Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl xidmətin əməkdaşları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin adını daşıyan muzeydə ümummilli liderimizin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin akt zalında keçirilən tədbirdə xidmətin rəisi Əbil Əbilov məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 noyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti yaradılmışdır.
Vurğulanmışdır ki, Baytarlıq Xidmətinin yarandığı vaxtdan ötən hər il yeni baytarlıq obyektlərinin tikilməsi, mövcud obyektlərin əsaslı təmir edilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kəndlərdə baytar məntəqələrinə yüksək iş şəraitinin yaradılması, vaxtaşırı olaraq onların baytarlıq preparatları və ləvazimatlarla təchiz edilməsi diqqət mərkəzində saxlanılmışdır.
Belə ki, 2005-2015-ci illər ərzində Şərur, Sədərək, Şahbuz, Babək rayonlarının baytarlıq idarə və laboratoriyaları üçün yeni inzibati binalar tikilmiş, laboratoriyalar müasir avadanlıqlarla təmin olunmuşdur. Naxçıvan şəhərində isə Dövlət Baytarlıq Xidməti, Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, baytarlıq laboratoriyası, Naxçıvan Şəhər Baytarlıq İdarəsi və Naxçıvan Muxtar Respublikası Zoobaytar Təchizat İdarəsi yeni binalarla təchiz olunmuş, dərmanların, bioloji preparatların saxlanılması üçün iki böyük soyuducu kamera qurulmuşdur. Bununla bərabər, ayrıca cərrahiyyə otağı, elektron lövhə və baytarlıq təbabətinə aid materiallarla təmin olunmuş sinif otaqları, laboratoriya heyvanlarının saxlanılması üçün vivarium və yem anbarları yaradılmış, ümumilikdə, muxtar respublika üzrə 100-ə yaxın kənd baytar məntəqəsi tam təminatlı yeni iş otaqlarına köçürülmüşdür.
Laboratoriya şəbəkələri, xüsusilə Mərkəzi Baytarlıq Laboratoriyası son 10 ildə ən yeni avadanlıqlarla təmin olunmuş, ötən illərdə aparılan bakterioskopik, bakterioloji, seroloji, toksikoloji, virusoloji müayinələr sanitar-epizootoloji vəziyyətin aydınlaşmasına şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin fəaliyyəti mütəmadi olaraq rayon baytarlıq idarələrinin apardığı tədbirlərlə qarşılıqlı əlaqələndirilmiş, aparılan baytarlıq işləri elmi şəkildə əsaslandırılmış, əməkdaşlar tərəfindən müxtəlif mövzularda elmi-tədqiqat işləri aparılmış və bu istiqamətdə işlər davam etdirilir.
Bildirilmişdir ki, Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti ixtisası tədris olunur. Bu ali təhsil ocağında, həmçinin Naxçıvan Dövlət Texniki Kollecində Baytarlıq ixtisası üzrə təhsil alan tələbələrin yaradılmış şəraitdən səmərəli istifadə etmələri diqqət mərkəzində saxlanılır. Son illər təhsilini başa vurmuş tələbələrin əksəriyyəti baytarlıq xidmətinin müxtəlif sahələrində işlə təmin edilmiş, Elmi-Tədqiqat Baytarlıq Mərkəzində elmi-tədqiqat işlərinə cəlb olunmuşdur.
“Baytarlıq xidmətinin qarşısında qoyulan vəzifələrdən biri də heyvandarlıqda heyvanların baş sayı ilə bərabər, onların cins tərkibinin və məhsuldarlığının süni mayalanma yolu ilə artırılmasıdır. Bu istiqamətdə də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmiş, şəhər, rayon, kənd, qəsəbə baytarlıq məntəqələrinin bazasında fəaliyyət göstərən süni mayalanma şəbəkələri yaradılmış, zəruri avadanlıq və nəqliyyat vasitələri ilə təmin olunmuşdur”, – deyən Əbil Əbilov onu da bildirmişdir ki, baytarlıq xidmətinin işi təkcə heyvanların sağlamlığının qorunması, peyvəndlərin vaxtlı-vaxtında aparılması ilə bitmir. Bu gün bütün dünyada hamılıqla qəbul olunan fakt ondan ibarətdir ki, baytarlıq xidməti çoxşaxəli, iqtisadi, istehsal və biotəhlükəsizlik sistemidir. Çünki əhalinin ərzaq təminatının və onun təhlükəsizliyinin çox vacib və mühüm məsələləri məhz burada həll olunur. Belə bir deyim var: həkimlər ayrı-ayrı insanları müalicə edirsə, baytarlar bütün bəşəriyyəti qoruyur. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son illər muxtar respublikamızda heç bir yoluxucu xəstəliklər qeydə alınmamışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin direktoru Qadir Fərhadov, Ordubad və Şərur Rayon Baytarlıq idarələrinin rəisləri Pamir Hüseynov, Cəlal Kamalov, Dövlət Baytarlıq Xidmətinin gənc mütəxəssisləri Elnur Əliyev və Rübabə Hüseynova çıxış etmişlər.
Sonda xidmətin bir qrup əməkdaşı mükafatlandırılmışdır.
Kərəm Həsənov