Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli Fərmanı ilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Bununla bağlı oxucularımızı məlumatlandırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyevlə həmsöhbət olduq:
– Vergi Məcəlləsinə edilmiş dəyişikliklər hansı zərurətdən irəli gəlib?
– Bu gün Azərbaycan iqtisadiyyatı yeni istiqamətlərlə inkişaf edir. Məhz ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi və bu sahənin inkişafının stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən geniş istifadə olunur. Büdcəmizin sosialyönümlülüyünün saxlanılması, kiçik və orta sahibkarlara göstərilən dövlət qayğısının artırılması, ümumi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər büdcəyə vergi daxilolmalarının artırılmasını tələb edir. Ona görə də vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması, Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi ilə bağlı qanun layihələri Milli Məclisdə geniş müzakirə olunduqdan sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidənyayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir.
– Məcəlləyə edilmiş dəyişikliklər, əsasən, nədən ibarətdir?
– Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sırasında ilk olaraq fiziki şəxslərin əməkhaqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsini göstərmək olar. Belə bir faktı qeyd etmək istərdim. Bu gün qüvvədə olan qanunvericiliyə əsasən, əməkhaqqı 250 manatdan yuxarı olan müəllimlər güzəşt çıxılmadan vergiyə cəlb olunduqları üçün onların əməkhaqqından vergi tutulurdu. Nəticədə, onlar əməkhaqqı məbləği 250 manata qədər olan müəllimlərdən daha aşağı əməkhaqqına malik olurdular. Bu da, təbii ki, narazılıqlar yaradırdı. İndiki dəyişikliklər isə bunu aradan qaldırmağa hesablanmışdır. Belə ki, vergi qanunvericiliyində buna qədər qüvvədə olan güzəşt məbləğinin aylıq gəlirləri 250 manatadək olan şəxsləri əhatə edirdisə, artıq dəyişiklikdən sonra bu rəqəm, yəni aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur və nəticə etibarilə bundan sonra işçi əməkhaqqı artımından tam bəhrələnəcəkdir. Sözügedən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əməkhaqlarının leqallaşmasını təşviq edəcək.
Dəyişikliklərin mühüm bir qismi sadələşdirilmiş vergi sistemi ilə bağlıdır. 1 yanvar 2016-cı il tarixdən ƏDV qeydiyyatına alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən aylarında əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. İndiyədək bu rəqəm 120.000 manatadək məbləği əhatə edirdi. Vergi Məcəlləsinə edilmiş digər bir dəyişiklik odur ki, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda həmin fəaliyyət ilə məşğul olan şəxslərə satış dövriyyəsindən əldə etdiyi ümumi hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcəkdir. Satış dövriyyəsi 200.000 manatdan aşağı olan bütün digər sahibkarlıq subyektləri, o cümlədən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri isə yenə də əvvəlki qaydada, yəni muxtar respublikamızın bütün şəhər və rayonlarında vergilərini 2 faiz dərəcə ilə ödəyəcəklər.
– Rəşad müəllim, Vergi Məcəlləsində mühüm dəyişikliklərdən biri də daşınmaz əmlakın satılmasından əldə edilən gəlirlərin vergiyə cəlb olunmasının yeni üsulla hesablanmasıdır. Bu barədə nə deyə bilərsiniz?
– Gələn ildən mənzillərin, fərdi evlərin ilkin və təkrar bazarda satışı yeni qaydalarla vergiyə cəlb olunacaqdır. Belə ki, yeni dəyişikliklə bundan sonra yaşayış və qeyri-yaşayış təyinatlı sahələri satan şəxslər indiki kimi satış qiyməti hesabı ilə deyil, əmlakın sahəsinə, yəni kvadratmetrə görə sadələşdirilmiş vergi ödəyəcəklər. 1 yanvar 2016-cı il tarixdən 1 kvadratmetr üçün hesablanacaq verginin baza məbləği ölkə üzrə 15 manat təşkil edəcək. Bu məbləğə satılan əmlakın yerləşməsindən asılı olaraq zona əmsalı tətbiq olunacaq. Belə ki, Naxçıvan şəhəri üzrə 1,2 əmsalı (hər kvadratmetr üçün 18 manat), rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə 0,5 əmsalı (hər kvadratmetr üçün 7,5 manat) tətbiq ediləcək.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə daşınmaz əmlakın təqdim edilməsi (satılması) üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyindən sadələşdirilmiş verginin tutulması, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bəyannamənin vergi orqanına təqdim edilməsi nəzərdə tutulur. Məsələn, vətəndaş satış qiymətindən asılı olmayaraq, Naxçıvan şəhərində yerləşən binada 100 kvadratmetrlik mənzili satarkən 1800 manat, Babək rayonunun Şıxmahmud kəndi ərazisində yerləşən 100 kvadratmetrlik evini satarkən 750 manat vergi ödəyəcək.
– Aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi üçün qəbul edilmiş qərarlar geniş əks-səda doğurub. Bu dəyişikliklər barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik...
– Ölkə ərazisində aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi və həmin malların alqı-satqısı zamanı hesablaşmaların nağdsız qaydada aparılması qaydalarının müəyyən edilməsi və həmin qaydaların tələblərini pozan şəxslərin İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları barədə müddəalar Vergi Məcəlləsinə də daxil edilib. 1 yanvar 2016-cı ildən İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manata kimi olan aksizli malların (spirtli içkilərin) nağd qaydada satılması inzibati xəta kimi müəyyən edilib. Bu sahədə xəta törətmiş şəxslərə 100 manat dəyərində inzibati cərimə məbləği tətbiq olunacaqdır.
Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manatdan 1000 manatadək olan aksizli malların nağd qaydada satışı, habelə külli miqdarda (1000 manatdan yuxarı) satışı, belə malların satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alınması cinayət məsuliyyəti yaradır ki, bu halda da bu qanun pozuntusuna yol vermiş şəxslər 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. Qeyd edək ki, tütün məmulatlarının topdansatışı da bu qanunun əhatə dairəsinə düşür.
Bu gün muxtar respublikamızda aksizli malların plastik kartlarla satışı üçün şəhər və rayon ərazilərində yerləşən ticarət obyektlərində lazımi potensial mövcuddur. Vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, onlardan istifadə olunmasının nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işləri mütəmadi diqqətdə saxlanılır. Aksizli malların nağdsız qaydada satışı nağdsız ödənişlərin stimullaşdırılmasına müsbət təsir göstərəcək.
– Rəşad müəllim, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılması da nəzərdə tutulubmu?
– Məlumat üçün bildirim ki, dəyişikliyə əsasən, nağd pul əməliyyatlarının aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyaları bütün sahibkarlıq subyektləri üçün artırılmayıb. Artım ancaq dövriyyəsi 200.000 manatdan çox olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə şamil olunacaq. Çünki onlar ƏDV ödəyicisi kimi qeydiyyata alınmadıqları təqdirdə hüquqi şəxslər ƏDV, mənfəət və əmlak vergisi, fiziki şəxslər isə ƏDV və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Dövlətin bu məsələdə həmin sahibkarlara güzəştə getməsinin əsas məqsədi ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövriyyələri 200.000 manatı aşdığı təqdirdə belə, əldə etdikləri gəlirlər üzrə vergi uçotunun sadələşdirilmiş qaydada aparılmasına və dövriyyələrin şəffaflaşdırılmasına nail olmaqdan ibarətdir.
Yeni qaydalara görə, təqvim ili ərzində vergi hüquqpozmalarına birinci dəfə yol verən belə şəxslərə 2000 manat, ikinci dəfə 4000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.Ticarət və ictimai iaşə sektorlarında çalışan və dövriyyəsi 200.000 manatadək olan sadələşdirilmiş vergi ödəyiciləri və dövriyyəsi 200.000 manatdan artıq olan, lakin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyən şəxslərə vergi hüquqpozmalarına yol verdikləri təqdirdə, yenə əvvəlki kimi 400, 800 və 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
İnanırıq ki, muxtar respublika ərazisində fəaliyyət göstərən hər bir vergi ödəyicisi qanunla müəyyən edilmiş vergilərin və başqa dövlət ödənişlərinin tam həcmdə və vaxtında ödənilməsini təmin etməklə bu cür inzibatçılıq tədbirləri ilə üzləşməyəcəklər. Bununla da, onlar muxtar respublikamızın büdcə daxilolmalarına öz töhfələrini vermiş olacaqlar.
Muxtar Məmmədov