23 Dekabr 2024, Bazar ertəsi

Qış mövsümündə muxtar respublika sakinlərini və şəhərimizə gələn qonaqları fasiləsiz və təhlükəsiz ictimai nəqliyyatla təmin etmək qarşıda duran ən vacib məsələlər sırasındadır. Hər il bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir.
2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar ötən il avqust ayının 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə bununla bağlı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinə də tapşırıqlar verilmişdir. Nazirliyin kollektivi bu istiqamətdə işlərini günün tələbləri səviyyəsində qurmuş, adıçəkilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün var-qüvvə ilə çalışmışdır. Bunun nəticəsidir ki, qış mövsümündə ictimai nəqliyyat xidmətinin göstərilməsində heç bir problem yoxdur.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyindən aldığımız məlumatda daha sonra bildirilir ki, qış mövsümündə əhalinin fasiləsiz və təhlükəsiz nəqliyyatla təmin edilməsi, nəqliyyat-yol kompleksində baş verə biləcək hər hansı çatışmazlığın vaxtında aradan qaldırılması üçün nazirlik, habelə onun tabeliyində və strukturunda olan təşkilatlar tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. Belə ki, Naxçıvan şəhər, Şərur, Culfa, Şahbuz və Ordubad avtovağzallarında, habelə Naxçıvan Avtobus Parkında sərnişindaşıma ilə məşğul olan avtobus, mikroavtobus və taksilərdə daxili qızdırıcı sistemlər işlək vəziyyətə gətirilmiş və avtonəqliyyat vasitələrinin köhnəlmiş şinləri yeniləri ilə əvəz edilmişdir.
Bu gün muxtar respublikamızda müxtəlif tutumlu avtobuslarla sərnişinlərə ictimai nəqliyyat xidməti göstərilir ki, onların da fəaliyyətinə müntəzəm olaraq ciddi nəzarət olunur. Sürücülərin sərnişinlərlə rəftarı, nəqliyyat vasitələrinin texniki və sanitar, gigiyenik vəziyyəti daim nəzarətdə saxlanılır. Sərnişindaşıma ilə məşğul olan bütün avtonəqliyyat vasitələrinin ötən ilin oktyabr-noyabr aylarında texniki müayinədən keçirilməsi işi başa çatdırılmışdır.
Dekabr ayının əvvəllərində keçirilən və sərnişindaşıma ilə məşğul olan sahibkarlar və avtonəqliyyat vasitələri sürücülərinin dəvət olunduqları ikigünlük seminar-müşavirədə qış mövsümündə qarşıya çıxacaq problemlər müzakirə olunmuşdur.
Qarlı və şaxtalı havalarda nəqliyyata olan tələbatın artması nəzərə alınaraq “Naxavtoyol” Dövlət Şirkətində qış mövsümündə işləyəcək avtomaşın və yol texnikasının saz vəziyyətə gətirilməsi işlərinə də diqqət artırılmış, regionumuzda mövcud olan 1473 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yollarına nəzarət artırılmış, yollarda hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, şirkətin balansında olan 12 ədəd avtoqreyder, 29 ədəd özüyükünüboşaldan avtomaşın, 8 ədəd buldozer, 1 ədəd qumsəpən avtomaşın, 3 ədəd ekskavator, 5 ədəd avtoyükləyici və 1 ədəd qartəmizləyən mexanizm tam işlək vəziyyətdədir. Magistral yollarda işləyəcək avtoqreyderlərə asfalt-beton örtüyünün dağılmaması üçün rezin bıçaqlar tədarük edilmiş, avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü diqqət mərkəzində saxlanılmış, tədarük olunan 1000 kubmetrdən artıq qumun yerlərə paylanması işi başa çatdırılmışdır.
Görülən işlərin nəticəsidir ki, muxtar respublikamıza yağan qar və kəskin soyuq hava şəraiti avtonəqliyyat xidmətinin ahəngdar işini poza bilməmişdir. Belə ki, ucqar dağ kəndlərinə gedən yollar da tez bir zamanda qardan təmizlənmiş və istifadə olunacaq vəziyyətə gətirilərək marşrutların fəaliyyəti təmin edilmişdir.
Həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, muxtar respublikamızın nəqliyyat-yol kompleksi qış mövsümünü uğurla başa vuracaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR