23 Dekabr 2024, Bazar ertəsi

Ekoloji təmiz enerji mənbələrindən istifadə olunması muxtar respublikamızın təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb olunmasının ən yaxşı yollarından biridir. Günəş və digər alternativ enerji mənbələrindən istifadə olunması ilə elektrik enerjisi alınması üçün həyata keçirilən layihələr iqtisadiyyatın inkişafı ilə aktuallıq qazanır və enerji təhlükəsizliyimizin təmin olunmasında mühüm rol oynayır.
Yeni texnologiyalara əsaslanan ekoloji təmiz enerji mənbələrindən istifadəyə müasir dünyada xüsusi diqqət yetirilir. Bu baxımdan təmiz və ekoloji cəhətdən təhlükəsizliyi ilə seçilən Günəş Elektrik Stansiyasının tikintisi muxtar respublikamızın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımdır. Bu il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi Naxçıvan Günəş Elektrik Stansiyası son illərdə muxtar respublikada yaradılmış elektrik stansiyaları arasında mühüm əhəmiyyətə malikdir. Bu, müstəqillik illərində Naxçıvanın enerji asılılığından tamamilə azad olunması, onun enerji idxalçısından enerji ixracatçısına çevrilməsi mərhələsində qət etdiyi nəhəng inkişaf yolunun ən parlaq sübutudur.

Bu stansiyanın istifadəyə verilməsi ilə Naxçıvanda enerji hasil edən elektrik stansiyalarının sayı səkkizə çatmışdır. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində Araz Su Elektrik Stansiyası vasitəsilə 22 meqavat elektrik enerjisi istehsal olunurdusa, indi artıq 237 meqavat elektrik enerjisi əldə etmək imkanımız vardır. 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 60 meqavat güclü Naxçıvan Dizel Turbin Elektrik Stansiyası, 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları, 4,5 meqavat güclü Vayxır Su Elektrik Stansiyası, 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyasının yaradılması ötən dövr ərzində Naxçıvanda enerji təhlükəsizliyi sahəsində görülmüş nəhəng işlərdəndir. Bu sahədə görülən işlərin nəticəsidir ki, indi artıq Naxçıvan Muxtar Respublikasının enerjiyə olan tələbatı tamamilə yerli ehtiyatlar hesabına ödənilir. Naxçıvanın enerjiyə olan tələbatının yay aylarında daha çox olduğunu və Günəş Elektrik Stansiyasının da ən məhsuldar dövrlərinin bu aylarda olduğunu nəzərə alsaq, həmin stansiyanın əhəmiyyəti bir daha açıq görünür. Bundan əlavə, Günəş Elektrik Stansiyası yay aylarında isti hava şəraitinə görə yüklənməyə məruz qalan digər stansiyaların işinin yüngülləşdirilməsində mühüm rol oynayacaq.
Naxçıvan Günəş Elektrik Stansiyası Babək rayonunun Xal-xal kəndi yaxınlığında, 35 hektar ərazidə tikilmişdir. Stansiyada 78 min 684 ədəd ən müasir “şüşə-şüşə” tipli günəş panelləri gətirilib quraşdırılmışdır. Burada invertor, transformator, komutasiya aparatları və digər elektrik avadanlıqları ilə təchiz olunmuş 11 ədəd transformator yarım­stansiyası quraşdırılmışdır. Panellərlə transformator yarımstansiyaları, transformator yarımstansiyaları ilə birləşdirici məntəqə arasında kabel və yüksəkgərginlikli elektrik verilişi xətti çəkilmişdir.
İl ərzində 30 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək stansiyada istehsal olunan elektrik enerjisini muxtar respublikanın elektrik şəbəkəsinə ötürmək üçün yaxınlıqda yerləşən 110/35 kilovoltluq Xal-xal yarımstansiyasına qədər 35 kilovoltluq kabel xətti çəkilmişdir. Həmin yarımstansiyada 35 kilovoltluq 2 dəst hücrə, idarəetmə və mühafizə avtomatika qurğuları quraşdırılmışdır. Beş ayrı ərazidə yerləşmiş qurğular hasarlanmış, siqnalizasiya və videomüşahidə qurğuları ilə təmin olunmuşdur. Stansiyanın idarə edilməsi üçün 2 mərtəbəli bina istifadəyə verilmiş, burada idarəetmə qurğuları qoyulmuş, işçilər üçün rahat şərait yaradılmışdır.
Günəş Elektrik Stansiyası hava-iqlim şərtlərinə çox həssasdır. Lakin bununla yanaşı, stansiyada ilin bütün fəsillərində elektrik enerjisi istehsal olunacaq. Günlərin qısa olduğu bu soyuq dekabr ayında da bu, mümkündür. Belə ki, stansiyada olduğumuzda günortaya az qalmış, saat 12-də idarəetmə kompüterində burada hasil olunan elektrik enerjisinin 11 meqavatı ötdüyü göstərilirdi. Şübhəsiz, günlərin daha uzun olduğu aylarda bu rəqəmin maksimuma çatacağını və Günəş Elektrik Stansiyasının tam gücü ilə işləyəcəyini əminliklə söyləmək mümkündür.
Beləcə, Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilməklə muxtar respublikamızda daha bir uğurlu layihəyə imza atıldı. Bir daha sübut olundu ki, Naxçıvanın hər qarışı qızıldan da qiymətlidir. İndi tam əminliklə deyə bilərik ki, sahib olduğumuz təbii sərvətlərdən səmərəli istifadə ilə biz artıq bütün sahələrdə öz sözümüzü deməyə, ölkəmizin iqtisadi gücünə güc qazandırmağa qadirik.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR