23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuş, müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması nəticəsində Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi sürətlə yüksəlmiş, ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə artmışdır.

Naxçıvan Muxtar Respublikası tarixən sənaye sahəsində Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutmuşdur. Sənaye sahəsi XX əsrin ortalarından etibarən daha da inkişaf etməyə başlamışdır. 1970-85-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvan Muxtar Respublikasına 900 milyon manat sərmayə qoyulmuşdur. İqtisadiyyata əsaslı vəsait qoyuluşunun artırılması ilə Naxçıvan tütün-fermentasiya, alüminium qablar zavodları, dəmir-beton məmulatı zavodunun birinci növbəsi, “Sirab” mineral sular, iki şərab zavodları istifadəyə verilmiş, Ordubad baramaaçan və Naxçıvan tikiş fabrikləri yenidən qurulmuş və genişləndirilmişdir.

SSRİ-nin dağılması ilə respublikalar arasında mövcud olan əlaqələrin kəsilməsi, Ermənistanın respublikamıza qarşı elan olunma­mış müharibəsi və bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq qarşıya çıxan problemlər ölkə iqtisadiyyatında olduğu kimi, Naxçıvan iqtisadi rayonuna da öz mənfi təsirini göstərmişdir. Muxtar respublikanın blokada şəraitində olması isə sosial-iqtisadi inkişafa daha böyük zərbə vururdu. Sənaye məhsulunun həcminin azalması ilə yanaşı, onun sahə strukturunda da geriləmə baş vermiş, bu azalma yeyinti sənayesində özünü daha çox göstərmişdir. Sonrakı illərdə sənaye sahəsinin böhrandan çıxarılması üçün mühüm tədbirlər görülmüş, qəbul olunmuş dövlət pro­qramlarının reallaşdırılması sənayenin inkişafına güclü təkan vermiş, 2014-cü ildə 2000-ci ilə nisbətən mədənçıxarma sənayesində 10,3 dəfə, emal sənayesində 73,2 dəfə, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahəsində 17 dəfə artım əldə olunmuşdur.
Tarixə nəzər salarkən görürük ki, Naxçıvan Muxtar Respublikası aqrar iqtisadiyyatdan sənaye istehsalına qədər uzun bir inkişaf yolu keçmiş və 2008-ci ildən etibarən ilk dəfə olaraq sənaye məhsulunun istehsalı kənd təsərrüfatı məhsulunun istehsalını ötmüşdür. Muxtar respublikanın müasir iqtisadi potensialı, sahib olduğu əkinçilik, heyvandarlıq, mədən xammalları Naxçıvanın öz imkanları hesabına təkcə iqtisadi deyil, həm də sosial aspektlərlə bağlı olan sənayeləşmənin daha da sürətlənməsinə imkan verir. Təbii sərvətlərin son məhsula çevrilməsi iqtisadi inkişafda əsas məsələlərdən biridir. Çünki ucuz qiymətə istehsal etdiyimiz hər hansı kənd təsərrüfatı məhsulunu xaricə ucuz qiymətə satıb əvəzinə baha qiymətə emal olunmuş hazır məhsulu almaq iqtisadiyyata həmin fərq qədər ziyan verirsə, o məhsulu özümüz istehsal edib son məhsula çevirməklə əhalini ucuz məhsulla təmin edib ümumi daxili məhsulu artırmaq iqtisadiyyata bir o qədər xeyir verir. Emal müəssisələrinin sayı artdıqca istehsal artır, daxili bazar formalaşır, əhalinin məşğulluq səviyyəsi yaxşılaşır və alıcılıq qabiliyyəti yüksəlir. Beləcə, dövlətin iqtisadi imkanlarının artması yeni-yeni layihələrin həyata keçirilməsinə şərait yaradır.
Xammalın hazır məhsula çevrilməsi enerji mənbələrinin mövcudluğundan asılıdır. Yəni sənaye üçün lazım olan əsas amil elektrik enerjisidir. Ötən əsrin 90-cı illərində elektrik enerjisi qıtlığından çox böyük çətinliklər yaşayan muxtar respublika bu gün özünü nəinki elektrik enerjisi ilə tam təmin edir, hətta tələbatdan artıq elektrik enerjisini ixrac istiqamətində yönəltməklə valyuta qazanır. Son illərdə Naxçıvanda istifadəyə verilən elektrik stansiyaları Naxçıvanın enerji təhlükəsizliyinin tam təmin edilməsi üçün geniş imkanlar yaratmışdır. Hazırda muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində yeni Günəş elektrik stansiyasının quraşdırılması enerji təhlükəsizliyini daha da möhkəmləndirəcəkdir.
2014-cü ildə 2005-ci ilə nisbətən muxtar respublikada sənaye sahəsinə yönəldilən investisiyaların həcmi 5,1 dəfə artmış, əsas fondların dəyərində isə 7,1 dəfə yüksəlmə qeydə alınmışdır.
Sənayeləşmə siyasətinin həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlərin rəqəmlərlə ifadəsi onu göstərir ki, 2014-cü ildə 2003-cü ilə nisbətən sənaye məhsulunun həcmi 50,7 dəfə, 1995-ci illə müqayisədə isə 98 dəfə artmışdır. Sənaye məhsulunun ümumi daxili məhsulda xüsusi çəkisi 2004-cü ildəki 10,6 faizdən 2014-cü ildə 30,7 faizə çatmışdır. Qeyd edək ki, hazırda muxtar respublikamızda fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, mebel, bir sıra hazır metal məmulatları, qeyri-metal mineral məhsulları, kimyəvi məhsullar, rezin və plastmas, kağız və karton məmulatları, tikiş və toxuculuq məhsulları və sair istehsal olunur. Naxçıvan Muxtar Respublikası bir çox sənaye məhsulları üzrə özünü təmin edir və bir sıra sənaye müəssisələrinin məhsullarını xarici bazarlara çıxarır.
Muxtar respublikanın perspektiv inkişafı üçün sənaye sahəsində dövlət siyasətinin əsas məqsədləri sənaye istehsalının dayanıqlı və yüksək artım tempinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi, modernləşdirilməsi və səmərəliliyinin artırılmasıdır. Sənaye parkının yaradılması göstərilən hərtərəfli xidmət, stimullaşdırma tədbirlərinin həyata keçirilməsi ilə rəqabətqabiliyyətli, daxili və xarici bazarın tələbatına uyğun məhsul istehsalına, istehsalın perspektiv fəaliyyətinə, istehsal vasitələrindən effektiv istifadəyə və beləliklə, sənayenin kompleks inkişafını tənzimləməyə imkan verəcək. Mövcud dünya standartlarına uyğun olaraq mütərəqqi texnologiyalar əsasında qurulmuş belə müasir müəssisələr yalnız iqtisadi cəhətdən deyil, həm də yeni iş yerlərinin açılması ilə sosial baxımdan da mühüm əhəmiyyət kəsb edir.
Yeni beşillik proqram növbəti illərdə də sənaye sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olunmasına yönəlmişdir. Bu proqram təkcə yeni sənaye müəssisələrinin yaradılmasını deyil, həm də onların beynəlxalq standartlar və müasir texnologiyalar əsasında qurulmasını tələb edir. Dağ-mədən sənaye müəssisələrinin fəaliyyətinin bərpası, texnoparkların, sənaye komplekslərinin, sənaye şəhərciklərinin və tibb sənayesinin yaradılması kimi əhəmiyyətli tədbirlərin həyata keçirilməsi də proqramda öz əksini tapmışdır.
Sənaye məhsulunun həcminə görə iqtisadi rayonlar arasında öncül yerlərdən birini tutan Naxçıvanın sürətlə inkişaf edən sənaye sektoru artıq milli iqtisadiyyatımızın yüksək gəlir gətirən perspektivli sahəsinə çevrilmişdir.

Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR