Cari ildə də Kəngərli rayonu ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb. Rayon mərkəzində Təhsil Şöbəsi, Uşaq-Gənclər Şahmat Məktəbi, Elektrik Şəbəkəsi üçün yeni binalar və “Qıvraq” elektrik yarımstansiyası tikilərək istifadəyə verilib. Bu tədbirlərin davamı olaraq Qıvraq qəsəbəsində yeni Ticarət-İaşə və Bazar Kompleksinin tikintisi başa çatdırılıb, qəsəbə məscidi əsaslı təmir olunub.
Kompleks quruculuq tədbirlərindən rayonun Yurdçu kəndinə də pay düşüb. Belə ki, adıçəkilən yaşayış məntəqəsində orta məktəb binası, kənd və xidmət mərkəzləri üçün binaların tikintisi başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kəngərli Rayon İdarəsinin kollektivi tərəfindən inşa edilən obyektlərdə hazırda son tamamlama işləri görülür.
Adıçəkilən idarənin iş icraçısı Hicran Əliyevin bildirdiyinə görə, inşaat işlərinə başlanmasından ötən müddətdə ikimərtəbəli kənd məktəbi yenidən qurulub, binaya daha bir mərtəbə əlavə edilib, yeni korpus inşa olunub. 270 şagird yerlik məktəb binasında 15 sinif otağı, üç elektron lövhəli sinif, laboratoriyalar, şahmat otağı, idman zalı, kompüter otağı var. Yeni məktəb binasında yaradılmış şərait tədrisin müasir tələblər səviyyəsində qurulmasına imkan verəcək.
Məktəb binasının yanında inşa edilən ikimərtəbəli kənd mərkəzinin birinci mərtəbəsi ATS, poçt, polis sahə müvəkkili, kitabxana, tibb və baytarlıq məntəqələri üçün nəzərdə tutulub. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kənd bələdiyyəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı yerləşdirilib.
Yurdçuda inşa edilən xidmət mərkəzi üçün binada isə dərzi, bərbər, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, Yurdçu kəndi də daxil olmaqla Kəngərli rayonunun 1 qəsəbə və 10 kəndinin hamısında müasir infrastruktur yaradılıb, yeni məktəb binaları, kənd və xidmət mərkəzləri, səhiyyə ocaqları inşa edilib.
Xəbərlər şöbəsi