4-15 mart tarixlərində Naxçıvan Biznes Mərkəzi tərəfindən İqtisadi İnkişaf Nazirliyinin tədris zalında “Pərakəndə və topdansatış ticarət obyektlərində müvafiq işçilərin mövcud ticarət qaydalarının tədrisi” istiqaməti üzrə satıcılar üçün yenidən qısamüddətli təkmilləşdirmə kursu təşkil olunmuşdur.
Təşkil olunan bu cür kurslar istehlakçıların hüquqlarının qorunmasında, eləcə də ticarət obyektlərinin fəaliyyətində mühüm rol oynayır. Ona görə hər bir sahibkar onların təlimləndirilməsində və peşəkarlıq səviyyələrinin artırılmasında maraqlı olmalıdır.
Kursun proqramında satıcı etikası, ticarət psixologiyası, avtomatik identifikasiya kodlarının mahiyyəti, reklam, onun növləri, əmtəə və onun istehlak dəyəri, əmtəələrin markalanması və qablaşdırılması, alıcı-satıcı münasibətləri, əmtəələrin saxlanması rejimi, əmtəələrin keyfiyyət ekspertizası, satış yerinin təşkili, malların qaytarılması və ya dəyişdirilməsi üsulları, malların düzülüşü, təqdim olunması, obyektdə sanitariya qaydaları, ticarət, iaşə və xidmət sahəsində qüvvədə olan qaydalar və onların icrası üzrə məsuliyyət kimi məsələlər əksini tapmışdır.
Təlim kursunda muxtar respublikada fəaliyyət göstərən müxtəlif ticarət obyektlərində çalışan 21 satıcı iştirak etmişdir. 10 gün davam edən kursun iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, Naxçıvan Biznes Mərkəzi tərəfindən satıcılar üçün təşkil edilən təkmilləşdirmə təlim kursları növbəti aylarda da davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti