Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilir.
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarının orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanması təşkil edir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək və istehlak bazarını keyfiyyətsiz məhsullardan qorumaq məqsədilə 2015-ci ilin 11 ayı ərzində ərzaq məhsulları üzrə 86 mal çeşidini əhatə edən 2231 halda səyyari, 2089 halda ekspertiza və laboratoriya təhlillərinin aparılması təmin edilmişdir. Aparılmış ekspertizalar, səyyari yoxlamalar və laboratoriya müayinələri 2970 halda yerli istehsal məhsullarını, 1350 halda isə idxal məhsullarını əhatə etmişdir. Bundan əlavə, bəhs olunan dövrdə 1495 halda hüquqi və 2825 halda fiziki şəxslər tərəfindən daxil olmuş ərzaq nümunələrinin ekspertiza, laboratoriya və səyyari təhlilləri nəticəsində 4299 nümunənin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 21 nümunənin isə standartların tələblərinə uyğun gəlmədiyi müəyyənləşdirilmişdir.
Qeyd edək ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ötən illər ərzində ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılmışdır. Azərbaycan Respublikasında qida sektorunda sayca 3-cü, muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası regionda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edir.
Xəbərlər şöbəsi