Muxtar respublikada yol-nəqliyyat kompleksi davamlı surətdə inkişaf etdirilir, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilir. Bu sahədə 2015-ci ildə də mühüm işlər görülmüşdür.
“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq, Naxçıvan şəhərinin yol-nəqliyyat infrastrukturu təkmilləşdirilmiş, şəhərdə nəqliyyatın sıx olduğu yerlərdə piyada keçidləri və dayanacaqlar istifadəyə verilmişdir. Şəhərdaxili marşrutlar üçün yeni avtobusların alınıb gətirilməsi də əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltmişdir. Bu il 7 müasir avtobus alınaraq şəhərdaxili sərnişindaşımada istifadəyə verilmiş, Naxçıvan şəhərində əhaliyə 24 saat xidmət göstərən yeni taksi xidməti fəaliyyətə başlamışdır. Artıq günün istənilən vaxtında “288” nömrəsinə zəng etməklə taksi xidmətindən yararlanmaq mümkündür.
Yaşayış məntəqələrinin inkişafı, əhalinin sayının artması, öz növbəsində, nəqliyyat sektorunun da inkişafını, yenilənməsini tələb edir. Ötən dövrdə ucqar dağ kəndlərində nəqliyyat xidmətinin təşkilinə xüsusi diqqət yetirilmiş, Ordubad rayonunun Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinə yeni marşrutlar açılmışdır. Hazırda muxtar respublikada 138 marşrut üzrə xidmət göstərən 303 avtobus və 489 taksi vasitəsilə bütün rayon mərkəzləri və kəndlərə gediş-gəliş təmin edilmişdir. Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə xidmətin günün tələbləri səviyyəsində təşkilinə də diqqət artırılmış, 2 ədəd müasir “MAN Neoplan” markalı avtobus alınaraq xəttə buraxılmışdır. 2015-ci ilin ötən dövründə Naxçıvandan Bakıya 1101 reyslə 45 min 942, əks-istiqamət üzrə isə 45 min 703 sərnişin daşınmışdır. Yeni beynəlxalq marşrutların fəaliyyətə başlaması istiqamətində də müvafiq işlər görülmüş, oktyabr ayından etibarən Naxçıvan-Urmiya-Naxçıvan avtobus marşrutu istifadəyə verilmişdir.
Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinə dövlət nəzarəti etibarlı xidmətin təşkilində mühüm amillərdəndir. Bu istiqamətdə işlər 2015-ci ildə də davam etdirilmiş, 192 fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilmişdir. Hüquqi və texniki cəhətdən standartlara cavab verən 351 avtonəqliyyat vasitəsinə lisenziya kartları, 12 min 145 avtonəqliyyat vasitəsinə isə “Fərqlənmə nişanı” verilmişdir. Həmçinin yol-hərəkət qaydalarına riayət edilməsi ilə bağlı keçirilən reydlər zamanı qanunsuz sahibkarlıqla məşğul olan 227 sürücü müəyyənləşdirilərək müvafiq tədbirlər görülmüşdür. “Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın icrasına da diqqət artırılmış, yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin avtonəqliyyat vasitələrinə baxış keçirilmiş, 1917 nəqliyyat vasitəsinə “İcazə blankı” verilmişdir.
İl ərzində maarifləndirmə işi də davam etdirilmiş, ayda bir dəfə Naxçıvan Avtobus parkında muxtar respublikada sərnişin daşımalarını yerinə yetirən sürücülərin və bu sahədə fəaliyyət göstərən sahibkarların iştirakı ilə tədbirlər keçirilmişdir. Bundan başqa, 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar avtobusların texniki sazlığı mütəmadi yoxlanılmış, qışda tam gücü ilə işləmələri üçün hazır vəziyyətə gətirilmişdir.
Sərnişindaşıma fəaliyyətinin günün tələblərinə uyğun təşkili həm də xidmət mədəniyyətinin yüksəldilməsini şərtləndirir. Bu amil nəzərə alınaraq avtovağzalların fəaliyyəti, eləcə də sürücülərin geyim forması, nəqliyyat vasitələrinin təmizliyi daim nəzarətdə saxlanılır. Avtovağzallarda istilik sistemlərinin sazlığı, iaşə xidmətinin təşkili, nəqliyyat vasitələrinin, xüsusilə axşam saatlarında şəhərdaxili marşrutların qrafik üzrə hərəkəti təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası da təmin edilmişdir. Belə ki, Naxçıvan Dövlət Universitetində Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və Naxçıvan Dövlət Texniki Kollecində Nəqliyyat vasitələrinin texniki istismarı və Yol hərəkətinin təşkili ixtisasları Nəqliyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş, hazırlanmış tədbirlər planına uyğun təhsil müəssisələrində dərslər keçirilmişdir.
Nəqliyyat xidmətinin yüksəldilməsi, avtonəqliyyat vasitələrində, eləcə də avtovağzal və dayanacaqlarda əhalinin rahatlığının təmin olunması məqsədilə görülən işlər növbəti ildə də diqqət mərkəzində saxlanılacaqdır.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti