23 Dekabr 2024, Bazar ertəsi

Son illər muxtar respublikamızın hərtərəfli tərəqqisini özündə əks etdirən, inkişaf və quruculuq ünvanına çevrilmiş Şərur rayonunun siması xeyli dəyişmiş, çoxlu sayda sosial obyektlər, xidmət şəbəkələri, irili-xırdalı onlarla istehsal və emal müəssisələri fəaliyyətə başlamış, yollar, körpülər salınmış, meliorasiya qurğuları istifadəyə verilmişdir. 

Bəli, bu gün Şərur əsl yüksəliş dövrünü yaşayır. Ölkə başçısı tərəfindən imzalanan, icrasına xüsusi diqqət və tələbkarlıqla yanaşılan regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bütün bölgələr kimi, Şərurun da inkişafı özünün yeni müstəvisinə qədəm qoymuşdur. İnsanlar böyük həvəslə qurub-yaradır, sabahlarının bu gündən daha yaxşı olması üçün qüvvələrini əsirgəmirlər.

Respublikamızda iqtisadiyyatın inkişafının təmin edilməsi, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin işə salınması, əhalinin yüksək məşğulluq səviyyəsinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızın bu qədim bölgəsini də əhatə etmişdir.
Rayonda hər il yüzlərlə yeni iş yerləri yaradılır, məhsul istehsalı ilbəil artır, xidmət təşkilatlarının fəaliyyəti genişləndirilir, bu hesaba da əhalinin həyat səviyyəsi yüksəlir. İstehsal olunmuş məhsulların əsas hissəsi kənd təsərrüfatının payına düşür. Tikinti, ticarət, sənaye məhsulları, nəqliyyat, poçt və rabitə xidmətləri sahələrində də göstəricilər əvvəlki ili üstələyir. Göstərilən diqqət və qayğıdan bəhrələnən sahibkarların da bu sahədə xidmətləri çoxdur. Əhalinin gəlirlərinin artması ilə əlaqədar çoxsaylı fərdi yaşayış evləri, yardımçı binalar tikilmiş, digər infrastrukturlar yaradılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildə 537 nəfər daimi işlə təmin olunmuşdur.
Ötən il də rayonun sosial-iqtisadi həyatının bütün sahələri müsbət irəliləyişlərlə müşahidə edilmişdir. Makroiqtisadi göstəricilər rayonun həm iqtisadi, həm də sosial sahələrinin daha dinamik və sürətlə inkişaf etdiyini göstərir. Hər şeydən əvvəl onu qeyd edək ki, son illər rayonda iş üslubu və metodları, təşkilat-idarəetmə məsələləri daha da təkmilləşdirilmiş, adamlarla aparılan iş ön plana çəkilmiş, icra intizamı, tapşırılmış iş üçün məsuliyyət hissi daha da artmışdır. Başlıca diqqət Azərbaycan Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qarşıya qoyduqları vəzifələrin, göstəriş və tövsiyələrin uğurla yerinə yetirilməsinə yönəldilmişdir.
Davamlı xarakter alan sosial obyektlərin tikintisi 2015-ci ildə də davam etdirilmişdir. Şərur şəhərində aviakassa binasının, Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin, Buzxananın, Kürçülüdə, Axaməddə, Kürkənddə və Yuxarı Yaycıda kənd və xidmət mərkəzlərinin, Yengicə kəndində Azərbaycan Vətən müharibəsi əlili üçün üçotaqlı mənzilin, Kürkənddə və Aşağı Aralıqda mərasim yerlərinin, Aşağı Aralıqda dəyirmanın tikintisi başa çatdırılmışdır. Kürkənddə 216, Cəlilkənddə 342, Axaməd kəndində 192, Yuxarı Yaycı kəndində 144, Kürçülü kəndində 234 şagird yerlik məktəb binaları, Cəlilkənddə həkim ambulatoriyası, mədəniyyət evi, kənd və xidmət mərkəzləri istifadəyə verilmişdir. Kənd mərkəzləri üçün inşa olunmuş inzibati binalarda inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyələrin, mədəniyyət müəssisələrinin, poçt, rabitə və baytarlıq xidmətlərinin, polis sahə müvəkkillərinin fəaliyyətinə normal iş şəraiti yaradılmışdır. Ərazilərdə abadlıq, yaşıllaşdırma işləri görülmüş, su xətləri çəkilmiş, elektrik və telefon xətləri, transformator yarımstansiyaları təzələnmiş, yollar əsaslı şəkildə yenidən qurulmuşdur.
Hazırda Şərur şəhərindəki 2 nömrəli tam orta məktəb binasının, Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün tədris korpusunun və yataqxananın, Oğlanqalada kənd və xidmət mərkəzlərinin, tam orta məktəbin, Xanlıqlar kəndində “İmamzadə” kompleksinin və digər obyektlərin tikintisi, yaxud yenidən qurulması işləri davam etdirilir.
Ələkli kəndi ərazisindəki asfalt-beton zavodu və qum-çınqıl karxanası yol təmiri və tikinti işlərinin sürətlənməsinə imkan yaratmışdır. Bunun nəticəsidir ki, ötən il daxili avtomobil yollarında 1 milyon 931 min 339 manatlıq iş görülmüş, 21,2 kilometr uzunluğunda yola asfalt örtük salınmış, 6,7 kilometr yol əsaslı təmir olunmuşdur.
Aparılan genişmiqyaslı yaşıllaşdırma tədbirləri rayonun simasını tamamilə dəyişmiş, ötən il də daxili imkanlar səfərbər edilməklə yeni yaşıllıqlar salınmışdır. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na uyğun olaraq, 15 hektar sahədə yeni meyvə bağı salınmış, 23,2 hektar bağda bərpa işləri aparılmış, ümumilikdə, 52 min ədəd ağac və gül kolu əkilmişdir.
Şərur aqrar rayondur. Burada xeyli münbit torpaq, kifayət qədər suvarma suyu vardır. Mövcud şəraitdən səmərəli istifadə edilməsi nəticəsində ötən ilin də uğurları yüksək olmuşdur. Belə ki, əkinçiliklə məşğul olanlara göstərilən dövlət dəstəyi bu sahəyə marağı daha da artırmış, əkinəyararlı olan bütün sahələrdə müxtəlif kənd təsərrüfatı bitkiləri əkilib-becərilmişdir. Rayon üzrə 28 min 772 ton taxıl, 20 min 357 ton meyvə, 1435 ton üzüm, 28 min 661 ton tərəvəz, 6 min 476 ton bostan məhsulları, 2 min 504 ton dən qarğıdalı, 11 min 43 ton kartof, 4 min ton soğan istehsal olunmuşdur. Kənd və balıqçılıq təsərrüfatlarından götürülən gəlir 111 milyon 465,1 min manat təşkil etmişdir.
İl ərzində xidmət təşkilatlarının, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Qəza vəziyyətində olan elektrik dirəkləri və qaz xətləri təzələnmiş, itkilərin qarşısının alınması, əhalinin dayanıqlı və fasiləsiz elektrik enerjisi, təbii qazla təmin olunması üçün zəruri tədbirlər reallaşdırılmışdır.
Nəqliyyat, informasiya və rabitə sektorunun göstəriciləri də əvvəlki ilin eyni dövrü ilə müqayisədə artmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 6,7 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,1 faiz çoxalmışdır.
Şərurda gedən inkişaf prosesləri, əldə edilən uğurlar bu qədim diyarın sakinlərini sevindirir, gələcəyə inam hissini daha da yüksəldir. Dövlət müstəqilliyimizin bəhrələri Şərurun hər bir guşəsində özünü bariz şəkildə göstərir. Bölgə bu gün abad yaşayış məntəqələri, yolları, bağ-bağçaları, bol məhsul verən əkin sahələri ilə müstəqil Azərbaycan rayonunun canlı nümunəsidir. Bu torpağın hüsnünə tamaşa etdikcə düşünürsən ki, qayğıkeş, zəhmətkeş insanların illərlə davam edən yorulmaz əməyi artıq öz əməli nəticəsini verib. Ümumiyyətlə, rayonda görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə istənilən qədər danışmaq olar. Bunun nəticəsidir ki, insanların düşüncəsinə qurub-yaratmaq ruhu hakim kəsilib. Bu da sözsüz ki, Şərurun daha gözəl sabahlarından xəbər verir. Sosial-iqtisadi uğurlar artdıqca, quruculuq, abadlıq işləri çoxaldıqca, adamların həyat şəraiti də əsaslı surətdə yaxşılaşır.

Cari ildə rayonda həyata keçiriləcək işlərin miqyası daha geniş, həcmi əvvəlki ildəkindən böyük olacaqdır. Şərurlular həyata keçirilən dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün daxili imkanlardan və ehtiyatlardan daha səmərəli istifadə edəcəklər.

Elman Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR