Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin dördüncü tirajında hədiyyə qazanmış şəxslərlə görüş keçirilib. Tədbirdə vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Nurlan Əliyev nağdsız ödənişlərin aparılması sahəsində görülən işlərdən danışıb. O deyib ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində Vergilər Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir keçirilir. Təkcə 2014-cü il ərzində elektron ödəniş vasitələrindən istifadə edərək ödəniş aparan vətəndaşların ödədikləri məbləğə müvafiq olaraq 223 nəfərə 20 min manatlıq hədiyyə verilib. Bu ilin birinci yarısında muxtar respublika üzrə 200 vətəndaşa 10 min manat dəyərində müxtəlif məişət avadanlıqları təqdim edilib.
Bildirilib ki, seçim zamanı obyektivliyi təmin etmək məqsədilə bir neçə kriteriyaya diqqət yetirilib. Belə ki, yuxarı məbləğdə əməliyyat aparılmasından əlavə, əsas göstərici kimi say etibarı ilə POS-terminallardan daha çox istifadə edən vətəndaşlara üstünlük verilib. Əminliklə demək olar ki, belə tədbirlər əhalidə POS-terminallardan istifadəyə olan marağı daha da artıracaq, nağdsız hesablaşmaların artırılmasına təkan verəcək.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov nağdsız ödənişlərin üstünlükləri və bu sahədə bank orqanlarının apardıqları stimullaşdırıcı tədbirlər barədə məlumat verib. Bildirib ki, 2015-ci ilin yanvar-noyabr ayları ərzində ödəniş alətləri infrastrukturunun genişləndirilməsi diqqət mərkəzində olub. 1 dekabr 2015-ci il tarixə əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı 478-i Naxçıvan şəhərində, 536-sı isə rayon və kənd mərkəzlərində olmaqla, 1014 ədədə çatdırılıb. Nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomat və ödəniş kartlarının sayı da artırılıb. Belə ki, 1 dekabr 2015-ci il tarixə bankomatların sayı 55-i Naxçıvan şəhərində, 43-ü isə rayon və kənd mərkəzlərində olmaqla, 98 ədəd təşkil edib. Ödəniş kartlarının sayı muxtar respublika üzrə 221 min 405 ədədə çatdırılıb ki, bu da hər iki nəfərdən birinin ödəniş kartı ilə təmin edilməsi deməkdir. İnfrastruktur imkanlarının genişlənməsi eyni zamanda nağdsız ödəniş həcminin artmasına da mühüm təsir göstərib. Əgər 2014-cü il ərzində muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 12 milyon 513 min manat, o cümlədən Naxçıvan şəhəri üzrə 8 milyon 536 min manat təşkil edirdisə, 2015-ci ilin on bir ayı ərzində muxtar respublika üzrə bu göstərici 16 milyon 640 min manat olub ki, bunun da 9 milyon 13 min manatı Naxçıvan şəhərinin payına düşüb. Cari ilin yanvar-noyabr ayları ərzində muxtar respublika sakinləri tərəfindən aparılmış nağdsız ödənişlərin 9 milyon 778 min manatı POS-terminallar üzərindən, 6 milyon 861 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev çıxış edərək “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin dördüncü tirajında hədiyyə qazanmış şəxslər və hədiyyələrin müəyyən edilməsi haqqında qısa məlumat verib. Rəşad Əliyev deyib ki, vergi və bank orqanlarının əməkdaşlarının iştirakı ilə yaradılmış komissiya tərəfindən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin dördüncü tirajında hədiyyə qazanmış şəxslərin sayı muxtar respublikamızın bütün şəhər və rayonlarını əhatə etməklə 198, o cümlədən Naxçıvan şəhəri üzrə 42 nəfər müəyyən olunub. Komissiya tərəfindən bank orqanlarından 1 iyul 2015-ci il tarixdən 1 dekabr 2015-ci il tarixədək nağdsız ödəniş aparan şəxslər barədə müvafiq məlumatlar əldə edilib.
Sonra Naxçıvan şəhər sakini olan 42 nəfərə müxtəlif hədiyyələr təqdim olunub.
Məlumat üçün bildirək ki, həmin gün Şahbuz rayonunda da analoji tədbir keçirilib, 21 nəfər rayon sakininə hədiyyələr verilib.
Səbuhi Hüseynov