23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada yeni elektrik stansiyaları tikilib istifadəyə verilir, yarımstansiyaların, elektrik verilişi şəbəkələrinin davamlı fəaliyyəti təmin olunur. Bu sahədə görülən işlərin nəticəsidir ki, elektrik enerjisinə olan tələbat tam daxili istehsal hesabına ödənilir.

2015-ci ildə də muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərin miqyası genişləndirilmişdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyi tərəfindən 2015-ci il üçün energetika proqramı qəbul olunmuş, yeni elektrik stansiyalarının tikintisi və elektrik təsərrüfatının istismar səviyyəsinin yaxşılaşdırılması diqqətdə saxlanılmışdır. Təbii ki, muxtar respublikada yaşayış məntəqələrinin, istehsal müəssisələrinin daimi və dayanıqlı elektrik enerjisi ilə təminatı sahəsində həyata keçirilən tədbirlərin ən əhəmiyyətlisi dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi olmuşdur. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində görülən işlərin tərkib hissəsi olan 20 meqavatlıq Günəş Elektrik Stansiyası uzun illər abonentləri elektrik enerjisi ilə təmin edəcəkdir. Bu gün də muxtar respublikada yeni elektrik stansiyalarının tikintisi diqqətdə saxlanılır. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavatlıq Ordubad Su Elektrik Stansiyası inşa olunur.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması diqqətdə saxlanılmış, yeni transformator yarımstansiyaları qoyulmuş, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilişi və yeraltı kabel xətləri ilə əvəz edilməsi işləri həyata keçirilmiş, stansiya və yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılmışdır. Naxçıvan Modul Elektrik Stansiyasında mövcud olan 10 aqreqat və inzibati bina əsaslı təmir olunmuş, ehtiyat hissələri və yağ tədarük edilmişdir. Araz Su Elektrik Stansiyasının turbinləri də təmir edilmiş, akkumulyator batareyaları yenilənmiş, müasir ölçü cihazları quraşdırılmışdır. Bundan başqa, yeni bina ilə təmin olunan “Araz” yarım­stansiyasında müasir idarəetmə, mühafizə və avtomatika qurğuları quraşdırılmışdır. Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında, Biləv, “Arpa­çay-1”, və “Arpaçay-2” Su Elektrik stansiyalarının da fasiləsiz fəaliyyəti təmin edilmiş və elektrik enerjisi istehsalı rejimə uyğun həyata ­keçirilmişdir.
Energetika proqramına uyğun olaraq energetiklərin iş şəraitinin yaxşılaşdırılması, yüksəkgərginlikli transformator yarımstansiyalarının tikilməsi və elektrik verilişi xətlərinin çəkilişi davam etdirilmişdir. Ötən dövrdə Kəngərli Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmiş, işçilər mütəmadi olaraq mühafizə vasitələri və mövsümə uyğun geyim dəstləri ilə təmin olunmuşlar. Bununla yanaşı, Kəngərli rayonunda 35 meqavolt-amper gücündə “Qıvraq”, 6300 kilovolt-amperlik “Qıvraq nasos” və Babək rayonunda 1260 kilovolt-amperlik “Nehrəm” yarımstansiyaları tikilib istismara verilmişdir. Həmçinin Kəngərli rayonunda istifadəyə verilən yeni sənaye kompleksi üçün 110/10 kilovoltluq 10 meqavolt-amper güclü transformator yarım­stansiyası quraşdırılmışdır. Ümumiyyətlə, 2015-ci il ərzində muxtar respublikanın yaşayış məntəqələrində 44 ədəd 10/0,4 kilovoltluq müxtəlif güclü transformator yarımstansiyaları quraşdırılmış, 84 kilometrlik elektrik verilişi xətti çəkilmiş, 7,5 kilometr hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilmişdir. İl ərzində Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 160 müxtəlif güclü transformator əsaslı təmir olunaraq istismara­ buraxılmışdır.
Payız-qış mövsümünə hazırlıq energetika sahəsində çalışanlar üçün mühüm məsələdir. Buna görə də agentlik tərəfindən hər il payız-qış mövsümünə ciddi hazırlıq işləri görülür. Energetiklər bu il də əhalinin soyuq qış aylarında elektrik enerjisi təminatında heç bir problem yaşamaması üçün vaxtında müvafiq tədbirlər görmüşlər.
2015-ci ildə muxtar respublikada elektrik enerjisindən səmərəli istifadə və israfçılığın qarşısının alınması məqsədilə reydlər keçirilmişdir. Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində smartkarttipli sayğacların quraşdırılması da bu sahədə görülən işlərin mühüm tərkib hissəsidir. İl ərzində 9 min ədəd belə sayğac quraşdırılmışdır. Bütün bunlar elektrik enerjisi itkisinin qarşısının alınmasına səbəb olmuşdur.
Energetika işçiləri daha böyük uğurların əldə olunması üçün yaradılan şəraitdən səmərəli istifadə edəcək, bundan sonra da istehlakçılar keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Agentliyi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR