23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada iqtisadiyyatın bütün sahələrindəki dinamik inkişaf Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin qarşısına mühüm vəzifələr qoymuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət pro­qramlarının icrası, sessiya və müşavirələrdə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində işlər cari ilin noyabr ayında da davam etdirilmişdir.
Daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrinin aparılması sahəsində görülən işlərin nəticəsi olaraq muxtar respublika üzrə 523 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır.
Noyabr ayında muxtar respublikada ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yaranmış 68 yeni daşınmaz əmlak obyektinə ünvanlar verilmiş və ünvan xəritələrində qeydiyyatı aparılmışdır. Komitənin mütəxəssisləri tərəfindən Babək qəsəbəsinin Qoşadizə məhəlləsində mövcud olan nəqliyyat infra­strukturu obyektləri yerində dəqiqləşdirilərək xəritə üzərinə köçürülmüşdür. Kameral şəraitdə Qoşadizə məhəlləsindəki nəqliyyat infrastrukturu obyektlərinə şərti küçə adları verilmiş, Babək qəsəbəsinin yeni ünvan xəritəsinin layihəsi hazırlanmışdır.

Komitənin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Kəngərli rayonunun dövlət ehtiyat fondu torpaqlarında 996 hektar, qış otlaq sahələrində isə 1030 hektar olmaqla, cəmi 2026 hektar əkinəyararlı torpaq sahəsində müvafiq ölçü işləri aparılmış və xəritələşdirilmişdir. Həmçinin Şərur rayonunun dövlət ehtiyat fondu və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələri kameral şəraitdə müəyyənləşdirilmiş, həmin sahələrin əkin dövriyyəsinə cəlb olunması məqsədilə çöl-tədqiqat işlərinin aparılmasına başlanılmışdır.
Babək qəsəbəsinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazır­lanmış və torpaqların növləri üzrə uçotu aparılaraq komitənin məlumat bazasına daxil edilmişdir. Torpaq sahələri üzərində olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 47 torpaq sahəsinin hazırlanmış planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır.
Ötən ay Şərur rayonunun Püsyan, Babək rayonunun Yarımca, Ordubad rayonunun Çənnəb, Dırnıs və Düylün, Culfa rayonunun Dizə, Milax və Teyvaz kəndlərində vətəndaşlara göstərilən səyyar xidmət vasitəsilə 72 daşınmaz əmlak obyekti qeydə alınmışdır.
Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu tərəfindən xəritə materiallarının və yerquruluşu sənədlərinin hazır­lanması üçün Babək rayonunun Şəkərabad və Hacıvar bələdiyyələrinə aid sərhəd xəritələri və yerquruluşu materialları elektron variantda işlənib hazırlanmış, Babək qəsəbəsinin plana alınmış həyətyanı torpaq sahələri kameral şəraitdə müəyyənləşdirilmişdir. Culfa rayonunun Əlincə, Ərəfsə, Ərəzin, Göydərə, Gülüstan və Xanəgah kəndlərinin həyətyanı və pay torpaqları ortofotoplana əsasən dəqiqləşdirilərək xəritələri hazırlanmış, torpaqların elektron uçotu aparılmışdır.
Şərur rayonunun Cəlilkənd, Aşağı Aralıq və Yuxarı Aralıq kənd­lərinin torpaqlarının qida maddələri ilə təminolunma kartoqramları, Kəngərli rayonunun Çalxanqala, Ordubad rayonunun isə Yuxarı Əndəmic və Gənzə kəndlərinin həyətyanı və pay torpaqlarının işçi planı işlənmişdir. Ordubad rayonu üzrə bütün bələdiyyələrin bonitirovka xəritələrinin hazırlanması başa çatdırılmışdır.
Babək rayonunun Sirab kəndində həyətyanı torpaq sahələrinin plana alınması yekunlaşdırılmış, əldə olunan materiallar məlumat bazasına daxil edilmiş, rayonun Qahab kəndində həyətyanı torpaq sahələrinin planaalma işlərinə başlanılmışdır. Kənddə mövcud olan 925 həyətyanı torpaq sahəsindən 215-i elektron taxometr vasitəsilə ölçülmüşdür. Hazırda həyətlərin plana alınması davam etdirilir.
Maarifləndirmə işlərinin davamı olaraq ay ərzində Naxçıvan Muxtar Respublikası Prokurorluğu ilə birlikdə Kəngərli, Şahbuz və Ordubad rayonlarında bələdiyyə sədrlərinin, inzibati ərazi dairələrinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə torpaqlardan düzgün istifadə ilə bağlı maarifləndirici tədbirlər keçirilmiş, torpaqlardan təyinatına uyğun istifadə edilməməsi, torpaq üzərində mülkiyyət hüququnun pozulması, torpaqların istehsalat və məişət tullantıları ilə çirkləndirilməsi və qanunsuz tikinti işlərinin aparılmasına görə məsuliyyət barədə geniş izahat aparılmışdır.
Muxtar respublikamızda torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi və vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması istiqamətində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi səylərini daha da artıracaqdır.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR