Şəhərimizdəki Mərkəzi bazarda təşkil olunan yarmarkada bolluqdur
Xalqımız ən dəyərli və müqəddəs bayramlarımızdan biri olan Novruzu qarşılamağa hazırlaşır. Hamı çalışır ki, bu bayramda süfrəsi bol olsun. Ona görə də müxtəlif şirniyyatlar hazırlanır, səməni cücərdilir, digər işlər görülür. Dükan-bazarlarımızda da ilin başqa vaxtlarından fərqli olaraq bolluq müşahidə edilir.
Bir neçə ildir ki, Naxçıvan şəhərində bayramqabağı təşkil olunan yarmarkalar bu əziz bayramı layiqincə keçirməyə imkan verir. Regionun müxtəlif yerlərindən yarmarkaya gətirilən məhsullar həm keyfiyyəti, həm də qiymətinin ucuzluğu ilə insanların bayram tələbatlarını ödəyir. Ötən şənbə günündən başlayaraq bayram yarmarkasına start verilib. Biz də həmin gün yarmarkaya üz tutduq. Burada yaradılmış şəraitlə yaxından tanış olduq. Qeyd edək ki, gördüklərimiz muxtar respublikanın iqtisadi mənzərəsini əks etdirmək baxımından insanda xoş duyğular oyadırdı. Yarmarkadakı qələbəlik isə belə deməyə əsas verirdi ki, insanlar bu tədbirdən xeyli razıdırlar. Öncə onların bir neçəsi ilə görüşüb həmsöhbət olduq. Naxçıvan şəhər sakini Vəli Şabanov bildirdi ki, bu tədbir bütün şəhər camaatının ürəyincədir. Bayram üçün almaq istədiyimiz məhsulların hamısına burada rast gəlmək olar. Qiymətlər də mağazalarda olan qiymətlərdən aşağıdır. Əsas məsələ ondadır ki, məhsulların hamısı yerli istehsaldır. Deməli, builki Novruz bayramında da süfrələrimizin bəzəyi öz məhsullarımız olacaq.
Özünü Zahid Qasımov kimi təqdim edən daha bir alıcının da fikirlərini öyrəndik:
– Muxtar respublikamızın son illərdəki inkişafı həyatımızın bütün sahələrində özünü göstərir. Neçə illər bundan əvvəl bayrama hazırlaşarkən xeyli çətinliklərlə üzləşirdik. Aldıqlarımızın çoxu xarici ölkələrdən gətirilmiş məhsullar idi. Onların da dadı-tamı haqqında danışmağa dəyməz. Sağ olsun dövlətimizi. Artıq heç bir çətinlik çəkmədən yarmarkadan bayram üçün istədiyimizi almaq imkanı yaradılıb.
Culfa rayonunun Yaycı kənd sakini Əli Kazımov bu şəraiti yaradanlara minnətdarlığını bildirərək vurğuladı ki, məhsulların qiymətinin ucuzluğu həmin məhsulların yarmarkaya çıxarılmasında heç bir problemin olmaması ilə bağlıdır. Burada istehsalçılardan rüsum alınmır. Onlar elektron tərəzi ilə təmin olunurlar. Bütün bunlar alıcıların və satıcıların ürəyincədir.
Qeyd edək ki, həmin gün yarmarkaya muxtar respublikanın 121 yaşayış məntəqəsindən müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Eyni zamanda yarmarkada muxtar respublikada fəaliyyət göstərən 34 istehsal müəssisəsindən gətirilmiş 52 adda, 185 çeşiddə məhsul satılırdı.
Yarmarka bayram günlərinə qədər davam etdiriləcək.
Xəbərlər şöbəsi