23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli xammaldan səmərəli istifadə olunmaqla, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Dövlət maliyyə dəstəyi ilə müəssisədə 2003-cü ildə çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri yaradılmışdır. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə Sahibkarlığa Kömək Fondundan 2008-ci ildə əlavə dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu vəsaitlə inzibati binada və yeməkxanada əsaslı təmir işləri aparılmış, müəssisə müasir avadanlıqlarla təmin edilmişdir.

Eyni zamanda çörək sexində istehsal gücü saatda 3000 ədəd çörək olan tam avtomatik yeni xətt istifadəyə verilmişdir. Burada çörək dəmir üzərində deyil, daş üzərində bişirilir ki, bu da məhsulun daha keyfiyyətli istehsalına şərait yaratmışdır. Daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına öz töhfəsini verən “Gəmiqaya Bərəkət Qida Məhsulları” MMC-də istehsal sahələri ilbəil genişləndirilir. 2011-ci ildə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla Şərq şirniyyatları istehsalı sahəsi yaradılmış, 2012-ci ildə kəpəkli çörək istehsalına başlanılmışdır. İnsan sağlamlığı üçün vacib elementlərlə zəngin olan kəpəkli çörək yüksəkkeyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanmışdır. Elə bunun nəticəsidir ki, satışa çıxarılan kəpəkli çörəyə tələbat get-gedə artmış, ötən dövr ərzində kəpəkli çörək istehsalına keçid tam təmin olunmuşdur.
Müəssisədə istehsal olunan digər məhsullar da alıcılar tərəfindən rəğbətlə qarşılanır. Makaron sexində istehsal edilən müxtəlif növdə keyfiyyətli makaron 350, 500 qramlıq, 10 kiloqramlıq kisələrdə, Şərq şirniyyatları istehsalı sexində hazırlanan Azərbaycan milli şirniyyatları – şəkərbura, Ordubad və Şəki paxlavaları, müxtəlif çeşidlərdə qat-qat, şəkərçörək, milli şirin çörək, biskvit və digər unlu-qənnadı məmulatları nəfis tərtibatla bəzədilmiş taralarda satışa çıxarılır. Onu da qeyd edək ki, daxili bazarın tələbatına uyğun məhsullar istehsal edilən müəssisədə istehlakçı tələbatı öyrənilməklə mütəmadi olaraq məhsulun çeşidində və qablaşdırılmasında yeniliklər edilir, daha müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılır. Cari ildə də bu istiqamətdə işlər davam etdirilmiş, Şərq şirniyyatları istehsalı sahəsində Türkiyənin “Uyğurlar Makina”, Braziliyanın “Braluks” şirkətlərinin istehsalı olan, kompüterlə idarəetmə mərkəzi ilə təmin edilmiş avadanlıqlar alınıb quraşdırılmış, alıcı zövqünü oxşayan yeni çeşiddə, müasir dizaynda məhsul istehsalına başlanılmışdır. İstehsal olunan məhsullar muxtar respublikamızın ayrı-ayrı yaşayış məntəqələrində fəaliyyət göstərən xidmət mərkəzlərində satışa çıxarılmışdır.
Fermer və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən xammal şəklində alınan süd məhsullarının vaxtında tədarük olunması da diqqət mərkəzində saxlanılır. Belə ki, bu məhsul xüsusi maşınlarla müəssisəyə daşınıb laborator analizdən keçirildikdən sonra istehsala buraxılır. Süddən kərə yağı, pendir, qatıq və ayran istehsal olunur. Ayran 200, kərə yağı 250, 400 qramlıq, 1 və 4 kiloqramlıq, pendir isə 0,5, 1 kiloqramlıq plastik və 17 kiloqramlıq dəmir taralarda qablaşdırılır.
Sanitar-gigiyenik qaydalara ciddi əməl olunduğu müəssisədə müasir avadanlıqlarla təchiz olunmuş iki laboratoriya fəaliyyət göstərir. Müəssisəyə daxil olan xammal və ya hazır məhsul həmin laboratoriyalarda analiz edildikdən sonra istehsala buraxılır və ya satışa çıxarılır.
İldən-ilə fəaliyyəti genişləndirilən müəssisədə çörək sexi 3, digər sexlər isə 1 növbəli iş rejimində fəaliyyət göstərir. Burada 200 nəfər çalışır.
Gələcəkdə müəssisədə istehsal olunan məhsulların Azərbaycanın digər region­larında və xarici bazarlarda satışa çıxarılması nəzərdə tutulur. Bu məqsədlə kompleks tədbirlər həyata keçirilir.
“Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO 9001 və İSO 22000 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır.
Ayrı-ayrı ticarət obyektlərində alıcı və satıcıların bu yerli məhsullara olan münasibətini öyrəndik.
Sahibkar Zamin Səfərov: “Əvvəllər alıcılar xaricdə istehsal olunan ərzaq və qeyri-ərzaq məhsullarına üstünlük verirdilərsə, indi artıq muxtar respublikada istehsal olunan məhsullara üstünlük verilir. Yerli istehsal müəssisələri alıcıların rəğbətini qazanan keyfiyyətli məhsullar istehsal edərək rəqabətqabiliyyətli müəssisələrə çevrilmişlər”.
İstehlakçı Həsən Qasımovun dediklərindən: “Gəmiqaya Bərəkət Qida Məhsulları”nın istehsal etdiyi Şərq şirniyyatları, kərə yağı, qatıq, ayran, makaron məhsullarının daimi alıcısıyam. Dadı, tamı ilə seçilən yerli məhsullar vaxtlı-vaxtında mağazalara çatdırılır. Özü də daha münasib qiymətə”.
Sahibkar Rafiq Şükürov bizimlə söhbətində bildirdi ki, son illər muxtar respublikamıza alınıb gətirilən və lizinq yolu ilə sahibkarlara verilən məhsuldar cins mal-qara ət və süd istehsalının artımına səbəb olmuşdur. Təbii ki, ət və südün emal olunması üçün yaradılmış müəssisələr sahibkarları alıcı problemi ilə üzləşdirmir. Yəni sahibkarın şəxsi istifadəsindən çox olan ət və süd “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tədarükçüləri tərəfindən gündəlik qəbul edilir. Bu həm istehsalçı, həm də istehlakçı üçün sərfəlidir.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR