2015-ci il ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinin gözlənilməsi istiqamətində bir sıra tədbirlər görülmüş, işdə şəffaflıq prinsipi qorunmuş, müsabiqələrin qanunvericiliyə uyğun olaraq ədalətli rəqabət şəraitində keçirilməsinə nəzarət gücləndirilmişdir.
Muxtar respublikada sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunması ümumi daxili məhsulun həcminin də artmasına səbəb olmuşdur. Həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir ki, özəl sektorun ümumi daxili məhsuldakı payı ildən-ilə artır. Muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğı dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehsalçılarının daha fəal iştirakını təmin etmişdir. Belə ki, satın alınan ərzaq, bərk və yumşaq inventarların və sair məhsulların böyük hissəsi yerli istehsal hesabına ödənilir, aparılan tikinti, təmir-bərpa işlərinin əksər hissəsi yerli şirkətlər tərəfindən icra olunur.
2015-ci il ərzində muxtar respublikada keçirilmiş 101 satınalma müsabiqəsi nəticəsində 1 milyon 216 min 595 manat dövlət vəsaitinə qənaət olunmuşdur.
Xəbərlər şöbəsi