Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında kənd yaşayış məntəqələrinin abadlaşdırılması öncül yer tutur. Əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin sonuna doğru muxtar respublikada son tamamlama işləri aparılan quruculuq obyektləri kifayət qədərdir və onlardan bəzilərinə ümumi bir nəzər salaq.
Muxtar respublikamızın ən böyük rayonlarından olan Babək rayonunun Yarımca kəndində 3 mərtəbəli kənd mərkəzində, 2 mərtəbəli həkim ambulatoriyasında, xidmət mərkəzində işlər yekunlaşdırılıb. Kənd tam orta məktəbinin binası da əsaslı şəkildə yenidən qurulub.
Xəlilli kəndində isə kənd mərkəzi ilə bərabər 144 yerlik məktəb binasında da işlər yekunlaşıb. Məktəbdə müəllim və şagirdlərin, kənd mərkəzində isə idarəetmə qurumlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradlıb. Hər iki kənddəki tikinti işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi həyata keçirib.
Şahbuz rayonunun Daylaqlı kəndində məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binaların inşası da artıq başa çatdırılıb. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin bir qrup inşaatçısına həvalə edilmiş obyektlərdə işlər keyfiyyətlə aparılıb. Buradakı 120 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarətdir. İdman zalı, kitabxana, laboratoriyalar, şahmat və kompüter otaqları, elektron lövhəli siniflər yeni məktəb binasında tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək. Kənd və xidmət mərkəzləri isə kənddəki idarəetmə qurumlarının səmərəli fəaliyyəti ilə yanaşı, sakinlərin rahatlığını təmin edəcək.
Culfa rayonunun Saltaq kəndi də yaxın vaxtlarda muxtar respublikanın müasirləşən kəndləri sırasına daxil olacaq. Belə ki, cari ilin mart ayından burada zirzəmi ilə birlikdə dördmərtəbəli məktəb binasının tikintisinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi tərəfindən tikintisi yekunlaşdırılan məktəb binası 215 şagird yerlikdir. Müasirtipli layihə əsasında inşa olunmuş məktəb binasında hazırda son tamamlama işləri görülür, ətrafda abadlıq işləri aparılır. Geniş və işıqlı siniflər, kompüter, şahmat otaqları, elektron lövhəli sinif, laboratoriya, idman zalı, hərbi kabinə, kitabxana məktəbdə təhsilin keyfiyyətnə öz təsirini göstərəcək.
Kənddə mövcud olan köhnə məktəb binası isə müasir layihə əsasında yenidən qurulub. Burada yeni kənd və xidmət mərkəzləri, eyni zamanda həkim ambulatoriyası fəaliyyət göstərəcək.
Şərur rayonunda isə Axaməd kəndi öz simasını büsbütün dəyişib. Belə ki, burada 192 şagird yerlik məktəb binasının, kənd və xidmət mərkəzlərinin inşası başa çatdırılıb. Tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsi tərəfindən aparılıb. İstifadəyə veriləcək obyektlərin ərazisində geniş abadlıq işləri görülüb, yaşıllıq və gülkarlıqlar üçün yerlər düzəldilib, su və işıqlandırma xətləri çəkilib.
Oğlanqala kəndi də bu quruculuq tədbirlərindən öz payını alıb. Buradakı zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 468 şagird yerlik məktəb binasında tədrisin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Digər iki obyekt – kənd və xidmət mərkəzləri isə kənd sakinlərinin rahatlığını təmin edəcək. Hazırda bu obyektlərdə son tamamlama işləri aparılır, ətrafda yeni gülkarlıqlar salınır.
Muxtar respublikanın ən gənc rayonu olan Kəngərli rayonunda isə Yurdçu kəndi bu il abadlaşdırılan kənd məntəqələrinin sırasına qoşulacaq. Qeyd edək ki, bu kənddəki yeni sosial obyektlərin inşası da yekunlaşdırılıb. Yeni məktəb binası 270 şagird yerlikdir. Təhsil ocağının binasında müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Kənd mərkəzi isə kənddə fəaliyyət göstərən dövlət qurumlarının səmərəli fəaliyyətinə imkan verəcək. Bu obyektlərin ətrafında abadlıq işləri aparılıb, yaşıllıq zolaqları yaradılıb. Bir az aralıda yerləşən xidmət mərkəzi kənd sakinlərinin zəruri tələbatlarının ödənilməsinə öz töhfəsini verəcək. Hazırda obyektlərin daxilində müvafiq avadanlıqların yerləşdirilməsinə başlanılıb.
Xəbərlər şöbəsi