23 Dekabr 2024, Bazar ertəsi

 Ümummilli lider Heydər ƏLİYEV: İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə  yetirilsin.


Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Uzun illər ərzində Naxçıvan blokada şəraitində yaşayır və bu blokada bu gün də davam edir. Amma buna baxmayaraq Naxçıvan yaşayır, Naxçıvan inkişaf edir, Naxçıvanda böyük quruculuq işləri aparılır və Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir.  


Naxçıvan Muxtar Respublikası bu gün özünün intibah dövrünü yaşayır. Bu intibahın təməlində ötən 20 ildə həyata keçirilən tədbirlər xüsusi rol oynamış, iqtisadiyyat şaxələndirilmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, səmərəli məşğulluq təmin edilməklə əhalinin maddi rifah halı yaxşılaşdırılmış, ümumilikdə, bütün sahələrin dinamik inkişafı təmin edilmişdir. Muxtar respublikada ümumi inkişafı əks etdirən ümumi daxili məhsul istehsalı 1995-ci illə müqayisədə 56 dəfə artaraq 2 milyard 465 milyon 757 min manatı üstələmişdir. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 42 dəfə artaraq 5577 manatı ötmüşdür.
Sənayenin üstün inkişafını nəzərdə tutan müasir iqtisadiyyatın formalaşmasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin yaradılması mühüm əhəmiyyət daşıyır.
Muxtar respublikada sənayenin əsas hissəsini təşkil edən emal sənayesində çörəkbişirmə, şəkər, mineral su, spirtli içkilər, siqaret, pivə, plastik qapı və pəncərə, plastik su boruları, sement, hörgü və döşəmə üçün kərpic, üzlük daş, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə, avtomobil və onlarla digər istehsal sahələri yaradılmışdır.

Elektroenergetika sahəsində də genişmiqyaslı tədbirlər görülmüş, yeni istehsal sahələri yaradılmış, infrastruktur yenilənmiş, enerji təhlükəsizliyi təmin edilmişdir. Ötən dövr ərzində 87 mVt gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 22 mVt gücündə Biləv Su Elektrik Stansiyası, 20,5 mVt gücündə “Arpaçay-1” Su Elektrik Stansiyası, 20 mVt gücündə Naxçıvan Günəş Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 mVt gücündə su elektrik stansiyası, 1,4 mVt gücündə “Arpaçay-2” Su Elektrik Stansiyası tikilmiş, 60 mVt gücündə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası yenidən qurulmuş, hazırda Ordubad rayonunda 36 mVt gücündə Ordubad Su Elektrik Stansiyasının inşası davam etdirilir. Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək”. Əgər 1995-ci ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 8-ə çatdırılmış, elektrik enerjisi istehsalı 1995-ci ilə nisbətən 4 dəfə artaraq 400 milyon kilovat-saatı ötmüşdür.
2005-ci ilin sonundan başlayaraq muxtar respublikada təbii qazın nəqlinin bərpası enerji təhlükəsizliyimizin təminatında mühüm rol oynamış, bütün təsərrüfat subyektləri fasiləsiz təbii qazla təmin olunmuşdur.
Mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulması, yeni müəssisələrin yaradılması nəticəsində muxtar respublikada ötən 20 il ərzində 385 müəssisə fəaliyyətə başlamışdır. Əgər 1995-ci ildə muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 56 olmuşdursa, hazırda bu göstərici 8 dəfə artaraq 441-ə çatmışdır.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, cari ildə 316 milyon 402 min ABŞ dollarından artıq həcmdə sənaye məhsulu ixrac olunmuşdur.
Muxtar respublikanın dinamik inkişafının təmin edilməsində investisiyaların cəlbi xüsusi rol oynamaqdadır. 1996-cı ildən muxtar respublikada iqtisadi və sosial sahələrə 6 milyard 696 milyon 469 min manat həcmində investisiya yönəldilmişdir.
1996-cı ildən bu günə kimi muxtar respublikada 278 inzibati bina, mənzil təsərrüfatı üzrə 48 obyekt, 56 nasos stansiyası, 291 subartezian quyusu, 100 körpü, 198 elm və təhsil müəssisəsi, 260 mədəniyyət müəssisəsi, 197 səhiyyə müəssisəsi, 25 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 470 fərdi ev, 819 istehsal və xidmət obyekti və digər obyektlər tikilərək, 258 inzibati bina, mənzil təsərrüfatı üzrə 637 obyekt, 114 nasos stansiyası, 111 subartezian quyusu, 62 körpü, 158 elm və təhsil müəssisəsi, 160 mədəniyyət müəssisəsi, 56 səhiyyə müəssisəsi, 19 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 21 fərdi ev və digər obyektlər yenidən qurulmuşdur.
Muxtar respublikada yaşayış məntəqələrinin abadlaşdırılması, həmin yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində ötən dövr ərzində 4 qəsəbə və 125 kənd mərkəzi istifadəyə verilmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. Cari ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 370 min 878 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci ildəki göstərici ilə müqayisədə 22,1 dəfə çoxdur.
Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması da diqqətdə saxlanılmaqdadır. Ötən dövrdə muxtar respublikada mövcud kaptajlar, içməli su xətləri bərpa olunmuş, yeni kaptajlar tikilmiş, içməli su xətləri çəkilmişdir. Bu işlərin davamı kimi cari ildə Naxçıvan şəhərində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılmış, hazırda Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi üzrə işlər davam etdirilməkdədir.
Muxtar respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hissə və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Həmçinin etibarlı ordu quruculuğu istiqamətində ötən dövr ərzində 200 obyekt, o cümlədən 19 qərargah binası, səfərbərlik və hərbi xidmətə çağırış, hərbi prokurorluq orqanları və hərbi hissələrin bölük mərkəzləri üçün 14 bina, 32 zabit və əsgər yataqxanası, 20 yeməkxana, 22 yaşayış binası, 5 tədris binası, 1 tam orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 6 tibb məntəqəsi, 3 klub və 72 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, yeni xidməti avtomobillər, yük maşınları və digər nəqliyyat vasitələri alınmış, maddi-texniki baza daha da möhkəmləndirilmişdir.
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsi məqsədilə aqrar sahədə mühüm tədbirlər həyata keçirilməkdədir.
Ötən dövr ərzində qəbul edilmiş 2005-2010-cu illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə, 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair və 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatı sahəsinin dinamik inkişafına təkan vermişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların verilməsi, onların lazımi texnika və gübrələrlə vaxtında, güzəştli şərtlərlə təminatı məhsul istehsalının artımı üçün böyük stimul yaratmışdır. Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.
Bu dövr ərzində torpaq sahələrinin meliorativ cəhətdən münbitləşdirilməsi və suvarma suyuna olan tələbatın səmərəli ödənilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Su Anbarı istifadəyə verildikdən sonra Babək rayonunda 4364 hektar, Culfa rayonunda 2311 hektar, Şahbuz rayonunda 244 hektar, ümumilikdə isə 6919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmiş, su anbarı vasitəsilə suvarılan torpaqların sahəsi 16830 hektara çatdırılmışdır. Arpaçay və Uzunoba su anbarlarında əsaslı təmir işləri başa çatdıqdan sonra Şərur, Sədərək, Babək və Kəngərli rayonlarında suvarma işləri daha da yaxşılaşdırılmışdır.
Bu istiqamətdə davam etdirilən tədbirlər “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ildə də diqqətdə saxlanılmışdır. 2015-ci ilin məhsulu üçün muxtar respublikada 61 min 414 hektar sahədə əkin işləri aparılmışdır ki, bu da 1995-ci ilin məhsulu üçün əkilmiş sahədən 2,4 dəfə çoxdur.
Aparılmış məqsədyönlü tədbirlər nəticəsində 2015-ci ildə muxtar respublikada 106 min 282 ton taxıl, 82 min 16 ton tərəvəz, 45 min 43 ton kartof, 38 min ton bostan məhsulları, 66 min 465 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki göstəriciləri müvafiq olaraq 4,5 dəfə, 63,1 dəfə, 112,5 dəfə, 95 dəfə və 3,5 dəfə üstələmişdir.
Aqrar sektorda nəzərdə tutulan işlərin keyfiyyətlə yerinə yetirilməsi, sahibkarların əməyinin yüngülləşdirilməsi, onların lazımi texnika və avadanlıqlarla vaxtında və güzəştli şərtlərlə təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Hazırda cəmiyyətin satış xidməti və rayon bazaları fəaliyyət göstərir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 180 ədədi 2015-ci ildə olmaqla, ümumilikdə, 1685 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. Gətirilmiş texnika və avadanlıqlardan 1370 ədədi torpaq mülkiyyətçilərinə nağd və lizinq yolu ilə satılmışdır.
Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2015-ci ildə 7 istixana təsərrüfatı, tutumu 480 ton olan 2 soyuducu anbar yaradılmışdır. Ümumilikdə, muxtar respublikada istixana komplekslərinin ümumi sahəsi 100 min kvadratmetrə, soyuducu anbarların sayı 22-yə, tutumu isə 12 min 730 tona çatdırılmışdır.
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Daxili bazarda məhsul bolluğunun yaradılmasında, əhalinin keyfiyyətli heyvandarlıq məhsullarına olan tələbatının dolğun şəkildə ödənilməsində baytarlıq xidmətinin mühüm rolu vardır. Son illər baytarlıq idarələri və laboratoriyaları üçün müasir avadanlıqlarla təchiz olunmuş yeni binalar tikilmiş, bu sahədə kadr hazırlığı üzrə müvafiq işlər görülmüşdür.
Maldarlığın cins tərkibini yaxşılaşdırmaq məqsədilə muxtar respublikaya 1937 baş, o cümlədən 89 baş “Şvis”, 535 baş “Simmental” və 1313 baş “Holştin-friz” cinsindən olan damazlıq boğaz düyələr gətirilərək lizinq yolu ilə sahibkarlara verilmişdir. Cari ilin ötən dövrü ərzində muxtar respublikada süni yolla mayalandırılmış mal-qaralardan 3223 baş sağlam bala alınmışdır.
Muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 109,4 min baş, qoyun və keçilərin sayı 662,8 min baş təşkil etmişdir ki, bu da 1 yanvar 1996-cı il tarixə olan göstəriciləri müvafiq olaraq 2 dəfə və 2,4 dəfə üstələmişdir.
Ötən 20 il ərzində kənd təsərrüfatının mühüm sahələrindən olan quşçuluğun inkişafı müntəzəm olaraq dəstəklənmiş, 64 quşçuluq təsərrüfatı yaradılmışdır. Muxtar respublikada quşçuluq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi yaradılmışdır. Balıqçılığın inkişafı da diqqətdə saxlanılmış, 14 balıqçılıq təsərrüfatı istifadəyə verilmişdir.
Həyata keçirilən məqsədyönlü tədbirlər məhsul istehsalının artımına təsir göstərmiş, 1995-ci ilə nisbətən cari ildə kəsilmiş çəkidə ət istehsalı 2,5 dəfə artaraq 13812 tona, süd istehsalı 2,3 dəfə artaraq 80243,6 tona, yumurta istehsalı 1,9 dəfə artaraq 73486 min ədədə, yun istehsalı isə 1,9 dəfə artaraq 1009,6 tona çatdırılmışdır.
Arıçılığın inkişafı ilə əlaqədar dövlət maliyyə dəstəyinin həcmi xeyli artırılmış, balın emalı və qablaşdırılması ilə məşğul olan yeni istehsal sahələri istifadəyə verilmişdir. 2015-ci ilin sonuna muxtar respublikada 70 min 396 baş arı ailəsi mövcud olmuşdur ki, bu da 1996-cı ilə nisbətən 8,8 dəfə artmışdır. 2015-ci ildə muxtar respublikada 1396 ton bal istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki müvafiq göstəricini 14,5 dəfə üstələmişdir.
Kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə sahibkarlığa dəstək məqsədilə təkcə cari ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən məhsul istehsalçılarına 19 milyon 604 min manat və yaxud 1995-ci illə müqayisədə 116,4 dəfə çox kredit verilmişdir.
Kənd təsərrüfatı sahəsinin inkişafı ixracın həcminə də müsbət təsir göstərmiş və cari ildə muxtar respublikadan 96 milyon 518 min ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.
Muxtar respublikada ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində ötən 20 ildə 16 min 541 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 10 milyona yaxın ağac və bəzək kolları əkilmişdir. Hazırda muxtar respublikanın ümumi ərazisinin 12 faizini yaşıllıqlar əhatə edir. 1990-cı ilin əvvəllərində isə bu göstərici 0,6 faiz həddində olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair “Qırmızı kitab”ların hazırlanması sayı azalmaqda olan növlərin qorunub saxlanılmasına və artırılmasına, xüsusi qaydada mühafizə edilməsinə geniş təminat yaratmışdır.
Muxtar respublikada nəqliyyat sahəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Son 20 ildə muxtar respublikada 3675 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuş, 5 yeni avtovağzal kompleksi, 100 körpü tikilmiş, 62 körpü əsaslı təmir olunmuşdur. Yeni yolların çəkilməsi, müasir xidmət imkanlarına malik avtovağzalların tikilməsi, şəhərdaxili və kəndlərarası marşrutlarda iritutumlu və rahat avtobusların istifadəyə verilməsi xidmətin səviyyəsini yüksəltmişdir. Muxtar respublikada 303 avtobusla rayon mərkəzlərinə və kəndlərin hamısına gediş-gəliş təmin edilmişdir. Ötən dövrdə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin də maddi-texniki bazası möhkəmləndirilmiş, müasir Avtobus Parkı istifadəyə verilmişdir. Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə təkcə 2015-ci ildə Naxçıvan şəhərində yeni taksi xidməti fəaliyyətə başlamış, 7 ədəd yeni avtobus marşruta buraxılmışdır.
Ötən dövrdə “Bakı-Naxçıvan-Bakı” marşrut xəttinin fəaliyyətinin təmini və qonşu ölkələrlə sərnişindaşıma xidmətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Cari ildə daxili və beynəlxalq sərnişindaşıma xidmətini daha da yaxşılaşdırmaq məqsədilə 2 ədəd iritutumlu avtobus alınaraq muxtar respublikaya gətirilmişdir.
Muxtar respublikada hava nəqliyyatının inkişafı istiqamətində yeni aerovağzal kompleksi tikilib istifadəyə verilmiş, Naxçıvan hava limanı beynəlxalq status qazanmışdır. Ötən dövr ərzində Naxçıvan Beynəlxalq Hava Limanında yeni inzibati bina, əhaliyə göstərilən xidmətlərin səviyyəsini daha da yaxşılaşdırmaq, təyyarə uçuşlarının təhlükəsizliyini tam təmin etmək məqsədilə “Şərq Terminalı” istifadəyə verilmiş, hazırda “Qərb Terminalı”nda yenidənqurma işləri davam etdirilir. Bundan əlavə, ötən dövr ərzində Şərur və Ordubad şəhərlərində aviakassa binaları istifadəyə verilmişdir. Digər tərəfdən dəmir yolu nəqliyyatının inkişafı istiqamətində Naxçıvan, Şərur, Şahtaxtı, Culfa sərnişin vağzalı binalarında, Naxçıvan, Dərəşam, Nehrəm, Vəlidağ, Qıvraq, Dəstə, Şahtaxtı, Culfa stansiyaları idarəetmə mərkəzlərində, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında və onlarla digər inzibati və yardımçı binalarda əsaslı təmir işləri aparılmışdır.
İnformasiya və kommunikasiya texnologiyaları bu gün cəmiyyətin bütün sahələrini əhatə edir. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da bu sahəyə daim diqqət və qayğı göstərilir, informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir.
Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizində genişzolaqlı internet, 83 faizində isə simsiz internet xidmətləri göstərilir. Muxtar respublikaya daxil olan internet kanalının sürəti 512 kb/san-dən 2 gb/san-dək artırılmış, internet xidmətlərinin tarifləri aşağı salınmışdır.
Muxtar respublikanın yaşayış məntəqələrində rəqəmsal televiziya yayımını təmin edən 6 güclü, 43 azgüclü televiziya vericisi istifadəyə verilmiş, bütün yaşayış məntəqələrində sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilmişdir. Bundan əlavə, Naxçıvan şəhərinin, Şərur, Babək, Şahbuz və Sədərək rayonlarının ərazilərində internet televiziyasının yayımı təşkil edilmiş, əhaliyə Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır.
Duzdağ Radio-Televiziya Verici Stansiyasında 7 ədəd güclü DVB-T2 standartında rəqəmsal televiziya vericiləri istifadəyə verilmiş, bu xidmət vasitəsilə 67 televiziya pro­qramının yayımı, Naxçıvan Dövlət Televiziyasının isə ölkədə ilk olaraq yüksəkkeyfiyyətli HD formatda yayımlanması təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikasında “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası muxtar respublikada informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron sənəd dövriyyəsinin tətbiqinə və digər xidmətlərin göstərilməsinə geniş imkanlar yaratmışdır. Hazırda muxtar respublikada 4-cü nəsil LTE şəbəkə sisteminin yaradılması üzrə işlər davam etdirilir.
Son dövrlər muxtar respublikada iqtisadi islahatların aparılması, dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi, azad sahibkarlı­ğın inkişafı üçün əlverişli şəraitin yaradılması, ümumilikdə, iqtisadiyyatın davamlı inkişafına və əhalinin güzəranının yaxşılaşmasına səbəb olmuşdur.
Muxtar respublikada iş adamlarının maraqlarını müdafiə etmək və sahibkarlığın inkişafına dəstək vermək, səmərəli idarəolunmanı təşkil etmək, sahibkarlara göstərilən xidmətləri və informasiya təminatını yaxşılaşdırmaq məqsədilə 18 yanvar 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası yaradılmışdır. Bundan başqa, Naxçıvan şəhərində biznes forumların, işgüzar görüş və konfransların keçirilməsini, həmçinin yerli məhsulların tanıdılmasını və satışının təşkilini təmin etmək məqsədilə Biznes Mərkəzi istifadəyə verilmişdir.
2015-ci ildə muxtar respublikada bank və kredit təşkilatları tərəfindən iqtisadiyyatın bütün sahələri üzrə təsərrüfat subyektlərinə 67 milyon 90 min manat həcmində kreditlərin verilməsi təmin edilmişdir ki, bu da 1995-ci ildəki müvafiq göstəricidən 268 dəfə çoxdur.
Yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində cari ildə muxtar respublikada 17 hüquqi və 2525 fiziki şəxs qeydiyyata alınmış, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87,3 faiz təşkil etmişdir.
Yerli istehsal sahələrinin inkişafı nəticəsində 2015-ci ildə muxtar respublikada 361 növdə məhsul istehsal olunmuşdur. Bu məhsulların 119 növü ərzaq, 242 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 236 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 343 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
İnsanların həyat tərzinə, ümumilikdə, iqtisadiyyatın dinamik inkişafına birbaşa təsir göstərən sığorta sisteminin fəaliyyətinin daha da yaxşılaşdırılması üzrə muxtar respublikada müvafiq tədbirlər həyata keçirilməkdədir. Muxtar respublikada cari ildə bütün sığorta növləri üzrə daxilolmalar 6 milyon manatdan artıq olmuşdur ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələyir.
Ötən 20 il ərzində muxtar respublikada bank sektorunun inkişafı istiqamətində mühüm işlər yerinə yetirilmiş, bu sahədə infrastruktur yenilənmişdir. Pul əməliyyatlarını nağdsız həyata keçirmək məqsədilə 1014 POS-terminal istifadəyə verilmişdir. Muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 52844-ə çatmışdır ki, bunun da 48304-ü və ya 91,4 faizi aktiv hesablardır.
Yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialını artırmış, idxalın həcmini isə azaltmışdır. Muxtar respublikada ilk dəfə olaraq 2009-cu ildə xarici ticarətdə müsbət saldo yaranmışdır. 1995-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 2015-ci ildə 26 dəfə, o cümlədən ixracın həcmi 213 dəfə artmış, cari ildə xarici ticarətdə 332 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.
Muxtar respublikada sosial-mədəni infrastruktur obyektlərinin inşası və yenidən qurulması, iqtisadi sahələrdə yeni layihələrin həyata keçirilməsi, öz növbəsində, yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır.
Naxçıvan Muxtar Respublikasında əmək bazarının tənzimlənməsində və əhalinin səmərəli məşğulluğunun təmin edilməsində 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi və 2014-2015-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının uğurlu icrası mühüm rol oynamışdır. Belə ki, 1996-cı ildən bu günə kimi muxtar respublikada 85861 yeni iş yeri açılmışdır ki, bunun da 59090-ı və ya 68,8 faizi daimi iş yerləridir. Əgər 1995-ci ilin sonuna məşğulluq xidmətlərində rəsmi işsiz statusu alanların sayı 5211 nəfər təşkil edirdisə, hazırda bu göstərici sıfır səviyyəsinə endirilmiş, əmək bazarında sabitlik təmin edilmişdir.
İqtisadi sahədə qazanılmış uğurlar sosial­yönümlü layihələrin həyata keçirilməsinə geniş imkanlar yaratmışdır.
Ötən dövr ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması Naxçıvanın tarixini, arxeologiyasını, etnoqrafiyasını və təbii ehtiyatlarını öyrənməyə geniş şərait yaratmış, keçirilən beynəlxalq konfrans və simpoziumlarda dinlənilən məruzələr elmi mühitin canlanmasına və inkişafına böyük təsir göstərmişdir. Ötən illər ərzində ikicildlik “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan tarixi atlası” kitabları nəşr olunmuşdur.
Naxçıvanın tarixinin dərindən araşdırılması və əhatəli öyrənilməsi məqsədilə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 6 avqust tarixli Sərəncamı ilə üçcildlik “Naxçıvan tarixi”nin hazırlanmasına başlanılmış, həmin əsərin I cildi 2013-cü ildə, II cildi 2014-cü ildə nəşr olunmuş, III cildinin isə yekunlaşdırılması işləri davam etdirilir.
Təhsil sahəsində ötən dövr ərzində mühüm işlər görülmüş, “Naxçıvan” Universiteti 1999-cu ildə, Naxçıvan Müəllimlər İnstitutu müstəqil institut kimi 2003-cü ildə fəaliyyətə başlamışdır. Naxçıvan Dövlət Universitetində yeni tədris korpusları, “Naxçıvan” Universiteti üçün universitet şəhərciyi istifadəyə verilmiş, Naxçıvan Müəllimlər İnstitutunun yerləşdiyi bina yenidən qurulmuşdur.
Muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üzrə ixtisaslı kadrların yetişdirilməsi əsas şərtdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı bu sahəyə kompleks şəkildə yanaşmanı təmin etmiş, ixtisaslı kadrların hazırlanmasına geniş imkanlar yaratmışdır.
Son 20 ildə 19 məktəbəqədər təhsil müəssisəsi, 176 ümumtəhsil müəssisəsi tikilmiş və ya yenidən qurulmuş, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir.
Muxtar respublikanın ümumtəhsil məktəblərində 1 yanvar 1996-cı il tarixdə 1 dəst kompüterdən 75 şagird istifadə etmişdirsə, hazırda hər 12 şagird bir dəst kompüterlə təmin olunmuşdur. Ümumtəhsil məktəblərində istifadədə olan 3801 dəst kompüterin 3253-ü və ya 85,6 faizi internetə qoşulmuş, təhsilin keyfiyyətlə aparılması məqsədilə 600-dən çox elektron lövhə quraşdırılmışdır.
Təhsilin səviyyəsinin daha da yüksəldilməsi, texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi yaradılmışdır.
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu mənada mühüm əhəmiyyətə malikdir. Dövlət proqramına uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir. Mərkəzdə server və çevirici avadanlıqlar quraşdırılmış, tədris sinfinə intellektual-elektron lövhə, kompüter, smart kamera, monitor və digər avadanlıqlar qoyulmuşdur. Hazırda muxtar respublika üzrə sağlamlıq imkanı məhdud 23 uşaq distant təhsilə cəlb edilmiş, onların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və vebkameralar quraşdırılmışdır.
“Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq ötən dövr ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılmışdır ki, bu da şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə maraqlarının artmasında mühüm rol oynayır.
Ötən dövr ərzində muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı öz bəhrəsini vermişdir. Əgər 1995-1996-cı tədris ilində ümumtəhsil məktəblərini bitirmiş 3512 məzundan 1301 nəfəri ali təhsil müəssisələrinə qəbul üçün sənəd vermiş və onlardan 401 nəfəri müxtəlif ali təhsil ocaqlarına daxil olmuşdusa, 2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərini 3331 məzun bitirmiş, onlardan 2638 nəfəri ali məktəblərə sənəd vermiş, 1582-si tələbə adını qazanmışdır. Məzunlardan 36-sı xüsusi təyinatlı ali hərbi məktəblərə qəbul olmuş, ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə sənəd verən məzunlardan isə 310-u tələbə adını qazanmışdır. Həmçinin 2015-ci ildə muxtar respublikanın ümumtəhsil məktəblərindən 977 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün sənəd vermiş və onlardan 251-i liseyə qəbul olmuşdur. Cari ildə muxtar respublikanın ümumtəhsil məktəbi məzunlarından bir nəfəri ən yüksək nəticə göstərmiş, 500-700 arası bal toplayanların sayı 313 nəfər təşkil etmişdir. Müqayisə üçün qeyd etmək olar ki, 1995-1996-cı tədris ilində bu göstərici 5 nəfər olmuşdur.
Uşaqların, yeniyetmələrin, gənc­lərin mənəvi və fiziki inkişafını, onların müxtəlif yaradıcılıq tələbatını təmin etmək məqsədilə ötən dövr ərzində muxtar respublikada 14 məktəbdənkənar müəssisə və 26 uşaq musiqi məktəbi tikilmiş və ya yenidən qurulmuşdur.
Bu dövr ərzində texniki-peşə və orta ixtisas təhsili müəssisələrində infrastruktur yenilənmiş, Şərur Texniki-Peşə və Sürücülük Məktəbi, Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbi, Naxçıvan Regional Peşə Tədris Mərkəzi, Naxçıvan Peşə Liseyi, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Texniki Kolleci üçün müasir binalar istifadəyə verilmişdir.
Muxtar respublikada tarixi-mədəni irsin qorunması, təbliği diqqətdə saxlanılmış, mədəniyyət obyektlərinin inşası və bərpası davamlı xarakter almışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında”, “Nuh peyğəmbərin Naxçıvan şəhərində məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında”, “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” və digər sərəncamlar tarixi abidələrimizə, maddi-mənəvi dəyərlərimizə, inanc yerlərimizə diqqət və qayğının ən gözəl nümunələridir.
Ötən 20 il ərzində milli dəyərlərimizlə bağlı “Naxçıvan tikmələri”, “Naxçıvan milli geyimləri”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan xalçaçıları”, “Naxçıvan mətbəxi” kulinariya kitabı, “Azərbaycan xalçaları: Naxçıvan qrupu”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan-Şərur el yallıları” kitabları çap edilmişdir.
Muxtar respublikada kitabxana işinin müasir standartlar səviyyəsində qurulması və elektron kitabxanaların yaradılması sahəsində işlər davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidməti yaradılmışdır.
Muxtar respublikada 16 muzey, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, 2 xalq teatrı, Naxçıvan Turizm İnformasiya Mərkəzi, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi yaradılmışdır.
Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi fəaliyyətə başlamışdır. Ötən dövr ərzində muxtar respublikada 260 mədəniyyət obyektinin tikintisi, 160 mədəniyyət obyektinin yenidən qurulması və bərpası başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, Azərbaycançılıq məfkurəsinin, o cümlədən Naxçıvanşünaslığın mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən dövlət siyasətinin mahiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu yaradılmışdır.
Son illər muxtar respublikada əldə olunmuş sosial-iqtisadi tərəqqi turizmin hərtərəfli inkişafına yeni imkanlar açmışdır. Yeni turizm komplekslərinin, o cümlədən Ağbulaq İstirahət Mərkəzinin, yeni çimərliklərin və digər bu kimi infrastruktur obyektlərinin istifadəyə verilməsi bu sahədə aktivliyi daha da artırmışdır. Cari ildə muxtar respublikaya xarici ölkələrdən və respublikamızın digər bölgələrindən, ümumilikdə, 389 min 823 turist gəlmişdir ki, bu da 1995-ci illə müqayisədə 10 dəfə çoxdur.
Muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşı­laşdırılması həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Quruculuq işləri çərçivəsində bu dövr ərzində, ümumilikdə, 197 səhiyyə obyektinin tikintisi, 56 səhiyyə obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri aparılmış, əhali sağlamlığının qorunması istiqamətində tədbirlər görülmüş, sosial layihələr çərçivəsində minlərlə xəstənin müayinəsi, müalicəsi və cərrahi əməliyyatları təşkil olunmuşdur.
Ötən 20 il ərzində muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna yönəldilmiş xüsusi dövlət qayğısı prioritet istiqamət kimi diqqətdə saxlanılmış, Azərbaycan Vətən müharibəsi, 1941-1945-ci illər müharibəsi əlillərinə və Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın ləğvi zamanı əlil olanlara 448 ədəd avtomobil verilmiş, 191 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur. Bu dövr ərzində ehtiyacı olan 4786 əlilə müxtəlif texniki reabilitasiya vasitələri verilmiş, protez-ortopedik məmulatlara ehtiyacı olan 2909 nəfərə xidmət göstərilmiş, respublikanın müxtəlif sanatoriyalarında müalicə olunmaları üçün 2225 nəfər sanatoriya və pansionatlara göndərişlərlə təmin olunmuşdur. Bundan əlavə, 2543 nəfər əlilin Naxçıvan Əlillərin Bərpa Mərkəzində, 1943 nəfər 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicələri təşkil olunmuş, 1308 nəfərin respublika daxilində, 215 nəfərin isə xarici ölkələrdə müalicəsi təmin olunmuşdur.
Aztəminatlı ailələrin maddi rifah halının yaxşılaşdırılması məqsədilə 2006-cı ildən başlayaraq aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 28 milyon 787 min manatdan artıq həcmdə ünvanlı dövlət sosial yardımı verilmişdir. 

Sosial siyasətin başlıca istiqamətlərindən biri kimi pensiya və müavinətlərin səmərəli maliyyələşdirilməsi həyata keçirilir. Cari ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənişi üçün 100 milyon manatdan artıq vəsait yönəldilmişdir ki, bu da 1995-ci ildəki müvafiq göstəricini 40 dəfə üstələmişdir. Pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 53 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır.
Muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının inkişafı dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsinə də şərait yaratmışdır. Cari ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində təşkil edilmiş səyyari xidmət vasitəsilə yerlərdə vətəndaşlara mülkiyyət haqqında sənədlərin, ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və digər xidmətlər göstərilmişdir.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə də ardıcıl tədbirlər görülmüş, infra­strukturun yenilənməsi istiqamətində son 20 il ərzində 25 idman obyekti tikilmiş, 19 idman obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.
Muxtar respublikada idman sahəsinin inkişafı istiqamətində 2002-ci ildə Boks, Güləş, Karate-do, Şərq Döyüşü Sənəti, Şahmat, Futbol, Yüngül Atletika, Voleybol, Basketbol, 2006-cı ildə Paralimpiya, 2013-cü ildə Hava və Ekstremal İdman Növləri və Atıcılıq federasiyaları yaradılmışdır. Ötən dövr ərzində “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun futbola qayıdışı üzrə əsaslı tədbirlər görülmüş, bədii gimnastika bölməsi yaradılmışdır. Bu sahədə aparılan məqsədyönlü tədbirlər, öz növbəsində, idmançılarımızın yeni-yeni uğurlar qazanmasına, muxtar respublikamızı mötəbər yarışlarda təmsil etmələrinə imkan yaratmışdır. Muxtar respublikanın idmançıları idmanın sərbəst güləş, karate-do, boks, cüdo növləri üzrə beynəlxalq turnirlərində, dünya və Avropa çempionatlarında qızıl, gümüş, bürünc medallar qazanmışlar.
Muxtar respublikada gənclər siyasəti sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsini təşkil etmək, gənclərin ictimai fəallığının artırılması, istedadlı gənc­lərin üzə çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yaradılmış, Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmişdir.
Ötən 20 il ərzində muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı da diqqət mərkəzində saxlanılmış, “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün müasir avadanlıqlarla təchiz edilmiş yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilmişdir. “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin yüksək poliqrafik keyfiyyətdə nəşr olunması təmin edilmiş, “Şərq qapısı” qəzetinin internet saytı yaradılmışdır.
“Kanal-35” televiziyası və “Naxçıvanın səsi” radiosu, Naxçıvan Dövlət Universitetində “Universitet” televiziyası, “Nuhçıxan” radiosu fəaliyyətə başlamış, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin maddi-texniki bazası gücləndirilmiş, efir vaxtı artırılmışdır. Bununla yanaşı, hazırlanan verilişlərin keyfiyyətini artırmaq məqsədilə dövlət teleradiosunda, eləcə də “Kanal-35” televiziyasında və “Naxçıvanın səsi” radiosunda bədii şuralar fəaliyyətə başlamışdır.
Muxtar respublika ərazisində rəqəmli radio yayımı fəaliyyətə başlamış, “Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə virtual studiya yaradılmış, “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində rəqəmsal formatda yayımı təmin edilmişdir.
Əhalinin həyat və məişət şəraiti­nin yaxşılaşması, cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması demoqrafik proseslərə müsbət təsir göstərmiş, əhali artımının dinamikliyi təmin edilmişdir. Muxtar respublikada əhalinin sayı 1 yanvar 1996-cı il tarixə nisbətdə 105,8 min nəfər artaraq 443 min 579 nəfər təşkil etmişdir. Hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 81 nəfər olmuşdur ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 20 nəfər çoxdur.
Son 20 il ərzində muxtar respublikada 62,1 min nikah bağlanmış, 152,3 min uşaq doğulmuşdur. Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların sayını aşağı salmışdır. Əgər 1995-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 olmuşdursa, hazırda bu göstərici 4-dür.
Səmərəli məşğulluğun təmini, əhalinin asudə vaxtının təşkili və digər məqsədyönlü tədbirlər muxtar respublikada cinayət hadisələrinin sayının azalmasına imkan yaratmışdır. 1995-ci ildə muxtar respublikada 541 cinayət hadisəsi qeydə alınmışdısa, hazırda bu göstərici 22-yə enmişdir.
İdarəetmədə yüksək nəticələri şərtləndirən mühüm amillərdən biri səmərəli institusional islahatların təşkili prosesidir. Bu istiqamətdə ötən dövr ərzində Əliabad və Qıvraq kəndlərinə qəsəbə, Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Heydər­abad qəsəbəsi və bir yeni inzibati rayon – Kəngərli rayonu, inzibati və sahə inzibati ərazi dairələri, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, dövlət mülkiyyətində olan digər idarə, müəssisə və təşkilatlar yaradılmışdır ki, bu da idarəetmənin daha da səmərəli təşkilinə geniş imkanlar yaratmışdır.
İqtisadi və sosial həyatımızın ötən 20 ili ərzində qazanılmış əsaslı nailiyyətlər, blokada şəraitində böyük əzmkarlıqla təmin olunmuş makroiqtisadi sabitlik və davamlı inkişaf muxtar respublikamızın yüksəliş yolunda olduğunu bir daha təsdiq edir. Bütün bu reallıqlara ən yüksək qiyməti verən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də qurucu­luq, inkişaf işləri gedir”.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi


 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR