Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 277 milyon 226 min 200 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 10,9 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,2 faiz artaraq 647,7 manata (825,3 ABŞ dollarına) çatmışdır.
* * *
2013-cü ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 140 milyon 695 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 13,8 faiz üstələmişdir.
* * *
Bu ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 151 milyon 658 min manat həcmində investisiya yönəldilmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 9,8 faiz və ya 13 milyon 566 min manat artmışdır.
* * *
Qeyd olunan dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 7 milyon 954 min manata yaxın olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 6 milyon 818 min manat olmaqla, bir il öncəki göstəricini 6,2 faiz üstələmişdir.
* * *
2013-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 11 milyon 535 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 5,9 faiz üstələmişdir. Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 2,9 min ton ət (diri çəkidə), 4,6 min ton süd, 14 milyon 319 min ədədə yaxın yumurta istehsal edilmiş, 2012-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 5 faiz, süd istehsalı 2,3 faiz, yumurta istehsalı 9 faiz artmışdır.
* * *
Cari ilin yanvar-fevral aylarında muxtar respublikada əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz artaraq 224 milyon 495 min manat, onun hər bir nəfərə düşən həcmi isə 10 faiz yüksələrək 524,6 manat təşkil etmişdir. Bu dövr ərzində hesabat ayının sonuna əhali əmanətlərinin ümumi həcmi 6 milyon 405 min 300 manata çatmışdır.
* * *
Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2013-cü ilin yanvar-fevral aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 371,5 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artmışdır.
* * *
1 mart 2013-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 18484-ə çatmışdır ki, bunun da 15463-ü və ya 83,7 faizi aktiv hesablardır. 2013-cü ilin yanvar-fevral ayları ərzində açılmış 1434 bank hesabının hamısı aktiv hesab olmuşdur.
* * *
2013-cü ilin yanvar-fevral aylarında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 48 milyon 956 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 6,8 faiz artaraq 34 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 19 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.
* * *
Bəhs olunan dövrdə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 8 milyon 119 min manat həcmində kreditlər verilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 42,3 faiz çoxdur.
* * *
1 mart 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8757 nəfər və ya 2,1 faiz artaraq 428707 nəfər təşkil etmişdir. 2013-cü ilin yanvar-fevral aylarında 1804 körpə doğulmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 nəfər çoxdur.