Müasir cəmiyyətin iqtisadi və mədəni inkişafının əsas motivləri arasında insanın yaradıcı əməyinin mühüm rolu vardır. Bütün sahələrdə insan həyatını yaxşıya doğru dəyişdirən, innovativ yenilikləri ilə texnologiyanın da inkişafını şərtləndirən sahibkarlıq, bu mənada, əsl yaradıcılıq meydanıdır. Burada hər kəsin qüvvəsini sınamağa, bacarığını ortaya qoyub cəmiyyətə faydalı olmağa imkanı vardır. Əgər sahibkarlıq üçün münbit şərait yaradılıbsa, onda çəkilən zəhmət də gec-tez öz bəhrəsini verəcəkdir.
Sahibkarlıq fəaliyyəti bacarıq qədər eyni zamanda səbir və qətiyyət tələb edən bir sahədir. Əgər bu gün dünyanın tanınmış iri firmalarının keçdiyi inkişaf yoluna baxsaq, bir çoxlarının on illər keçəndən sonra ixtisaslaşma və rəqabət şərtlərinə necə uyğunlaşdıqlarını görə bilərik. Buna görə də sərbəst bazar iqtisadiyyatının yenicə təşəkkül tapdığı, sənayeləşmə və iqtisadi təhlükəsizlik məsələlərinin aktual olduğu bir şəraitdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi yalnız dövlət dəstəyi ilə həyata keçirilə bilər. 1990-cı illərin əvvəllərindən muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin təşəkkül tapmasınadək keçilən yol və əldə olunan müasir səviyyə bu qənaətə gəlməyə imkan verir.
Sahibkar və cəmiyyət
Geniş biznesə gedən yolda uğurlu günlərlə bərabər, çətinliklərlə dolu vaxtlar da vardır. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, sahibkarın özü də yaşadığı cəmiyyətin bir üzvüdür və onun gördüyü işlər bazarın tələbi ilə yanaşı, həm də sosial sifariş nəticəsində uğurlu layihəyə çevrilə bilər. Başqa sözlə, sahibkar zəmanəsinin ruhu ilə nəfəs alıb, öz işi ilə insanların ondan gözlədiyini verə bilirsə, o zaman həm özünə, həm də başqalarına faydalı olacaqdır. Muxtar respublikamızda sahibkarlığın inkişafı yoluna nəzər saldıqda, görürük ki, ötən dövr ərzində bu vacib sahənin öz üzərinə götürdüyü öhdəliklər, ümumən, bazar iqtisadiyyatı şəraitində mövcud olan dövlət-vətəndaş-sahibkar münasibətlərinin yetkinləşməsi ilə həllini tapmış və hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 87 faizə çatmışdır. Əgər nə zamansa sahibkar deyəndə, yalnız kiçik ticarətlə məşğul olan bir qrup insandan danışılırdısa, indi sahibkarlarımızın geniş layihələri sayəsində yüzlərlə növ və çeşiddə hazır məhsul, onlarla xidmət növü şəhərimizdəki ticarət mərkəzlərindən tutmuş ən ucqar kənddəki xidmət mərkəzinədək muxtar respublikanın hər yerində rifahımıza xidmət etməkdədir. Məhz sahibkar və cəmiyyət əlaqələrinin dərinləşməsi ilə bir zaman kiçik bizneslə işə başlayanlar təkcə özləri üçün deyil, bütün cəmiyyət qarşısındakı məsuliyyətlərini dərk edərək son 20 il ərzində muxtar respublikada yüksək texnologiyalar əsasında maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yüngül, yeyinti və kənd təsərrüfatı təyinatlı 844 istehsal və xidmət sahələri yaradılmasına müvəffəq oldular. Muxtar respublikada yerli istehsalın inkişaf etdirilməsi daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynadı. İqtisadi təhlükəsizliyin əsası sayılan bu şərtlər isə ümumilikdə, blokadada yaşayan Naxçıvan Muxtar Respublikası üçün ikiqat həyati əhəmiyyətli idi.
Sahibkar və vətəndaş
Sahibkar və vətəndaş münasibətləri çoxşaxəlidir. Hər bir vətəndaşın sahibkarlara qarşı olan tələbkarlığı qədər sahibkarın da öz vətəndaşından umduğu təəssübkeşlik vardır. Bu mənada, ötən dövr ərzində yerli istehsal məhsullarımıza olan marağın artmasını, muxtar respublikanın istehlak bazarında idxaləvəzləyici yerli məhsulların üstünlüyünü ən mühüm uğurlarımızdan biri adlandırmaq olar. Sahibkarlarımız rəqabətədavamlılıq kimi sərt biznes qanununun tələbinə uyğunlaşmaqla eyni zamanda muxtar respublika sakinlərinin də gözlədiyi keyfiyyət standartlarına uyğun məhsullar istehsal etməyi mənimsədilər. İndi artıq muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 119 növdə, 510 çeşiddə ərzaq, 238 növdə, 599 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 357 növdə, 1109 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 107 növdə ərzaq, 232 növdə qeyri-ərzaq olmaqla, 339 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi muxtar respublikamızda idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhali tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaratmışdır. Muxtar respublikada sahibkarlığın inkişafı nəticəsində yaradılan yeni iş yerləri bu sahənin sosial məsələlərin həllindəki rolundan xəbər verir. Təkcə 1 oktyabr 2003-cü ildən 1 oktyabr 2015-ci il tarixədək dövrdə yaradılan müəssisələrdə 65 min 700-dən artıq yeni iş yeri açılmışdır.
Sahibkar və dövlət
Azad bazar iqtisadiyyatında sahibkarlığın inkişafına verilən dövlət dəstəyinin əhəmiyyətini dünyanın ən inkişaf etmiş ölkələrinin timsalında görmək olar. Bu dövlətlərdə aparılan iqtisadi inkişaf siyasəti özəl sektorda adi kərpic istehsalından tutmuş kosmik sənaye məhsullarınadək mürəkkəb texnoloji avadanlıqlar istehsalına şərait yaradır. Sahibkarlığın müxtəlif sahələrə nüfuz etməsi ilə yaranan işgüzar münasibətlər ona gətirib çıxarır ki, rəqabət şəraitində özəl sektorda hər bir məhsulun ən yaxşısının, hər bir xidmətin ən keyfiyyətlisinin istehsalı üçün əsl yarış başlanır. Bu da hər bir dövlət üçün zəruri olan və bir çoxları tərəfindən “dayanıqlı inkişaf” kimi də adlandırılan bir dinamikanın ən sadə formuludur. Ona görə də dövlətin özəl sektora olan diqqətinə, onun buradakı tənzimləyici roluna ölkənin və millətin gələcəyi prizmasından yanaşmaq lazımdır.
Muxtar respublikamızda sahibkarlığa göstərilən dövlət dəstəyini bir çox cəhətlərinə görə xarakterizə etmək mümkündür. Bunlar ilk olaraq muxtar respublikanın sosial-iqtisadi inkişaf istiqamətlərinə və düşdüyü blokada şəraitinin çətinliklərinə görə gələcək prioritetlərin müəyyən edilməsi ilə əlaqədar olmuşdur. Muxtar respublikanın yerli xammal və enerji resurslarının, əhali ehtiyatlarının və ixtisaslı kadrların gücündən rasional istifadə olunması şərti ilə iqtisadi layihələrə start verilməsi məhz 20 il əvvəl bazar iqtisadiyyatına keçmiş bir cəmiyyətin reallığı idi. Belə bir şəraitdə dövlətin qarşısında duran vəzifə muxtar respublikaya investisiya axınını sürətləndirmək, istifadəsiz qalmış sahələri canlandırmaq və indiyədək heç bir vaxt Naxçıvanda görülməsi mümkün sayılmamış layihələri gerçəkliyə çevirmək idi. Və ötən dövrdə bütün bu işlər məhz dövlət-sahibkar işbirliyinin nəticəsində mümkün olmuşdur.
Qısa müddətdə muxtar respublika iqtisadiyyatının gücləndirilməsi üçün görülmüş bu işlər öz bəhrəsini vermişdir. Belə ki, əgər 1995-ci ildə muxtar respublika iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 3 milyon 49 min manat idisə, bu göstərici 2014-cü ildə 303,3 dəfə artaraq 925 milyon manat təşkil etmişdir. Ümumilikdə, son 20 ildə muxtar respublika iqtisadiyyatına 6 milyard 276 milyon manat investisiya yönəldilmişdir. İqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişaf etdirilməsi, muxtar respublikanı aqrar regiondan sənaye regionuna çevirmək üçün qarşıya konkret vəzifələr qoyulmuşdur. Və nəticədə, 1995-ci ilin sonunda muxtar respublikada mövcud olmuş cəmi 56 sənaye müəssisəsinin sayı 15,1 dəfə artmış, istehsal olunmuş sənaye məhsulunun həcmi isə 97,6 dəfə artaraq 891 milyon manata çatmışdır.
Muxtar respublikada sahibkarlığa dövlət dəstəyi xüsusən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə güclü təkan vermişdir. Biznesə yeni başlayan kiçik və orta sahibkarlıq qurumlarına maliyyə dəstəyi göstərmək və bölgələrdə əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Fondu yaradılmış, fondun vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilməkdədir. Belə ki, 2000-ci ildən 1 oktyabr 2015-ci il tarixədək sənaye, xidmət, kənd təsərrüfatı təyinatlı 1196 layihənin maliyyələşdirilməsinə 117 milyon manatdan çox vəsait yönəldilmişdir.
Naxçıvanlı sahibkarların istehsal etdiyi məhsulların sorağı artıq onun hüdudlarını çoxdan aşmışdır. Bu gün muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı 40 müəssisədə istehsal olunan ixracyönümlü məhsullar Türkiyə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Belarus, Litva, Türkmənistan, Rusiya və İran kimi ölkələrə göndərilir. Naxçıvandan xaricə ixrac edilən əmtəələr arasında elektrik enerjisindən tutmuş mineral sulara, dekorativ daş məhsullarından avtomobillərə, tikinti materiallarından sementə, mebel məhsullarınadək çox sayda hazır məhsul vardır. Naxçıvanlı sahibkarların xarici ticarət əlaqələrinin genişlənməsi ilə 2009-cu ildən başlayaraq muxtar respublikanın xarici ticarətində müsbət saldo yaranmışdır.
Sahibkarların məhsullarının dünya bazarında tanınmasına imkan verən ən son texnoloji yeniliklərlə təminat məsələsi dövlətin diqqət mərkəzindədir. Sahibkarların istehsal etdiyi məhsullara ştrixkod almağı asanlaşdırmaq məqsədilə 2013-cü ilin yanvar ayında “Qlobal Standart 1” MMC ilə “Naxçıvan Biznes Mərkəzi” MMC arasında müqavilə imzalanmış, müqavilə əsasında 37 yerli istehsalçı şirkət beynəlxalq GS 1 sisteminə daxil edilmiş, 627 yeni ştrixkod verilmişdir. Sahibkarların dünya biznes mühiti ilə əlaqələrini daha da genişləndirmək məqsədilə xarici dövlətlərin rəsmi və işgüzar dairələrinin iştirakı ilə ardıcıl və ənənəvi biznes forumlar keçirilmişdir. 2004-2010-cu illərdə təşkil edilən Azərbaycan-Türkiyə biznes forumları, 2014-cü ildə 75 xarici şirkətin və 120-dən çox yerli sahibkarın iştirakı ilə Naxçıvan şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı muxtar respublikanın işgüzar həyatında əlamətdar hadisələrdəndir. Ümumilikdə, 2002-2015-ci ilin ötən dövr ərzində yerli və xarici ölkələrdə keçirilən 217 biznes-forum, sərgi və konfransda 1177 sahibkarın iştirakı təmin edilmişdir. Muxtar respublikamızda yerli məhsulların keyfiyyətinin yüksəldilməsi, həmin malların xarici bazarlara çıxışı, yerli brendlərin yaradılması və digər sahələrdə mövcud fəaliyyətlərin təkmilləşdirilməsi məqsədilə ötən il Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Naxçıvanlı sahibkarlara göstərilən dövlət qayğısı bu vacib sahəyə maraq göstərənlərin sayını hər keçən gün artırmaqdadır. Təkcə 2015-ci ilin 9 ayı ərzində muxtar respublikada 17 hüquqi və 2307 fiziki şəxs qeydiyyata alınmışdır. İş adamlarının sayının çoxalması isə cəmiyyətin bir çox problemlərinin həlli deməkdir. Yerli sahibkarlar ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vurğuladığı kimi: “Sahibkarlar cəmiyyətin ən təşəbbüskar, elmi-texniki yenilikləri daha tez mənimsəyən və istehsalatda tətbiq edən sosial təbəqəsidir. Cəmiyyətin sosial təbəqəsi kimi onlar yaradılmış şəraitdən, maliyyə imkanlarından, texnikadan, torpaqdan istifadə edirlər. Bu gün dövlət sahibkarlığın inkişafı üçün hər cür dəstəyi göstərir. Bundan sonra da göstərəcəkdir. Sahibkarlar da, öz növbəsində, dövlətin və cəmiyyətin inkişafı üçün öz dəstəyini göstərməlidirlər... Bu yolla gedərək, dövlət-sahibkar-işçi münasibətlərində qarşılıqlı inam, hörmət və etibarı daha da möhkəmləndirərək qarşıda dayanan vəzifələrin icrasına nail olmalıyıq”.
Əli Cabbarov
Yazı “Naxçıvan: müstəqillik illərində” gənclər
arasında yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür