23 Dekabr 2024, Bazar ertəsi

Bu münasibətlə keçirilən tədbirdən əvvəl “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etmiş, dahi şəxsiyyətin adını daşıyan muzeydə ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlara baxmışlar.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən tədbirdə cəmiyyətin direktoru Mahir Əliyev məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, muxtar respublika nəqliyyatının mühüm bir qolunu təşkil edən dəmir yollarının əsası ötən əsrin əvvəllərində qoyulmuşdur. 1902-ci ildə Aleksandropol-Uluxanlı-İrəvan dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra Uluxanlıdan Culfaya yeni xəttin çəkilişinə başlanmışdır. 1903-cü ildə Şərur, 1905-ci ildə isə Naxçıvan stansiyaları istifadəyə verilmiş, 1908-ci il yanvarın 20-də Zaqafqaziya dəmir yolunun tərkibində Uluxanlı-Culfa xəttinin çəkilişi başa çatdırılmışdır. Yolda parovozların və vaqonların təchizatı və təmiri məqsədilə Naxçıvanda əsas parovoz deposu, Culfada isə dövriyyə parovoz deposu yaradılmışdı. Həmin vaxt Naxçıvanda sənayeni və nəqliyyatı inkişaf etdirmək məqsədilə Araz çayı boyunca körpü, tunel, qalereya və yol yatağının tikintisinə başlanılmış, dəmir yolu xəttinin çəkilişi üçün bütün zəruri tədbirlər həyata keçirilmişdi.

1914-cü ildə başlanan Birinci Dünya müharibəsi dəmir yolu təsərrüfatına dağıdıcı təsirini göstərmişdir. Nəhayət, 1920-ci il dekabrın 2-də Naxçıvan İnqilab Komitəsinin qərarı ilə Naxçıvan dəmir yolu şöbəsi yaradılmışdır. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1926-cı il 20 oktyabr tarixli qərarı ilə Naxçıvan Dəmir Yolu Stansiyasının rəsmi açılışı olmuş, Şərur-Culfa sahəsindəki yol təsərrüfatı qurğularına xidmət göstərmək məqsədilə 1928-ci ildə Naxçıvan Yol Distansiyası fəaliyyətə başlamışdır. 1941-ci ildə isə ümumi uzunluğu 126 kilometr olan Mincivan-Culfa dəmiryol xətti istismara buraxılmış və Ordubad Yol Distansiyası yaradılmışdır.
Qeyd olunmuşdur ki, ölkəmizin dəmir yolu nəqliyyatının inkişafının ən sürətli və parlaq dövrü ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri əhatə edir. 1969-cu ildə respublika rəhbərliyinə gələn ulu öndərimizin həyata keçirdiyi tədbirlər nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və inkişafa nail olunmuşdur. Həmin illərdə muxtar respublikanın dəmir yolu infra­strukturunun təkmilləşdirilməsi istiqamətində də bir sıra uğurlu layihələr həyata keçirilmişdir. Belə ki, Naxçıvan-İmişli, Şərur-Culfa və digər sahələrdəki stansiyalarda yoldəyişdirici və işarəvermə qurğuları tam dispetçer mərkəzləşməsinə qoşulmuş, teplovozlar yenitipli elektrovozlarla əvəz olunmuş, dəmir yollarında istismar işinin səviyyəsi dəfələrlə artırılmışdır. 1976-cı ildə muxtar respublikada bu sahədə tələbatı təmin etmək və xidmətin səviyyəsini yüksəltmək məqsədilə dəmir yollarının Naxçıvan hissəsinin mərkəzi aparatı İmişli stansiyasından Naxçıvan şəhərinə köçürülmüşdür. Həmin dövrdən xidməti sahədə qatarların buraxılma qabiliyyəti, vaqon dövriyyəsi sürətlənmiş, yeni texnika və texnologiyanın tətbiqi geniş vüsət almışdır.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin dəmir yollarına da ciddi ziyan dəydiyini bildirən Mahir Əliyev demişdir ki, 240 kilometrdən çox dəmir yolu xətti erməni təcavüzünə məruz qalmış, Mehri-Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası Azərbaycanın digər ərazilərindən təcrid edilərək blokadaya salınmışdır. İşğala məruz qalıb dağıdılsa da, dəmir yolu infrastrukturu belə bir mürəkkəb vəziyyətdə fəaliyyətini dayandırmamış və daşınmaya olan tələbatın ödənilməsinə nail olunmuşdur. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra dəmir yolu nəqliyyatın bir qolu kimi tədricən inkişaf etməyə başlamışdır.
Vurğulanmışdır ki, bu gün Naxçıvan dəmir yolu infrastrukturu inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Pro­qramı” təsdiq edilmişdir. Proqramın icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, yol təsərrüfatının istismar imkanları daha da təkmilləşdirilmişdir. Xidməti ərazidə daşımaların səmərəli təşkili məqsədilə ötən illər Vəlidağ stansiyasında yükləmə meydançası, Qarabörk stansiyasında 180 paqonometr dalan yolu salınmış və 1060 paqonometr uzunluğunda yeni yol çəkilərək yüklərin boşaldılması meydançası yaradılmışdır. Bundan əlavə, dəmir yolu keçidləri yenidən qurulmuş və təhlükəsizlik tədbirləri görülmüş, idarə və strukturlarda mövcud olan köhnəlmiş rabitə avadanlıqları yenilənərək müasir texnologiyalara cavab verən simsiz rabitə şəbəkəsi qurulmuşdur.
Bildirilmişdir ki, ötən dövrdə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazası xeyli gücləndirilmiş, dəmiryolçular üçün nümunəvi iş şəraiti yaradılmışdır. Operativ idarə­etmənin təşkili və iş şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan, Şərur, Şahtaxtı, Culfa sərnişin vağzalı binalarında, stansiya idarəetmə mərkəzlərində, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Culfa vaqon müayinə məntəqəsinin inzibati binalarında, o cümlədən digər inzibati və yardımçı binalarda əsaslı təmir işləri başa çatdırılaraq müasir idarəetmə və xidmət şəraiti yaradılmışdır. Son illər 3 “Ekspress”, 2 oturacaq tipli sərnişin vaqonunun istilik sistemi bərpa olunmuş, 2 oturacaq tipli sərnişin vaqonu isə yay mövsümünə uyğun əsaslı təmir edilərək istismara buraxılmışdır. Bundan başqa, Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binasında, Culfa lokomotiv deposunda, Lokomotiv Briqadalarının İdarəetmə Mərkəzində, radiorabitə sexi binasında, Qarabörk və Şərur idarəetmə mərkəzlərində, eləcə də İnfrastruktur İdarəsinin inzibati binasında, 54 saylı Naxçıvan dartı yarımstansiyasında kompleks quruculuq işləri aparılmışdır.
Hazırda Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad dəmiryol sərnişin vağzalında, yol sahəsinin inzibati binasında, idarəetmə mərkəzində, yol sahəsinin yardımçı binalarında, yük anbarlarında, eləcə də onları əhatə edən ərazidə, sərnişin və yük platformalarında kompleks tikinti, yenidənqurma və əsaslı təmir işləri davam etdirilir.
Tədbirdə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin yol ustası, qocaman dəmiryolçu Məhərrəm Qurbanovun, Naxçıvan Dövlət Texniki Kollecinin III kurs tələbəsi Aylin Ələkbərovanın çıxışları olmuşdur.
Sonda bir qrup dəmiryolçuya fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr verilmişdir.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR