Tarixin bütün dövrlərində torpaq və onunla bağlı münasibətlər istənilən cəmiyyətdə əsas, həlledici amillərdən biri olub və istehlak olunan maddi nemətlərin mənbəyi kimi torpağa yanaşma bütövlükdə dəyişməyib. Müasir dövrdə isə torpaq bu funksiyanı nəinki sosial-iqtisadi, həm də sosial-siyasi və beynəlxalq münasibətlərdə qoruyub saxlayır.
1996-cı ildə “Torpaq islahatı haqqında” Qanunun qəbul olunması, ümummilli lider Heydər Əliyev tərəfindən muxtar respublikamızın Gal və Şurud kəndlərində təməli qoyulmuş islahatların ölkə üzrə aparılması kənd təsərrüfatında yeni mülkiyyət münasibətlərinin formalaşmasına təkan vermişdir. İslahatların sosial məzmunlu olması və ümumi rifaha xidmət etməsi sonrakı mərhələlərdə aqrar sahənin dinamik inkişafını təmin etmişdir. Torpağa qayğıkeş yanaşma, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, istehsalçıların maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması və kənd təsərrüfatının iqtisadi artımın başlıca hərəkətverici qüvvəsinə çevrilməsi məhz bu islahatların nəticəsidir.
Torpaq islahatından sonra Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər və torpağa bağlı kənd adamlarının fədakarlığı nəticəsində əkin sahələri və bu sahələrdən əldə olunan məhsul dəfələrlə artmışdır. Yeni ixtisaslaşmış təsərrüfat sahələrinin yaradılması nəticəsində əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi istiqamətində xeyli uğurlar əldə edilmişdir. Əkin sahələrinin genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına maliyyə yardımlarının göstərilməsi, güzəştli şərtlərlə gübrə və yanacaq verilməsinin təşkil olunması, əlverişli vergi mexanizminin tətbiqi, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcminin ilbəil artmasına səbəb olmuşdur. Belə ki, əgər torpaq islahatından bir il öncə muxtar respublika üzrə cəmi əkin sahəsi 25 min 477 hektar təşkil edirdisə, 2015-ci ildə əkin sahələri 61 min 414 hektara qədər artırılmışdır.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi və 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması aqrar sahənin inkişafı istiqamətində görülən işləri sürətləndirmişdir. Torpaqlardan səmərəli istifadə olunması, daxili bazarın qorunması, investisiyaların cəlb olunması, tələbata uyğun keyfiyyətli məhsul istehsalının dəstəklənməsi qəbul edilmiş dövlət proqramlarında öz əksini tapmışdır. Bu proqramlar çərçivəsində muxtar respublikada genişmiqyaslı layihələrin həyata keçirilməsi – taxıl anbarlarının və soyuducu anbarların tutumunun artırılması, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının istifadəyə verilməsi, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının hərtərəfli inkişafına əlverişli şərait yaratmışdır.
Dövlət ərzaq ehtiyatlarının yaradılmasının təşkili və onların səmərəli idarə olunması, fövqəladə hallara yüksək səviyyədə hazırlığın təmin edilməsi üçün tutumu 27 min ton olan uzunmüddətli və 43 min 400 ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi istifadəyə verilmişdir.
Ölkənin iqtisadi və sosial sabitliyinin, dövlətin iqtisadi təhlükəsizliyinin zəmanəti olan etibarlı ərzaq təminatının yaradılması məqsədilə görülən işlərin davamı olaraq dövlət ehtiyat fondu və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması, suvarılan sahələrin ərazilərinin genişləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 2015-ci ilin avqust-noyabr ayları ərzində Naxçıvan şəhəri üzrə 202, Babək rayonu üzrə 461, Kəngərli rayonu üzrə 2026 hektar əkinəyararlı torpaq sahəsi xəritələşdirilmiş və əkin dövriyyəsinə cəlb edilməsi üçün aid orqanlara göndərilmişdir.
Müasir irriqasiya sistemlərinin, kollektor-drenaj şəbəkələrinin və nasos stansiyalarının, yeni suvarma boru xətlərinin istifadəyə verilməsi, kəhrizlərin təmir olunması nəticəsində “Kənd təsərrüfatı ili”ndə muxtar respublikada 6 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmiş, 2220 hektar torpaq sahəsində müasir suvarma sistemi qurularaq böyük iqtisadi əhəmiyyəti olan Vayxır sol sahil suvarma və drenaj şəbəkəsi istifadəyə verilmişdir.
Başa vurmaqda olduğumuz 2015-ci il muxtar respublikamız üçün “Kənd təsərrüfatı ili”nin yekunlaşması ilə yanaşı, həm də birbaşa bu sahənin inkişafı ilə bağlı olan iki mühüm dövlət proqramının icrasının uğurla başa çatması ilə yadda qalır. Əhalinin güzəranının yaxşılaşmasında, daxili bazarda yerli məhsulların xüsusi çəkisinin artmasında dövlət proqramlarının rolu danılmazdır. “Kənd təsərrüfatı ili”ndə həyata keçirilən tədbirlər isə perspektiv istiqamətlər üzrə aqrar sektorun inkişafına və dövlət proqramlarının icrasına əlavə stimul yaratmaqla, bütövlükdə, sosial-iqtisadi inkişafın dayanıqlılığının artmasına mühüm töhfələr vermişdir.
Aqrar sahəyə qayğının davamlı xarakter alması və aparılan uğurlu aqrar siyasətin nəticəsi olaraq cari ilin yanvar-oktyabr ayları ərzində 327 milyon 267 min manatdan artıq həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 9,5 faiz üstələmişdir.
Kəndlərdə əhalinin məskunlaşmasına, məşğulluq səviyyəsinin artırılmasına xidmət edən kənd təsərrüfatı həm də muxtar respublikamızda sənayenin əsas sahələri olan yüngül və yeyinti sənayesinin xammal bazasıdır. Son illərdə qida mənşəli sağlamlıq problemlərinin sürətlə yayılması ərzaq təhlükəsizliyində məhsulların keyfiyyətinə daha çox diqqət yetirilməsini tələb edir. Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün keyfiyyət standartlarına diqqət edilmədən intensiv üsullarla həyata keçirilən məhsul istehsalı ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm bir problemə çevrilmişdir. Bu baxımdan muxtar respublikamızda müəyyən edilmiş keyfiyyət standartlarında əhalinin əsas qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə yerli istehsal hesabına ödənilməsini təmin etmək üçün ardıcıl işlər görülür. Qəbul olunmuş dövlət proqramlarının icrası aqrar istehsalın inkişafında yeni mərhələ olmaqla yanaşı, bu sahənin inkişafında əvəzsiz rola malik olan torpaqdan düzgün və səmərəli istifadəni də günün tələbinə çevirmişdir.
Adambaşına düşən ümumi torpaq fondunun ilbəil azalması məsələnin nə qədər ciddi olduğundan xəbər verir. Torpaq fondunun azalması yeni sənaye obyektlərinin, istehsal müəssisələrinin yaradılması, yaşayış məntəqələrinin hüdudlarının genişlənməsi və əhalinin artımı ilə əlaqədar olsa da, kənd təsərrüfatına yararlı torpaq sahələrinin və əkinəyararlı torpaqların azalması səbəbini təkcə bu amillə bağlamaq düzgün olmazdı. Bu azalmada torpaqların mühafizəsi, meliorativ vəziyyəti, təbii proseslərə məruz qalması, çirklənməsi və nəhayət, istifadəsində yol verilən nöqsanlar da mühüm rol oynayır. Elə buna görə də torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, istehsalat və məişət tullantıları, kimyəvi və radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi, mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi, torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi kimi hərəkətlərdən çəkinməlidirlər. Vətəndaşlar bilməlidir ki, qeyd olunan əməllərin törədilməsi torpaqlardan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə və qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Torpaqlardan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş rejimə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpağı daha da məhsuldar edir. Torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə uyğun olaraq həyata keçirmək daim diqqətdə saxlanılmalıdır. Torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanları, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq, torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək torpaq üzərində hüquqlarını həyata keçirən hər bir mülkiyyətçinin, istifadəçinin və icarəçinin başlıca vəzifəsi olmaqla bərabər, həm də hər birimizin vətəndaşlıq borcumuzdur. Çünki perspektiv inkişafın təmin edilməsi, əhalinin ərzaq tələbatının daha dolğun ödənilməsi bu gün sahib olduğumuz torpaqların mühafizə edilməsindən, ondan səmərəli istifadə səviyyəsindən asılıdır. Torpaqlardan səmərəli istifadə istiqamətində həyata keçirilən işlər təkcə bu günümüzə deyil, eləcə də gələcəyimizə hesablanmış iqtisadi və sosial siyasətin tərkib hissəsidir. Dünyanın bir çox ölkələrində kənd təsərrüfatı siyasətinin ekoloji siyasətlə paralel aparılması isə heç də təsadüfi deyil. Torpağın qorunması həm də ətraf mühitin qorunmasıdır.
Torpağı digər istehsal vasitələrindən fərqləndirən ən üstün cəhət daim istehsal prosesində qalması və ondan səmərəli istifadə olunduqda daha da münbitləşməsidir. Bu baxımdan bütün mülkiyyət növləri üzrə əkinəyararlı torpaqlardan məqsədyönlü istifadə edilməsi əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib şərtlərdəndir.
Nurlan FƏTƏLİYEV
Naxçıvan Muxtar Respublikası Daşınmaz
Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı