23 Dekabr 2024, Bazar ertəsi

Müasir dövrdə ölkənin iqtisadi gücü, ilk növbədə, onun sənayesinin inkişaf səviyyəsi ilə ölçülür. İqtisadi təhlükəsizliyə tam şəkildə nail olmaq üçün ölkələrin malik olduğu iqtisadi resursları dövriyyəyə cəlb etməklə onların səmərəli istifadəsinə şərait yaradan sənaye məhsulu istehsalını artırmaq lazımdır. 

Azərbaycan sənayesi öz yüksək inkişaf dövrünü ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin sənayenin inkişafına göstərdiyi böyük diqqət sayəsində yaşamış, bu sahəyə yönəldilmiş irihəcmli vəsaitlər hesabına bir sıra əhəmiyyətli sənaye müəssisələri yaradılmışdır. Ulu öndərin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuş və 2014-cü ildə ölkədə 230-dan çox sənaye müəssisəsi istifadəyə verilmişdir. Ölkə başçısı tərəfindən regionların iqtisadiyyatının gücləndirilməsi məqsədilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları mükəmməl bir konsepsiya kimi həyata keçirilərək özünü doğrultmuşdur. Bu proqramların qarşısında duran əsas vəzifə regionların iqtisadi sərvətlərinin dövriyyəyə cəlb edilməsilə onların tarazlı inkişafını təmin etməkdən ibarət idi.

Məhz dövlət proqramlarının reallaşdırılması nəticəsində Bakı şəhərindən əlavə sənayecə inkişaf etmiş dörd şəhər, eləcə də Naxçıvan şəhəri və iki rayon özünü maliyyələşdirmə sisteminə keçmişdir. Sənayeləşmə siyasətinin həyata keçirilməsi nəticəsində yerli gəlirlərin artım tempi regionlara ayrılan dotasiyaların artım tempini üstələmişdir. Bu şəhər və rayonlarda açılan sənaye müəssisələri onları dövlət büdcəsindən asılılıqdan azad etmişdir ki, bu da sənayeləşmənin regionların sosial-iqtisadi inkişafında nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 iyun 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)” və 2009-cu il 28 may tarixli Fərmanı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın uğurlu icrası muxtar respublikanın sosial-iqtisadi həyatında əsaslı dönüş yaratmışdır. Bu pro­qramlar, eləcə də Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı muxtar respublika iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, kommunal xidmətlərin yüksəldilməsində, nəticədə, əhalinin məşğulluq səviyyəsinin artması ilə onların maddi rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynamışdır. Proqramların icrası nəticəsində ciddi iqtisadi uğurlara nail olunmuş, sürətli inkişaf üçün zəngin potensial formalaşdırılmış, muxtar respublika iqtisadiyyatında həyata keçirilən tarazlaşdırılmış iqtisadi siyasət öz bəhrəsini vermişdir.
Ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsinin tutması son 20 ildə muxtar respublikanın əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Tarixə nəzər salarkən görürük ki, Naxçıvan Muxtar Respublikası aqrar iqtisadiyyatdan sənaye istehsalına qədər uzun bir inkişaf yolu keçmiş və 2008-ci ildən etibarən ilk dəfə olaraq sənaye məhsulunun istehsalı kənd təsərrüfatı məhsulunun istehsalını üstələmişdir. Muxtar respublika artıq sənaye regionu kimi tanınır. 2004-cü illə müqayisədə sənaye məhsullarının istehsalı 49 dəfə, müstəqilliyimizin ilk illəri ilə müqayisədə isə 98 dəfə yüksəlmişdir. Sənaye istehsalının artmasına muxtar respublikanın malik olduğu zəngin təbii ehtiyatlar geniş baza yaratmışdır. Yeni sənaye sahələrinin yaradılması ilə keyfiyyətli məhsul istehsal etmək, məhsul çeşidlərini yeniləməklə onun rəqabət qabiliyyətini artırmaq, nəinki daxili bazara, həm də xarici bazara inteqrasiyanı təşkil etmək dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir. Aparılan iqtisadi siyasətin tərkib hissəsi olaraq sənayeləşmə siyasətinin həyata keçirilməsi, sənaye sahələrinin yaradılması prosesində Naxçıvan Muxtar Respublikası çox fəal iştirak edir və iqtisadiyyatın əsas sahəsi olan sənayenin inkişafı hər zaman diqqət mərkəzində saxlanılır. Dekabrın 1-də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Naxçıvan Sənaye Kompleksinin istifadəyə verilməsi də bu diqqətin təzahürüdür. Kompleks gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən dörd zavodu birləşdirməklə geniş bir ərazini əhatə edir. Sahibkarlığa Kömək Fondunun dövlət maliyyə dəstəyi sayəsində istifadəyə verilən kompleks innovativ və yüksək texnologiyalar əsasında qurulmuşdur. Naxçıvan Sənaye Kompleksində mövcud olan gips zavodunda ildə 40 min ton gips, gips lövhə zavodunda ildə 2 milyon kvadratmetr gips lövhələr, əhəng zavodunda ildə 36 min ton əhəng, məsaməli beton istehsal edən zavodda isə il ərzində 150 min ton məsaməli beton istehsal ediləcək ki, bu da daxili bazarın qorunması ilə əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsinə şərait yaradacaq, ixrac potensialını artırmaqla valyuta axınını təmin edəcək. Kəngərli rayonu ərazisində belə böyük kompleksin istifadəyə verilməsini ölkədə regionların tarazlı inkişaf siyasətinə uyğun olaraq muxtar respublikada da rayonların tarazlı inkişafının uğurlu nəticəsi hesab etmək olar. Çünki mövcud potensialdan səmərəli istifadənin əsas şərtlərindən biri sənayenin rayonlar üzrə səmərəli yerləşdirilməsidır. Bu da muxtar respublika ərazisi daxilində məhsuldar qüvvələrin məqsədəuyğun paylanmasına kömək etməklə sənayenin ərazi quruluşunu təkmilləşdirəcək. Nəticədə, Kəngərli rayonunun əhalisinin məşğulluğu təmin ediləcək, onların iş üçün şəhərə gəlməsinin qarşısı alınacaq.
Xammal mənbələri ilə sənaye müəssisələrinin bir-birinə yaxın olması məhsuldarlıq baxımından əhəmiyyətlidir ki, bu prinsip də kompleksin yerləşdirilməsində nəzərə alınmışdır. Beləliklə, Naxçıvan Sənaye Kompleksinin fəaliyyətə başlaması muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.

Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR