23 Dekabr 2024, Bazar ertəsi

Özəl sektorun inkişafı daxili baza­rın qorunmasında, idxaldan asılılığın aradan qaldırılmasında, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rola malikdir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda da özəl sektorun inkişafı əsas yer tutur. Bu məqsədlə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən qəzetimizə verilən məlumata görə, hazırda Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Ordubad rayonlarında olmaqla, ümumilikdə, 113 min 892 kvadratmetr sahədə 22 istixana təsərrüfatı fəaliyyət göstərir.

Bu təsərrüfatlarda cari ilin ötən dövrü ərzində pomidor, xiyar, badımcan, bibər, limon, çiyələk, göbələk, göyərti, gülkələm, kahı, brokoli əkini həyata keçirilib. Təkcə 2015-ci ilin ötən dövrü ərzində sahəsi 8 min 906 kvadratmetr olan 7 istixananın qurulması başa çatdırılıb. Ümumilikdə isə 2000-2015-ci illərin ötən dövrü ərzində sahəsi 101 min 476 kvadratmetr olan istixanaların qurulmasına 4 milyon 540 min 500 manat güzəştli kredit verilib.
Nazirlikdən onu da bildirdilər ki, istixanalarda müasir kənd təsərrüfatı texnikalarından istifadə, yeni texnologiyaların tətbiqi yüksək məhsuldarlığa nail olunmasında və əhalinin keyfiyyətli məhsullarla təminatında əhəmiyyətli rol oynayır. İstixanalarda becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilir, müxtəlif bitkilərin tozlanması xüsusi arı ailələri vasitəsilə aparılır. Bu da məhsuldarlığın təbii yolla artırılmasına, mövsümi ekoloji təmiz məhsul istehsalına imkan verir. Ekotester vasitəsilə məhsulun tərkibində olan radiasiya və nitratın (azot) müəyyən olunmuş normaya uyğunluğu mütəmadi olaraq nəzarətdə saxlanılır. Bu istixana kompleksləri növbəti qış mövsümündə də daxili bazarın tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR