Bu gün kəndli-fermer və heyvandarlıqla məşğul olan digər təsərrüfatların inkişaf etdirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Dövlətimiz tərəfindən vaxtaşırı olaraq bu sahəyə maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il avqust ayında imzaladığı “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında”, “Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncamlar ölkədə heyvandarlığın inkişafına göstərilən qayğının davamlı xarakter aldığının göstəricisi kimi dəyərləndirilir.
Sərəncamlara əsasən, heyvandarlıq məhsulları ilə təminatın daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən edilib.
Muxtar respublikada ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması və cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi əsas prioritetlərdəndir. Bu məqsədlə muxtar respublikaya iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır.
Dövlətin heyvandarlıq məhsullarının artırılması istiqamətində atdığı addımlar bu sahədəki vəziyyətin yaxşılaşdırılmasında mühüm rol oynayır. Bu səbəbdəndir ki, heyvandarlıq məhsullarının istehsalında muxtar respublika üzrə artım dinamikası 2015-ci ilin ötən 11 ayında da saxlanılmışdır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması işi davam etdirilir.
Heyvanlar arasında aparılan süni mayalanma tədbirlərini genişləndirmək məqsədilə süni mayalanma məntəqələrinin sayı bütün rayonları əhatə etməklə, 23-ə çatdırılmışdır. Davamlı olaraq məntəqələr yüksək məhsuldar törədici toxum və digər ləvazimatlarla təmin olunur. Nəticədə, 2014-cü ilin 10 ayına nisbətən 2015-ci ilin 10 ayında heyvandarlıq məhsullarının istehsalı və mal-qaranın məhsuldarlıq göstəriciləri artmışdır. Belə ki, 2015-ci ilin 10 ayında muxtar respublikada diri çəkidə 18,3 min ton ət, 74,2 min ton süd istehsal edilmiş, 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ət istehsalı 13 faiz, süd istehsalı 1,9 faiz artmışdır.
Son 5 ildə muxtar respublikaya 1937 baş damazlıq mal gətirilmiş və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə verilmişdir.
Əyyub ABDULLAYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı