Dekabrın 1-də Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində Azərbaycan Respublikası Mərkəzi Bankının, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun ekspertlərinin iştirakı ilə muxtar respublikanın bank işçiləri və ali məktəb tələbələri üçün “Maliyyə savadlılığı” mövzusunda ikigünlük seminar öz işinə başlamışdır.
Dünya ölkələrində iqtisadi inkişafın bütün mərhələlərində və cəmiyyət həyatının bir çox sahələrində öz aktuallığını göstərən maliyyə savadlılığının davamlı olaraq artırılması, bunun əhalinin geniş təbəqələri arasında yayılması və bu sahədə bank işçiləri ilə yanaşı, ailənin və təhsil müəssisələrinin rolunun artırılması seminarda müzakirə mövzusu olmuşdur. Seminarda çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov maliyyə savadlılığının əhalidə istehlak davranışlarının və kredit resurslarına olan münasibətin düzgün formalaşdırılması baxımından əhəmiyyətini vurğulamış, bu sahədə aparılan maarifləndirmə işlərindən danışmışdır.
Seminardakı təqdimatlarda cəmiyyətdə maliyyə savadlılığının artırılması üçün tətbiq edilən müxtəlif yollardan bəhs olunmuşdur. Ölkəmizdə bank xidmətlərinin təkmilləşdirilməsi, əhali ilə banklar arasında interaktiv əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Bundan başqa, elektron bankçılıq, ailə büdcəsinin rasional idarə edilməsi, yığım mədəniyyətinin formalaşdırılması və nağdsız ödənişlərin üstünlükləri haqqında maraqdoğuran suallar cavablandırılmış, Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə savadlılığı portalının səhifələri tanıdılmışdır.
Dünən seminar öz işini “Naxçıvan” Universitetində davam etdirmişdir. Təhsil ocağında keçirilən tədbirdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov universitetin müəllim və tələbələri üçün keçirilən belə seminarların maliyyə resurslarının düzgün idarə olunması, gələcək maliyyəçilərin, bankirlərin və sahibkarların bu istiqamətdə zəruri biliklər əldə etməsi baxımından əhəmiyyətini vurğulamışdır.
Universitetin tədris işləri üzrə prorektoru, dosent İbrahim Kazımbəyli bu tədbirin əhəmiyyətini qeyd etmiş, tələbələrdə maliyyə savadlılığı üzrə biliklərin formalaşması zərurətindən danışmışdır.
Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun ekspertləri Eduard Şmit və Yanina Meyer belə seminarların gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirmiş, maliyyə savadlılığı barədə geniş məlumat vermişlər. Seminar gün ərzində müxtəlif qruplar üzrə təhsil alan tələbələrlə öz işini davam etdirmiş, maraqdoğuran məsələlər ətrafında fəal müzakirələr aparılmışdır.
Əli Cabbarov