Havaların dəyişməsi təbii olaraq heyvanat aləminə də öz təsirini göstərir. Xüsusilə qış aylarında ərazilərin qalın qarla örtülməsi qida təminatının azalmasına səbəb olur. Bu da heyvanların başqa ərazilərə miqrasiyasına, nəsil artımının azalmasına və sonda məhvinə gətirib çıxarır.
Yem çatışmazlığı nəticəsində bəzi gəmirici heyvanlar istər qış, istərsə də yaz aylarında yem tapa bilmədiklərindən yeni əkilmiş fidanların, tinglərin gövdələri ilə qidalanaraq onları sıradan çıxarırlar. Bütün bunlar nəzərə alınaraq heyvanat aləminin qış fəslində qidaya olan tələbatının yaxşılaşdırılması məqsədilə muxtar respublikada biotexniki tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu tədbirlər müəyyən edilmiş təbiət ərazilərinə müxtəlif qida məhsullarının paylanmasını əhatə edir. Nəzərə alsaq ki, muxtar respublika ərazisindəki fauna ehtiyatlarının 25 faizdən çoxu Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”na daxil edilmişdir, onda bu tədbirin əhəmiyyəti daha da artır.
Muxtar respublikamızda 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilmiş müşavirədə də qış mövsümündə faunanın mühafizə edilməsi və biotexniki tədbirlərin keçirilməsi barədə tapşırıqlar verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dekabr-mart aylarında heyvanat aləminin kompleks yaşadığı ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, yeni salınmış yaşıllıq sahələrində biotexniki tədbirlərin keçirilməsinə başlanılmışdır. Dekabr ayının əvvəllərindən başlayaraq yağan qar dağlıq ərazilərdə 60 santimetrə çatmışdır ki, bu da biotexniki tədbirlərə başlanılması zərurəti yaratmışdır. Ötən həftə ərzində Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı və “Arpaçay” Dövlət Təbiət Yasaqlığı ərazilərində biotexniki tədbirlər keçirilmiş, ərazilərə tərəvəz məhsulları, buğda, arpa, qaba yem, daşduz və digər qida məhsulları paylanmışdır. Həmin ərazilərə yaxın yaşayış məntəqələrində, Şahbuz rayonunun Külüs, Keçili, Daylaqlı, Sələsüz, Şərur rayonunun Dizə kəndlərində qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılmış, yoxlama-reydlər keçirilmişdir.
Heyvanat aləminin qorunması üçün onların qida ehtiyatının yaradılması mühüm və əhəmiyyətli tədbirlər olduğundan bu işlər qış fəsli boyunca tədbirlər planında nəzərdə tutulmuş təbiət ərazilərində davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti