Məlum olduğu kimi, kənd təsərrüfatının inkişafına yeni təkan vermək, aqrar sektordakı cari məsələlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək məqsədilə 2015-ci il ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilmişdir.
Muxtar respublikada etibarlı ərzaq təminatı sisteminin qurulması üçün mühüm işlər görülmüş, bu istiqamətdə ardıcıl və kompleks tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyatın mühüm tərkib hissələrindən biri olan kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatların növbəti mərhələlərinin sürətləndirilməsi üçün bu tədbirlərin davam etdirilməsi zərurəti yaranır.
Bu baxımdan Elnur Bağırovun muxtar respublikada əkinəyararlı torpaqların xüsusiyyətləri, burada becərilən yüksək məhsuldar kənd təsərrüfatı bitkilərinin qorunub saxlanılması, əhalinin təhlükəsiz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi və idxaldan asılılığın aradan qaldırılması məsələlərindən bəhs edən “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı” adlı kitabı muxtar respublikada aqrar sahənin inkişafına layiqli töhfədir. Kitabın elmi redaktoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadədir.
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsinə həsr edilən və geniş oxucu kütləsinə təqdim olunan bu kitabda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı ardıcıl və mərhələli şəkildə tədqiq edilmişdir. Kitabda Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatının indiyədək keçdiyi tarixi yol, müasir vəziyyəti, inkişaf perspektivləri araşdırılmış, aqrar sahənin müxtəlif bölmələri həm kompleks şəkildə, həm də ayrı-ayrılıqda təhlil edilmişdir.
Kitabda, ilk olaraq, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, relyefi, geoloji quruluşu, faydalı qazıntıları, iqlimi və daxili suları, həmçinin torpaq quruluşu və torpaq bölgüsü məsələləri araşdırılmışdır. Naxçıvanın kənd təsərrüfatı haqqında tarixi mənbələrdəki məlumatlar, muxtariyyət dövrünün birinci yarısında burada kənd təsərrüfatının ümumi inkişaf meyilləri, 1969-cu ildən sonra aqrar sahənin inkişafında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülmüş işlər, həmçinin ölkəmizin müstəqillik dövründə kənd təsərrüfatının ümumi vəziyyəti tədqiq olunmuşdur.
Bununla yanaşı olaraq, kitabda Naxçıvan Muxtar Respublikasının aqrar sektorunda yeni mülkiyyət münasibətlərinin yaradılması və torpaqların özəlləşdirilməsi, həyata keçirilən torpaq islahatları və onların nəticələri, həmçinin kənd təsərrüfatının mövcud sahə strukturunun formalaşması məsələləri şərh olunmuş, muxtar respublika iqtisadiyyatının dinamik inkişafı fonunda aqrar sahənin yeri, müasir mərhələdə muxtar respublikada kənd təsərrüfatının təhlili və həmçinin aqrar sahədə sürətli artımın başlıca amili hesab edilən dövlət dəstəyinin əsas meyillərinə xüsusi diqqət yetirilmişdir. Nəfis tərtibatla çap edilmiş kitabda muxtar respublikada aqrar sahənin inkişafını əks etdirən müxtəlif fotoşəkillər oxuculara təqdim olunur.
Kitab muxtar respublikada kənd təsərrüfatının dünəni, bu günü və inkişaf istiqamətləri ilə maraqlananlar üçün dəyərli mənbədir.
Mehdi BAĞIROV
iqtisad üzrə fəlsəfə doktoru