradılan və genişləndirilən heyvandarlıq təsərrüfatlarının sayı 275-ə çatdırılmışdır.
Muxtar respublikaya ətlik və südlük maldarlığın inkişafı istiqamətində 40 mindən yuxarı toxum preparatları gətirilmiş, yerli cins mal-qarada süni mayalanma aparılmışdır. Heyvandarlıqda süni mayalanma tədbirlərinin genişləndirilməsi məqsədilə 23 süni mayalanma məntəqəsi yaradılmış, məntəqələrə 34 ədəd motosiklet, 43 dəst süni mayalanma avadanlığı verilmişdir. Ümumilikdə, 2008-2015-ci illər ərzində muxtar respublikada 43 min 132 baş mal-qara mayalandırılmış və 28 min 760 baş sağlam bala alınmışdır. Bundan başqa, “Bərəkət” Məhdud Məsuliyyətli Cəmiyyətinin damazlıq təsərrüfatında yetişdirilən 67 baş damazlıq düyə təsərrüfatlara satılmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması tədbirlərinin davamı olaraq 2015-ci ildə muxtar respublikaya 249, bütövlükdə isə 1937 baş damazlıq cins mal-qara gətirilərək lizinq yolu ilə satışı həyata keçirilmişdir.
Muxtar respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq quşa olan tələbatını ödəmək məqsədilə “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1 milyon 145 min 100 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmiş, aylıq istehsal gücü 386 min ədəd yumurta və 400 min baş cücə istehsalı sahələri yaradılmışdır. Ümumilikdə, ötən dövr ərzində muxtar respublikada 54 quşçuluq təsərrüfatı yaradılmış, 5 quşçuluq təsərrüfatının fəaliyyəti genişləndirilmişdir.
Muxtar respublikada ət, süd və digər ərzaq məhsulları istehsal edən müəssisələrin modernləşdirilməsi və bu sahədə yeni müəssisələrin yaradılması istiqamətində ötən dövr ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən 804 investisiya layihəsinin maliyyələşdirilməsinə 42 milyon manata yaxın dövlət maliyyə dəstəyi göstərilmişdir.
Həyata keçirilən tədbirlər nəticəsində qaramalın sayı 2008-ci ilə nisbətən 14 faiz artaraq 109 min 436 başa, qoyun və keçilərin sayı 14,9 faiz artaraq 662 min 842 başa çatmış, quşların sayı isə 67,8 faiz artaraq 1 milyon 153 min 345 olmuşdur. Qaramalın 34 min 865-i və ya 31,8 faizi Şərur rayonunun, 14 min 321-i və ya 13,1 faizi Babək rayonunun, 9386-sı və ya 8,6 faizi Ordubad rayonunun, 14 min 782-si və ya 13,5 faizi Culfa rayonunun, 8187-si və ya 7,5 faizi Kəngərli rayonunun, 21 min 275-i və ya 19,4 faizi Şahbuz rayonunun, 2810-u və ya 2,6 faizi Sədərək rayonunun, 3810-u və ya 3,5 faizi Naxçıvan şəhərinin payına düşmüşdür.
Qoyun və keçilərin 123 min 568-i və ya 18,7 faizi Şərur rayonunda, 133 min 452-si və ya 20,1 faizi Babək rayonunda, 67 min 24-ü və ya 10,1 faizi Ordubad rayonunda, 95 min 214-ü və ya 14,4 faizi Culfa rayonunda, 93 min 868-i və ya 14,2 faizi Kəngərli rayonunda, 114 min 852-si və ya 17,3 faizi Şahbuz rayonunda, 16 min 124-ü və ya 2,4 faizi Sədərək rayonunda, 18 min 740-ı və ya 2,8 faizi Naxçıvan şəhərində qeydə alınmışdır.
Quşların 248 min 652-si və ya 21,6 faizi Şərur rayonunun, 315 min 241-i və ya 27,3 faizi Babək rayonunun, 140 min 245-i və ya 12,2 faizi Ordubad rayonunun, 148 min 653-ü və ya 12,9 faizi Culfa rayonunun, 105 min 264-ü və ya 9,1 faizi Kəngərli rayonunun, 103 min 652-si və ya 9 faizi Şahbuz rayonunun, 17 min 423-ü və ya 1,5 faizi Sədərək rayonunun, 74 min 215-i və ya 6,4 faizi Naxçıvan şəhərinin payına düşmüşdür.
Muxtar respublikada göl balıqçılığının inkişafı üzrə ötən dövr ərzində Heydər Əliyev Su Anbarına 170 min, Uzunoba Su Anbarına 80 min ədəd körpə balıq buraxılmış, Arpaçay Su Anbarında göl balıqçılığının inkişafı üçün imkanlar yaradılmışdır. Dövlət Proqramına uyğun olaraq çəkikimilər və əlvan qızıl xallı balıqçılıq təsərrüfatları yaradılmışdır.
Naxçıvan “Balıqçılıq Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində yeni istehsal sahəsi yaradılmış, muxtar respublikanın su hövzələri üçün müxtəlif balıq sortlarının yetişdirilməsinə başlanılmışdır. Kəngərli rayonunun Qarabağlar kəndində fəaliyyət göstərən “Asnı” forel balıqçılıq təsərrüfatında kürüyetişdirmə laboratoriyası yaradılmışdır ki, burada ötən dövr ərzində 3 milyon 750 min ədəd körpə balıq yetişdirilmiş və ehtiyacı olan digər balıqçılıq təsərrüfatlarına verilmişdir.
Muxtar respublikada yaşıllıqların artırılması, biomüxtəlifliyin qorunması və digər mühüm tədbirlər arıçılığın inkişafına geniş imkanlar yaratmışdır. Belə ki, 2015-ci ilin sonuna muxtar respublikada 70 min 396 arı ailəsi qeydə alınmışdır ki, bu da 2008-ci ildəki müvafiq göstəricidən 41 min 536 ailə çoxdur.
Ümumilikdə, aqrar sahədə aparılan tədbirlər məhsul istehsalının artımına müsbət təsir göstərmiş, 2015-ci ildə 2008-ci ilə nisbətən ət istehsalı diri çəkidə 8658 ton artaraq 25 min 296,6 tona, süd istehsalı 8201,3 ton artaraq 80 min 243,6 tona, yumurta istehsalı 20 milyon 48 min 500 ədəd artaraq 73 milyon 486 min ədədə, bal istehsalı 963,1 ton artaraq 1396 tona, yun istehsalı 114,9 ton artaraq 1009,6 tona çatdırılmışdır.

IV Bölmə: Ərzaq məhsulları istehsalının infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri

Aqrar bölmənin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində 23 yeni investisiya layihəsi, kommunal xidmətlərin həcm və keyfiyyətinin artırılması istiqamətində isə 13 investisiya layihəsi ekspertiza edilərək Dövlət İnvestisiya Layihələrinə daxil edilmişdir. Muxtar respublikada kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi, eləcə də bərk məişət tullantılarının idarə edilməsi məqsədilə tullantıların çeşidlənməsi və emalı sahəsinin yaradılması istiqamətində tədbirlər davam etdirilmişdir.
Yaşayış məntəqələrinin, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı obyektlərinin dayanıqlı elektrik enerjisi təchizatına diqqət artırılmış, 22 meqavat gücündə “Biləv”, 20,5 meqavat gücündə “Arpaçay-1”, 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyaları və 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası tikilmiş, 6 ədəd 110/350 kilovoltluq, 9 ədəd 35/10 və 185 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyaları yenidən qurulmuşdur. Bu tədbirlər çərçivəsində Kəngərli rayonunda 35 meqavolt-amper gücündə transformator yarımstansiyası tikilmiş, 14 kilometr uzunluğunda 110 kilovoltluq, 2 kilometr uzunluğunda 35 kilovoltluq və 27 kilometr uzunluğunda 10 kilovoltluq elektrik verilişi xətləri yenidən qurulmuşdur. Bundan əlavə, 2008-2015-ci illər ərzində 310 ədəd 10/0,4 kilovoltluq yeni transformator yarımstansiyası quraşdırılmış, 628,5 kilometr uzunluğunda 10/0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmişdir. 31,5 kilometr uzunluğunda 10/0,4 kilovoltluq elektrik verilişi xətləri kabel xətləri ilə əvəz edilmiş, 855 ədəd 10/0,4 və 35/10 kilovoltluq güc transformatorları təmir edilmişdir. Bununla bərabər bu dövr ərzində bütün təsərrüfat subyektləri təbii qazla təmin olunmuşlar.
Əhalinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması məqsədilə Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su və kanalizasiya şəbəkəsində işlər tamamlanaraq evlərə su verilmişdir. Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında isə içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilməkdədir.
Muxtar respublikada istilik təchizatının yaxşılaşdırılması istiqamətində yaşayış binaları, inzibati binalar, məktəblər, səhiyyə ocaqları, uşaq bağçaları və onlarla digər obyektlər istilik sistemləri ilə tam təchiz olunmuşdur.
Dövlət Proqramının icrası dövründə muxtar respublikada avtomobil yollarının, o cümlədən kənd­lərarası və kənddaxili yolların yenidən qurulması diqqətdə saxlanılmış, 88 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları və 59 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu beynəlxalq standartlara uyğun tikilmişdir. Ötən dövrdə 57,6 kilometr uzunluğunda Çeşməbasar-Boyəhməd, 16 kilometr uzunluğunda Qıvraq-Püsyan-Xanlıqlar avtomobil yolları, 39,2 kilometr uzunluğunda Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu da yenidən qurulmuşdur. Ümumilikdə, 2008-2015-ci illərdə muxtar respublikada 1157,2 kilometr uzunluğunda yollar yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 53 körpü tikilmiş, 18 körpü bərpa olunmuşdur.
Muxtar respublikada bank xidmətləri növlərinin və onların əhatə dairəsinin genişləndirilməsi istiqamətində yeni bank filialları yaradılmışdır. Naxçıvan şəhəri, Şərur və Culfa rayonlarında yaradılmış bank filialları əhaliyə müxtəlif növ bank xidmətləri təklif etməklə yanaşı, sahibkarların maliyyə resurslarına olan tələbatlarının ödənilməsini də təmin etmişdir.
Poçt xidməti növlərinin və onların əhatə dairəsinin genişləndirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin nəzdində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin 162 poçt şöbə və bölməsi fəaliyyət göstərir ki, bunlardan da 132-si tam avtomatlaşdırılmış, lazımi proqram təminatı ilə təchiz olunmuşdur.
Ötən dövr ərzində informasiya-kommunikasiya sistemlərinin inkişafı və istifadə imkanlarının genişləndirilməsi istiqamətində muxtar respublikaya daxil olan internetin həcmi saniyədə 2 GB-a çatdırılmış, yaşayış məntəqələrinin 98 faizində geniş zolaqlı, 83 faizində isə simsiz internet xidmətləri təşkil olunmuşdur.
“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunacaq məhsulların, həmçinin muxtar respublikada istehsal olunan ixracyönümlü məhsulların reklam olunması, xarici iş adamları ilə əlaqələrin genişləndirilməsi məqsədilə cəmiyyətin internet səhifəsi (www.agronax.az) hazırlanmışdır.

V Bölmə: Meliorasiya və su təsərrüfatının inkişaf etdirilməsi tədbirləri

Torpaq sahələrinin suvarma suyuna olan tələbatının səmərəli ödənilməsi və kənd təsərrüfatı məhsulları istehsalçılarına suvarma suyunun çatdırılması mexanizmi təkmilləşdirilmiş, Uzunoba Su Anbarı əsaslı təmir edilmiş, yeni nasos stansiyaları, subartezian quyuları tikilmiş və ya bərpa olunmuşdur.
Ötən dövr ərzində Şərur rayonunda 0,8 kilometr məsafədə, Kəngərli rayonunun Böyükdüz sahəsində 1 kilometr məsafədə kollektorlar, Xok-Kərki kəndləri arasındakı 200 hektar, Böyükdüz sahəsində 400 hektar, Şərur rayonunun Bəhruz Kəngərli kəndində 230 hektar, Sədərək rayonu ərazisində 300 hektar, Babək və Culfa rayonları ərazisində 2220 hektar sahədə qapalı suvarma şəbəkəsi bərpa olunmuş və ya tikilmişdir. Ordubad rayonunun Yuxarı Əylis və Aşağı Əylis kəndləri suvarma suyu ilə təmin edilmiş, Kəngərli rayonunda “Xok-2” gölü əsaslı təmir edilərək tutumu 700 min kubmetrə çatdırılmışdır.
Muxtar respublikanın sel, subasma təhlükəli zonalarında yaşayan əhalinin və ərazilərin sel və daşqın sularının zərərli təsirindən qorunması üçün Araz çayının Sədərək, Şərur, Kəngərli, Culfa və Ordubad rayonları ərazisindən keçən 38 kilometr məsafəsində mövcud bəndlərin və eroziya təhlükəli sahələrin bərkidilməsi işləri aparılmışdır. Həmçinin Arpaçay, Naxçıvançay, Əlincəçay və Gilançayın hövzələrində selə qarşı tikilən torpaq bəndlərin, selötürücü qurğuların, açıq və qapalı drenaj kanallarının vəziyyəti yoxlanılmış, potensial təhlükəli su anbarlarında bəndlərin təhlükəsizliyinə və hidrotexniki qurğuların fəaliyyətinə nəzarət edilmişdir. Muxtar respublika ərazisindəki bolsulu çayların, sututarların ətrafında sel və daşqınların qarşısının alınması məqsədilə 2350 hektar sahədə meşə meliorativ tədbirləri həyata keçirilmişdir. Araz çayında 36,5 kilometr məsafədə sahilbərkitmə işləri aparılmış, Arpaçayda 15,6 kilometr, Babək rayonunun Qahab kəndində 3,6 kilometr, Cəhri kəndində 3,1 kilometr, Naxçıvançayın isə hər iki sahilində 7,4 kilometr məsafədə istiqamətləndirici bəndlər salınmışdır.
Muxtar respublikanın suvarılan təbii biçənək və qış otlaqlarının sahəsi dəqiqləşdirilmiş, müəyyən olunmuş ərazilərin suvarılması təmin edilmişdir. Sədərək, Şərur, Kəngərli, Babək və Culfa rayonlarının Arazboyu qış otlaq sahələrində su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işlər görülmüş və bununla yanaşı, torpaqların şoranlaşmasının qarşısının alınması məqsədilə mövcud kollektorlarda təmizlik və təmir bərpa işləri aparılmış, 5 kilometrdən artıq yeni kollektor drenaj şəbəkəsi tikilmişdir.
Suvarılan torpaq sahələrinin genişləndirilməsi və su təminatının yaxşılaşdırılması məqsədilə Şərur rayonunda “Qorçulu”, “Həmzəli-1”, “Həmzəli-2” və “Xələc”, Culfa rayonunda “Yaycı-3” və “Kırna”, Şahbuz rayonunda “İşgəsu”, Ordubad rayonunda “Əylis” və Sədərək rayonunda “Sədərək” nasos stansiyalarının istifadəyə verilməsi suvarılan torpaq sahələrinin genişlənməsinə və su təminatının yaxşılaşmasına şərait yaratmışdır. Kəngərli rayonunun 5800 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Uzunoba Su Anbarından 32,2 kilometr uzunluğunda 700 millimetrlik boru ilə suvarma xətti çəkilərək sahənin bir hissəsinə öz axını ilə, bir hissəsinə isə yeni nasos stansiyası tikilməklə 8 kilometr uzunluğunda təzyiqli boru xətti çəkilərək suvarma suyu verilmişdir. Eyni zamanda Araz və Uzunoba su anbarlarından çəkilən suvarma xətlərinin yenidən qurulması nəticəsində əkin dövriyyəsinə qatılmış yeni torpaq sahələrində topoqrafik planaalma işləri aparılmış, torpaq sahələrinin eksplikasiyası tərtib edilmişdir.
Babək rayonunun Nehrəm kəndinin ərazisinə Bənəniyar gölündən suvarma suyunun itkisiz verilməsi üçün 8,3 kilometr uzunluğunda 700 millimetrlik metal boru xətti ilə suvarma suyu verilmiş, “Araz-1”, “Araz-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin bir kilometri yenisi ilə əvəz olunmuş, Nehrəm kəndində yeni nasos stansiyası tikilmişdir.
Muxtar respublikanın rayonlarında su təchizatının daha da yaxşılaşdırılması, Araz çayının səth sularından istifadənin təkmilləşdirilməsi ilə yanaşı, 101 ədəd subartezian quyusu qazılmış, 39 ədəd kəhriz yenidən qurulmuş, 39 ədəd subartezian quyusunda təmir-bərpa işləri aparılmışdır.
Suvаrmаdа suyа qənаətеdici tехnikа və tехnоlоgiyаlаrın tətbiqi məqsədilə əkinçilikdə şırım üsulu, yаşıllаşdırmаdа, gülçülükdə, mеyvəçilikdə, dеkоrаtiv bitkilər yеtişdirilən istiхаnа təsərrüfаtlаrındа və digər sаhələrdə dаmcı üsulu ilə suvаrmа sistеmləri yaradılmış, bu texnologiyanın tətbiqi genişləndirilmişdir.

VI Bölmə: Baytarlıq xidmətinin səmərəliliyinin artırılması tədbirləri

Dövlət Proqramının icrası istiqamətində Naxçıvan şəhəri, Şərur, Babək, Şahbuz, Sədərək rayonlarında yeni baytarlıq laboratoriyaları tikilmiş və ya əsaslı təmir olunmuş, 107 baytarlıq məntəqəsi istifadə­yə verilmiş, maddi-texniki baza gücləndirilmişdir.
Baytarlıq-sanitariya obyektlərinin modernləşdirilməsinin təmin edilməsi məqsədilə ət satışı yerlərində Baytar-Sanitar Ekspertiza laboratoriyaları avadanlıq və ləvazimatlarla təmin olunmuş, kəndlərdəki xidmət mərkəzlərində 81 ət dükanı istifadəyə verilmişdir.
Xarici ölkələrdən xüsusi təhlükəli heyvan xəstəliklərinin keçməsinin qarşısını almaq məqsədilə həmsərhəd ərazilərdə mütəmadi olaraq monitorinqlər keçirilmiş, çaylardan, su tutarlarından nümunələr götürülərək bakterioskopik və bakterioloji yoxlamalardan keçirilmiş, sərhəd zonasında yerləşən yaşayış məntəqələrindəki təsərrüfat subyektlərinə məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanlar, eləcə də ev quşları daim nəzarətdə saxlanılmış, profilaktiki və məcburi peyvəndləmə işləri həyata keçirilmişdir. Eyni zamanda həmin zonalarda mütəmadi olaraq dezinfeksiya və dezinseksiya işləri aparılmışdır.
Hər il mütəmadi olaraq epizootik tədbirlərə uyğun olaraq müxtəlif xəstəliklərə qarşı kənd təsərrüfatı heyvanlarında və ev quşlarında diaqnostiki müayinələr və profilaktiki peyvəndləmə tədbirləri və digər müalicəvi tədbirlər həyata keçirilmişdir.
Özəl baytarlıq xidmətinin inkişafı istiqamətində Naxçıvan şəhərində 3, Şərur rayonunda 4, Babək rayonunda 2, Ordubad və Culfa rayonlarının hər birində 1, ümumilikdə, 11 özəl baytarlıq aptekləri yaradılmışdır. Həmçinin muxtar respublikada sanitariya normalarına uyğun 22 özəl kəsim meydançaları tikilərək baytar həkimlərinin nəzarəti altında fəaliyyəti təmin edilmişdir.

VII Bölmə: Dövlət fitosanitar nəzarətinin səmərəliliyinin artırılması tədbirləri

Bitki mühafizəsi və karantini üzrə ölkə və regional əhəmiyyətli texnoloji reqlament tədbirlərinin və proqramların həyata keçirilməsi istiqamətində ölkə daxilində və xarici ölkələrlə əməkdaşlıq aparılmış, mütəxəssislərin seminarlarda iştirakı təmin edilmişdir.
Muxtar respublikada istehsal edilən bitkiçilik məhsullarının, həmçinin toxumların, ting materiallarının ixracı və analoji məhsulların idxalı zamanı bitki karantin nəzarətinin təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Culfa, Sədərək və Şahtaxtı gömrük-keçid məntəqələrində fəaliyyət göstərən fitosanitar bölmələri müasir texniki vasitələrlə təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin laboratoriyasında kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən mühafizə edilməsi məqsədilə tətbiq edilən pestisidlərin istehsal olunan məhsullarda qalığının müəyyənləşdirilməsi təmin edilmişdir. Bundan əlavə, nazirliyin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsində toxum analizlərinin aparılması məqsədilə müasir tələblərə cavab verən laboratoriya yaradılmışdır.
Əkin sahələrində kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması məqsədilə bitki mühafizə tədbirlərinin vaxtında həyata keçirilməsinə nəzarət edilmiş və mövsüm zamanı pestisidlərin fitosanitar qaydada və aqrotexniki müddətlərdə tətbiq edilməsi üçün fermerlər və torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində istifadə olunan azot və fosfor gübrələrindən nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəricilərinin araşdırılması təmin edilmişdir. Muxtar respublikaya idxal olunan pestisidlərin keyfiyyətinə dövlət nəzarəti həyata keçirilmiş və ötən dövrdə bu istiqamətdə 12 uyğunluq sertifikatı verilmişdir. Özəl fitosanitar xidmətinin yaradılması və onun normal fəaliyyətinin təmin olunması məqsədilə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin pərakəndə satış mağazaları təşkil edilmişdir.

VIII Bölmə: Ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarətin gücləndirilməsi tədbirləri

Ərzaq məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət üzrə beynəlxalq standartlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası istifadəyə verilmişdir.
İstehlakçıların hüquqlarının müdafiəsi və qarşıya çıxan problemlərin vaxtında həlli məqsədilə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində “Qaynar xətt” yaradılmış və daxil olmuş müraciətlər operativ surətdə icra olunmuşdur.
Ötən dövr ərzində muxtar respublikada ərzaq təhlükəsizliyi, geni dəyişdirilmiş və süni qida məhsulları ilə bağlı kütləvi informasiya vasitələrində maarifləndirici tədbirlər həyata keçirilmişdir.
Muxtar respublikada insanların həyat və sağlamlığının qorunması, keyfiyyətli qida məhsulları ilə təmin edilməsi istiqamətində Naxçıvan Şəhər Gömrük İdarəsinin ərazisində Gömrük Ekspertiza İdarəsinin laboratoriyası yaradılmış, daxili bazarın qorunması və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə istehsal və xidmət sahələrində monitorinqlər aparılmışdır.

IX Bölmə: Fövqəladə vəziyyətə hazırlıq və dövlət ərzaq ehtiyatının yaradılması tədbirləri

Ötən dövrdə Naxçıvan şəhərində tutumu 27 min ton olan taxıl anbarında taxılın, muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən soyuducu anbarlarda kənd təsərrüfatı məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə olunması diqqətdə saxlanılmışdır.
Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında və saxlanılmasında yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə sahibkarlar və fermerlər arasında maarifləndirmə və profilaktiki tədbirlər həyata keçirilmiş, mövcud elevator və anbarlarda yanğın-texniki müayinələr keçirilmiş, dövlət televiziyasında və yerli mətbuatda çıxışlar edilmişdir.

X Bölmə: Ərzaq məhsulları istehsalına maliyyə dəstəyinin göstərilməsi tədbirləri

Ötən dövr ərzində Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ərzaq məhsullarının istehsalı üzrə 846 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 42 milyon 856 min manat güzəştli kreditlər verilmişdir. Ümumilikdə, 2008- 2014-cü illər və 2015-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublika iqtisadiyyatının inkişafına kredit qoyuluşu 374 milyon 13 min manat təşkil etmişdir. Kredit qoyuluşlarının 76 milyon 332 min manatı sənaye sahəsinin, 116 milyon 127 min manatı kənd təsərrüfatı sahəsinin payına düşmüşdür. Bu dövr ərzində sığorta işinin də günün tələbləri səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların verilməsi, onların lazımi texnika və mineral gübrələrlə vaxtında və güzəştli şərtlərlə təminatı təşkil edilmişdir. Belə ki, ötən dövr ərzində təsərrüfat subyektlərinə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, eləcə də buğda istehsalçılarının maddi marağının artırılmasına görə 20 milyon 652 min manat, mineral gübrələrlə təminata görə 14 milyon 158 min 400 manat subsidiya verilmiş, güzəştli texnika satışına görə 321 min manatdan artıq vəsait sərf olunmuşdur. Bununla yanaşı, 2015-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına təkrar əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 57 min 800 manat yardım verilmişdir.

XI Bölmə: Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirləri

Beynəlxalq təcrübənin öyrənilməsi və beynəlxalq əlaqələrin inkişafına köməklik məqsədilə xarici ölkələrdə və ölkə daxilində keçirilmiş 189 biznes forum, sərgi və işgüzar görüşdə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən 811 nəfər nümayəndə iştirak etmiş və yerli müəssisələrdə istehsal olunan 22 növdə, 76 çeşiddə məhsulun nümayişi təmin edilmişdir.
2013-cü ildə muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində Naxçıvan şəhərində biznes forumların, işgüzar görüş və konfransların keçirilməsini, həmçinin yerli məhsulların tanıdılmasını və satışının təşkilini təmin etmək məqsədilə Biznes Mərkəzi yaradılmışdır.
2014-cü ildə muxtar respublikada kiçik və orta sahibkarlığın fəaliyyətini stimullaşdırmaq, yüksəkkeyfiyyətli məhsul istehsal etmək və ixracına nail olmaq, yerli istehsal məhsullarının xarici bazarlarda təbliğat və təşviqat işlərini aparmaq, məhsulların qablaşdırılması və daşınması məsələlərini tənzimləmək məqsədilə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
İstehsal olunan məhsullar üzərində ştrixli kodlaşdırma texnologiyaların tətbiqi istiqamətində işlər davam etdirilmiş, müqavilə əsasında 37 yerli istehsalçı şirkət beynəlxalq GS 1 sisteminə daxil edilmiş, 627 yeni ştrixkod verilmişdir.
Dахili bаzаrın qоrunmаsı və istеhlаkçılаrın hüquqlаrının təmin оlunmаsı məqsədilə idхаl olunan məhsullаrın kеyfiyyətinə nəzаrətin gücləndirilməsi, üzərində istеhsаl və sоn istifаdə müddəti, istehsalçısı və məhsulun tərkibi haqqında dolğun məlumat olmayan məhsullаrın gətirilmə istiqаmətlərinin müəyyənləşdirilməsi və qаrşısının аlınmаsı, idхаl və yеrli istеhsаl məhsullаrının pаyının müəyyənləşdirilməsi, dахili bаzаrdа süni qiymət dəyişmələrinin аrаdаn qаldırılmаsı məqsədilə mоnitоrinqlər аpаrılmışdır. Əsas kənd təsərrüfatı məhsullarının qiymətləri, idxalı, topdan və pərakəndə satış bazarları barədə və digər zəruri məlumatları müntəzəm olaraq kənd təsərrüfatı istehsalçılarına çatdırmaq məqsədilə aidiyyəti qurumların internet saytları yaradılmışdır.
Kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı sahəsində fəaliyyət göstərən iş adamları üçün məsləhət, informasiya, peşə hazırlığı və digər növ xidmətləri həyata keçirən biznes tədris mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilmişdir.
Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə cəmiyyətin satış xidməti və rayon bazaları istifadəyə verilmişdir. Ümumilikdə, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 180 ədədi 2015-ci ildə olmaqla, cəmi 1685 ədəd kənd təsərrüfatı texnikası və avadanlıqları muxtar respublikaya gətirilmiş və 1370 ədədi nağd və lizinq yolu ilə məhsul istehsalçılarına satılmışdır. Kənd təsərrüfatı texnikasının istehsalının və təmirinin təşkili istiqamətində kənd təsərrüfatı texnikalarından kotan və kultivatorların istehsalı təmin edilmiş, həmçinin traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarının təmiri həyata keçirilmişdir.
Muxtar respublikada özəl aqroservis müəssisələrinin dəstəklənməsi istiqamətində Şərur rayonunda “Aqrotexservis” Səhmdar Cəmiyyətinin maddi-texniki bazası gücləndirilmişdir.

XII Bölmə: Aqrar sahənin elmi təminatının yaxşılaşdırılması və kadr potensialının yüksəldilməsi tədbirləri

Aqrar sahənin elmi təminatının yaxşılaşdırılması və kadr potensialının yüksəldilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti ixtisasının müasir avadanlıqlarla təchiz olunmuş yeni binası istifadəyə verilmişdir.
Ötən dövrdə elmi-tədqiqat müəssisələrində əsas elmi araşdırmaların istiqamətləri müəyyənləşdirilmiş, təsdiqlənmiş mövzu planları əsasında elmi-tədqiqat işləri aparılmışdır. Elmin müasir sahələrinin, xüsusilə biotexnologiyanın, gen mühəndisliyinin inkişaf etdirilməsi üçün elmi kadrların hazırlanması istiqamətində müvafiq tədbirlər davam etdirilmişdir.
Yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası müasirtipli avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir. Əlavə olaraq bu sahədə yeni müayinə metodlarının istifadəsinin tətbiqi məqsədilə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarına yeni avadanlıqlar alınmışdır.
Dövlət Proqramının icrası dövründə Naxçıvan şəhərində və Şərur rayonunda texniki-peşə və sürücülük məktəbləri, Naxçıvan şəhərində peşə liseyi müasir avadanlıqlarla təchiz olunmuş yeni binalarla təmin edilmiş, Ordubad şəhərində texniki-peşə və sürücülük məktəbi üçün yeni kompleksin yaradılması davam etdirilmişdir. Bu məktəblərdə müxtəlif peşələrlə yanaşı, traktorçu-maşinist ixtisası üzrə də kadrlar hazırlanmışdır.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın ümumiləşdirilmiş təhlili göstərir ki, ötən dövr ərzində bütün sahələrdə dinamik inkişafa, qarşıya qoyulmuş hədəflərə nail olunmuş, yeni istehsal və xidmət sahələri yaradılmış, səmərəli məşğulluq təmin edilmişdir. Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 361 növdə məhsul istehsalı həyata keçirilir, 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Əhalinin etibarlı, ən əsası isə yerli məhsullarla təminatı üzrə görülən işləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR