“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazası gücləndirilmiş, dəmir yolu nəqliyyatı sistemi müasir tələblər səviyyəsində qurulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı”nın icrası da bu sahənin hərtərəfli inkişafını təmin etmişdir. Proqrama uyğun olaraq muxtar respublikanın dəmir yolu nəqliyyatı sisteminin inkişafı, yol infrastrukturunun genişləndirilməsi və xidmətin səviyyəsinin yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür.
Proqramda nəzərdə tutulan daşınma təsərrüfatı üzrə tədbirlər uğurla yerinə yetirilmişdir. Belə ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası 2012-ci ildə yenidən qurularaq istifadəyə verilmiş, binada müasir iş şəraiti yaradılmış və maddi-texniki baza möhkəmləndirilmişdir. Daşımaların səmərəli təşkili məqsədilə Vəlidağ stansiyasında yükləmə, Qarabörk stansiyasında isə yükboşaltma meydançaları yaradılmışdır. Bu sahədə görülən işlər çərçivəsində Culfa stansiyasında “Naxçıvanterminalkompleks” Birliyi üçün 258 paqonometr uzunluğunda yeni dəmir yolu xətti çəkilmişdir. Naxçıvan stansiyasında isə 220 paqonometr uzunluğunda əlavə dəmir yolu xəttinin çəkilməsi “Gəmiqaya Daş Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə xammalın daşınması işini asanlaşdırmışdır.
Culfa sərhəd-keçid stansiyası ərazisində də yenidənqurma işləri vaxtında başa çatdırılmış, kontakt şəbəkələri, elektrik və rabitə sistemləri yenilənmiş, Culfa dartı yarımstansiyasının binası əsaslı təmir olunmuşdur. Ötən müddət ərzində Naxçıvan, Ordubad, Şərur və Şahtaxtı stansiyalarında yolların və elektrik mərkəzləşdirmə qurğularının texniki vəziyyəti yaxşılaşdırılmış, qatarların təhlükəsiz və maneəsiz hərəkəti təmin edilmişdir. Proqramın icrası çərçivəsində 2012-ci ildə Culfa lokomotiv deposu, Lokomotiv Briqadalarının İdarəetmə Mərkəzi, yanacaq və material anbarı binaları, 2013-cü ildə Naxçıvan yanacaq anbarının qarajı və inzibati binası, 2014-cü il dekabrın 26-da isə İnfrastruktur İdarəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, Culfa, Qarğalıq, Qıvraq və Naxçıvan dartı yarımstansiyalarında aparılan təmir işləri başa çatdırılmışdır. Ordubad dəmiryol sərnişin vağzalı binasının və idarəetmə mərkəzinin tikintisi isə hazırda davam etdirilir.
Proqramda nəzərdə tutulan icrası vacib məsələlər sırasında hərəkətin təhlükəsizliyinin təmin olunması, qatarların hərəkət sürətinin artırılması, yolların əsaslı təmiri və yenidən qurulması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Ötən müddətdə qarşıya qoyulan bu vəzifələrin də icrasına nail olunmuş, yol təsərrüfatı müasir tələblər səviyyəsində qurulmuş, körpü və keçidlər təmir olunmuş, yeni dəmir yolu keçidləri və istinad divarları inşa olunmuş, yuyulmaya məruz qalan ərazilərdə sahilbərkitmə işləri aparılmışdır. Yolların əsaslı təmiri və yenidən qurulması işlərinin səmərəli təşkili üçün maşın-mexanizmlərin alınıb gətirilməsi də diqqətdə saxlanılmışdır. Bəhs olunan dövrdə yeni kran qurğulu avtomobil, ekskavator və özüboşaldan yük avtomobili, eləcə də yollarda baş verən nasazlıqların aşkarlanması üçün yolölçən defektoskop aparatı alınıb istismara verilmişdir. 2011-2015-ci illər ərzində aparılan yenidənqurma və təmir işləri zamanı 20 mindən çox şpal, 5 dəst yoldəyişdirici tir yenisi ilə əvəz edilmişdir.
Bu dövrdə teplovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi, lokomotiv və vaqon təsərrüfatının maddi-texniki bazasının və iş şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılmışdır. Bu vəzifələrin icrası məqsədilə lokomotivlərin və vaqonların əsaslı təmiri ilə əlaqədar lazımi ehtiyat hissələri alınmış, təkər cütləri təmir edilərək istismara verilmişdir. Təkər cütlərinin dəyişdirilməsi üçün xüsusi qurğu alınıb gətirilməsi də texniki xidmətin keyfiyyətini artırmışdır. Ötən müddət ərzində 2 sərnişin vaqonunun əsaslı, 8 sərnişin vaqonunun isə depo təmiri başa çatdırılmış, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilmişdir.
İdarəetmə, rabitə və telekommunikasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, elektrik təchizatının yaxşılaşdırılması qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsində mühüm amildir. Bu istiqamətdə işlərin icrası da diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan dəmir yolunun Salamməlik-Sədərək hissəsində optik lifli rabitə xətti çəkilmiş, mövcud rabitə avadanlıqları müasir texnologiyalara əsaslanan simsiz rabitə şəbəkəsinə qoşulmuşdur. Bu tədbirlərin davamı olaraq hazırda Ordubad, Culfa, Naxçıvan, Şahtaxtı və Şərur stansiyalarında elektrik mərkəzləşdirmə avadanlıqları müasirləşdirilir, rele və bloklar yenisi ilə əvəz olunur. Həyata keçirilən tədbirlər dəmir yollarında və xidməti ərazilərdə baş verə biləcək fövqəladə və qəza hallarının vaxtında aradan qaldırılmasına imkan verir.
Muxtar respublikada dəmir yolu nəqliyyatı sisteminin idarə olunması, eləcə də yenidənqurma işlərinin həyata keçirilməsi üçün ixtisaslı kadrların hazırlanmasına da xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı bu sahədə işlərin daha səmərəli təşkilinə şərait yaratmışdır. Ötən müddət ərzində sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər görülmüş, təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin tədris və təcrübə keçməsi təmin edilmişdir. Bu məqsədlə ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə müasir tədris bazası formalaşdırılmışdır. Naxçıvan Dövlət Universitetində müvafiq ixtisas üzrə auditoriya yaradılmış və lazımi əyani dərs vəsaitləri ilə təmin olunmuşdur. Universitetin Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə 2-ci kursu bitirmiş 9 tələbəsi müqavilə yolu ilə 105 gün müddətinə istehsalatda əmək fəaliyyətini, 5 tələbə isə istehsalat təcrübəsini uğurla başa vurmuşdur. Hazırda Naxçıvan Dövlət Texniki Kollecində Nəqliyyatda daşımaların təşkili ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Ötən dövrdə kollecin maddi-texniki bazası gücləndirilmiş, tədrisin keyfiyyəti yaxşılaşdırılmışdır. Hazırda “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 mühəndisi Naxçıvan Dövlət Universitetində, 2 əməkdaş isə Naxçıvan Dövlət Texniki Kollecində tələbələrin bu peşəyə dərindən yiyələnməsi üçün bilik və bacarıqlarını əsirgəmirlər. Bu sahədə çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması da diqqət mərkəzində saxlanılır. 2011-2015-ci illər ərzində 14 dəmiryolçu Naxçıvan Regional Peşə-Tədris Mərkəzində orta ixtisas peşə kursunu müvəffəqiyyətlə bitirmişdir.
Göründüyü kimi, “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı” bu sahədə inkişafın əsas istiqamətlərini müəyyənləşdirən mühüm dövlət sənədidir. Ötən müddət ərzində proqramda icrası nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirilmiş, dəmir yolu nəqliyyatı sisteminin inkişafı təmin olunmuş və əhaliyə göstərilən xidmətin səviyyəsi daha da yüksəldilmişdir.
“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyəti