Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üçün yeni bina inşa olunur. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində tikilən yeni binanın inşası “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə edilib. Tikintinin iş icraçısı Baxşəli Mahmudovdan aldığımız məlumata görə, yeni bina zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Binanın zirzəmisində qazanxana, 9 rəssamlıq emalatxanası, anbar yerləşəcək. Birinci mərtəbədə 5 iş otağı, qarderop və direktor otağı inşa edilib. İkinci mərtəbə sərgi zalı üçün nəzərdə tutulub.
Ötən ilin ortalarından inşasına başlanılmış yeni obyektdə tikinti işləri əsasən başa çatdırılıb. Bütün otaqlara alçı çəkilib. Zirzəmidə və birinci mərtəbədə yerə mərmər döşənib. Hazırda ikinci mərtəbədə asma tavan işləri görülür, bina üzlənir, digər tikinti tədbirləri həyata keçirilir.
Xəbərlər şöbəsi