23 Dekabr 2024, Bazar ertəsi

Təcrübə sübut edir ki, elmi biliklərə əsaslanmaqla görülən hər iş gec-tez uğur qazanır. Kənd təsərrüfatı sahəsində əldə olunmuş biliklərin öyrənilərək yayılması, elmi nəticələrin ərazi xüsusiyyətlərinə görə bitkiçilik və heyvandarlıqda tətbiq olunması yüksək məhsuldarlıq verməklə bərabər, gələcəkdə etibarlı ərzaq təminatı üçün də elmi baza yaradır. Muxtar respublikamızda fəaliyyət göstərən Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin də fəaliyyəti məhz Naxçıvan Muxtar Respublikası əhalisinin il boyu yerli kənd təsərrüfatı məhsulları ilə təminatında elmin son nailiyyətlərinə əsaslanan becərmə texnologiyalarının tətbiqinə yönəlmişdir.

Əvvəlcə onu qeyd edək ki, Kompleks Zona Təcrübə Stansiyası kimi yaradılan bu müəssisə 1988-ci ildən “Araz” Elm-İstehsalat Birliyi kimi fəaliyyətini davam etdirir. 1997-ci ildə birliyə görkəmli ictimai xadim, təbiətşünas-alim, akademik Həsən Əliyevin adı verilmişdir.

Hazırda birliyin nəzdində 5 şöbə, Şərur, Ordubad dayaq məntəqələri, Şıxmahmud, Nehrəm sort sınaq məntəqələri və yardımçı təcrübə təsərrüfatı fəaliyyət göstərir. İstər şöbələrdə və məntəqələrdə, istərsə də yardımçı təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasının rayonlarının torpaq-iqlim şəraitinə uyğun elmi-tədqiqat işləri davam etdirilməkdədir.
“Araz” Elm-İstehsalat Birliyinin baş direktoru Bəhruz Bayramovla söhbət zamanı bildirdi ki, burada bir çox istiqamətdə elmi tədqiqatlar aparılmaqdadır. Bunlardan muxtar respublikada yerli və gətirilmə süfrə üzümü sortlarının öyrənilməsi, onların genetik fondunun toplanılması, keyfiyyət göstəricilərinin artırılması yollarının tətbiqi və tingçiliyinin təşkili, Şərur rayonu şəraitində mineral gübrələr fonunda müxtəlif əkin müddətlərində mikrogübrələrin qarğıdalı bitkisinin, Culfa rayonu şəraitində üzvi gübrələr fonunda mineral gübrələrin texniki və süfrə üzümü sortlarının məhsuldarlığına və məhsulun keyfiyyətinə təsiri, muxtar respublikanın suvarılan boz torpaqlarında müxtəlif əkin müddətlərində və müxtəlif əkin sıxlığında kartof bitkisi sortlarının yeni səmərəli becərilmə texnologiyasının işlənib hazırlanması kimi mövzular maraq doğurur. Bu istiqamətlərdə aparılan elmi araşdırmaların gələcəkdə uğurlu nəticələr verəcəyi gözlənilir.
Birliyin yardımçı təcrübə təsərrüfatı Babək rayonunun Şıxmahmud kəndi ərazisində yerləşir. Təsərrüfatın 83,69 hektar torpaq sahəsi mövcuddur. Əkinəyararlı 72 hektar ərazidə müxtəlif kənd təsərrüfatı bitkiləri əkilərək elmi sınaqlardan keçirilir. Təsərrüfat həm də toxumçuluq istiqamətində formalaşmışdır. Burada taxılçılıq, kartofçuluq, bostançılıq, şəkər çuğunduru, yemçilik və sair bitkilər üzrə əkin texnologiyalarının tətbiqinə nail olunmuşdur. Muxtar respublikamızda kartofçuluğun inkişaf etdirilməsi üçün tez, orta və gecyetişən kartof toxumları gətirilərək yardımçı təcrübə təsərrüfatında və Şərur dayaq məntəqəsində sınaqdan keçirilmiş, əl əməyindən minimum istifadə olunmaqla kartofun yeni səmərəli becərmə texnologiyaları tətbiq olunmuş, muxtar respublikanın Arazboyu aran zonasında kartof bitkisinin yüksək məhsul verməsi elmi cəhətdən sübuta yetirilmişdir.
Birliyin elmi əməkdaşları bu günə kimi Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun və BMT-nin ərzaq təşkilatı olan FAO-nun yetişdirdiyi buğda və arpa sortlarını sınaqdan keçirərək bir neçə buğda və arpa sortunun rayonlaşdırılması­na nail olmuşlar. Akademik Cəlal Əliyevin rəhbərliyi altında yetişdirilən payızlıq buğda sortlarından “Qobustan”, “Bərəkətli-95”, “Nurlu-99”, “Pərzivan”, “Şiraslan”, payızlıq arpa sortlarından isə “Qarabağ-22”, “Cəlilabad-19” muxtar respublikanın iqlim-torpaq şəraitində daha uğurla sınaqdan keçmiş, birliyin yardımçı təcrübə təsərrüfatında artırılaraq fermer təsərrüfatlarına verilmişdir. Birliyin əməkdaşları tərəfindən “Kəhrəba” buğda, “İstiqlal” arpa, “Şərur” buğda sortları yaradılmış və istehsalata verilmişdir. Taxılçılıqda şırım üsulu ilə becərilmə texnologiyasının işlənib hazırlanması və tətbiqi ilk dəfə birliyin yardımçı təcrübə təsərrüfatında sınaqdan keçirilmiş, bu istiqamətdə dəfələrlə tarla seminar müşavirələri təşkil olunmuşdur. Artıq muxtar respublikanın hər yerində taxılçılar bu üsuldan istifadə edirlər. Birliyin əməkdaşları tərəfindən ötən dövr ərzində muxtar respublikanın rayon və kəndləri üzrə əkiləcək torpaqların illik gübrə tələbatları hesablanmış, rayon və şəhər icra hakimiyyəti orqanlarına göndərilmişdir.
“Araz” Elm-İstehsalat Birliyinin fəaliyyətinin genişləndirilməsinə mühüm dövlət dəstəyi göstərilir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, təqribən, 15 il bundan əvvəl birliyin bir ədəd belə istifadəyə yararlı şum traktoru yox idi. Göstərilən dövlət qayğısı sayəsində birliyin yardımçı təcrübə təsərrüfatının maddi-texniki bazası yaxşılaşdırılmışdır. Belə ki, indi burada 3 ədəd traktor, 2 ədəd toxumtəmizləyən vim aqreqat, 3 ədəd şum kotanı, 1 ədəd toxumsəpən, 1 ədəd kartofəkən, 1 ədəd kartofçıxaran və digər kənd təsərrüfatı texnikaları vardır. Bundan əlavə, xırman kompleksi inşa edilmiş, əraziyə asfalt yol çəkilmişdir ki, bunun da sayəsində biçilmiş taxılın vim aqreqatında çeşidlənməsi üçün əlverişli şərait yaradılmışdır.
2015-ci il ölkəmizdə və muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Bu mürəkkəb və vacib sahənin fəaliyyətinin genişləndirilməsi indi bütün aidiyyəti qurumlar üçün mühüm vəzifədir. “Araz” Elm-İstehsalat Birliyi də öz fəaliyyətini bu istiqamətdə qurur. Çünki elmə əsaslanan əkinçilik sistemi əhalinin ərzaq təminatında və məhsul bolluğu yaradılmasında hər zaman etibarlı sayılır.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR