Şərq ölkələrinin qiymətli bitkisi sayılan püstə əsrlər boyu Naxçıvanda becərilməmişdir. Bu payızda qonşu ölkələrdən püstə tinglərinin alınıb gətirilməsi, əkinə başlanması muxtar respublikanın bitki örtüyünün zənginləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
Püstə qiymətli çərəz, qatranlı aşı maddələri ilə zəngin olan gövdə və yarpaqları lak-boyaq sənayesinin xammalı hesab olunur. Bir neçə il bundan əvvəl bu bitkinin becərilmə qaydalarını öyrənmək məqsədlə Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Abşerondakı dayaq məntəqəsinə getdim. Bu məntəqədə püstənin morfoloji və aqrobioloji xüsusiyyətlərini, barasalma yollarını öyrəndim.
Püstənin becərilmə xüsusiyyətləri ilə bağlı oxucuları, həvəskar bağbanları məlumatlandırmağı özümə borc bildim.
Püstə sumaqkimilər fəsiləsindən olan, mil kökləri torpağın 6-7 metr dərinliyinədək işlədiyindən daşlı, gilli, hətta şoranlığa meyilli torpaqlarda belə, bol məhsul verən, quraqlığa dözümlü, uzunömürlülükdə çinarı da üstələyən, 700 ildən 1500 ilədək yaşayan nadir bitkilərdəndir. Yaşlı ağaclar 70-80 kiloqram məhsul verir. Abşeronda Buzovna, Bülbülə sortları 150 kiloqramadək bar verə bilir. Maraqlıdır ki, püstənin güclü kök sistemi inkişaf etdikcə gövdəsindən 50 metrədək uzaqlaşıb özünə qida və rütubət axtarır. Yaxşı qulluq edildikdə ting əkinindən 3-4 il sonra bara düşür, ağacın hündürlüyü 3-4 metrdən 8 metrədək çata bilir. Yarpaqları qalın dərili, seyrək çətirlidir. Xəstəlik və ziyanvericilərə qarşı dözümlüdür. Meyvəsi qərzəklidir, yəni cəviz, fındıq, badam, şabalıd kimi bərk qutucuq içərisindədir. Aprelin axırında çiçəkləyir. Meyvəsinin tərkibində mədə-bağırsaq, qaraciyər xəstəliklərinin faydalı məlhəmi olan 60 faizədək yağ, 25 faizədək zülal vardır. Qənnadı sənayesində cəviz, badam, fındıq kimi qiymətli rol oynayır. Yarpaqları lak-boyaq sənayesinin ən qiymətli xammalıdır. Püstə ağacının oduncağı xarratlıqda əvəzsiz taxtadır.
Əkin sxeminə gəldikdə, 7x7 metr məsafədə yuvalar açılır. Dibçəklərdəki hazır tinglər basdırılarkən çalaya üzvi gübrə, az miqdarda azot, fosfor gübrələri əlavə edilir. Torpaq nə qədər nəm olsa da, ting əkilən kimi dərhal suvarılmalıdır ki, çürümə yarada biləcək hava çıxarılsın, kök sisteminin torpaqla sıx təması təmin olunsun. Püstə bağı ting və toxumla da salına bilər. Calaqaltı üçün meşələrdə bitən saqqızağacının toxumları cücərdilir. Toxumla salındıqda toxumun cücərməsi üçün əvvəlcədən hazırlıq işləri görülür. Belə ki, ağzıaçıq toxumlar 0,1 faizli kalium-permanqanat məhlulunda 5 dəqiqəyədək, ağzıqapalı toxumlar isə 25 dəqiqəyədək saxlanılır, birincilər 2-3 gün, ikincilər 4-5 gün suda isladılır. Yuyulmuş təmiz qum rəflərində istixana şəraitində (22-25 dərəcə) səpilən toxumlar 5-7 gündən sonra cücərir, 15 gündən sonra kütləvi cücərtilərin üstündən örtük götürülür, kök pöhrələri təmizlənib qida qarışığı olan cərgələrdə 10x30 santimetr sxem ilə əkilir.
Naxçıvan-Sədərək avtomobil yolunun kənarında püstə bağının salınmasına başlanılmışdır. Heç şübhəsiz ki, əkilən tinglər, çəkilən zəhmət, sənaye üsulu ilə salınan püstə bağları öz bəhrəsini verəcəkdir. Yurd sevgisi həm də əməli işdə özünü göstərir. Vətən seviləndə, əzizlənəndə Vətən olur. Yoxsa, onun qürbətlə nə fərqi olardı? Fikrimizi dahi Azərbaycan şairi Nizami Gəncəvinin kəlamı ilə bitirib bağbanlara bu nəcib işdə uğurlar arzulayırıq:
Ağac əkən zaman elə yerdə ək
Ki, yəqin biləsən o, bar verəcək.
Qaşdar ƏLİYEV