Muxtar respublikada fəaliyyət göstərən banklar və bank olmayan digər kredit təşkilatları tərəfindən iqtisadiyyatın ayrı-ayrı sahələrinə verilən kreditlər həmin sahələrdə məhsul istehsalının artımına, istehsal olunmuş məhsulların ixracına, məşğulluğun artırılmasına, ümumilikdə, muxtar respublika iqtisadiyyatının bütün sahələrinin inkişafına birbaşa və dolayı yolla təsir edir.
İqtisadiyyatın müxtəlif sahələri üzrə aparılan kreditləşmə prosesi 2015-ci ilin ilk 10 ayında da banklar və bank olmayan kredit təşkilatları tərəfindən uğurla davam etdirilmişdir. Ümumilikdə, 2015-ci ilin yanvar-oktyabr ayları ərzində muxtar respublika iqtisadiyyatının inkişafı üçün verilmiş kreditlər 61 milyon 945 min manat olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 497 min manat artım deməkdir. Verilmiş kreditlər sənaye, tikinti, ticarət, nəqliyyat, daşınmaz əmlakla əlaqədar ipoteka krediti, digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi üçün istehlak, kənd təsərrüfatı və digər sahələri əhatə edir.
Bu sahələr içərisində kənd təsərrüfatı mühüm yerlərdən birini tutur. Belə ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə, sahibkarlara bəhs olunan dövrdə 17 milyon 541 min manat kredit verilmişdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 8 min manat çoxdur. Kənd təsərrüfatı sahəsinə yönəldilmiş kreditlər 10 ay ərzində verilmiş ümumi kreditlərin 28,3 faizini təşkil etməkdədir. Kənd təsərrüfatının da ayrı-ayrı sahələri üzrə verilən kreditlərin həcmində artım tempi müşahidə olunmaqdadır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı sahələri arasında kreditlərin daha çox artımla müşahidə olunduğu sahə heyvandarlıqdır. Bu sahəyə verilmiş kreditlərin həcmi 14 milyon 641 min manat olmuşdur ki, bu da kənd təsərrüfatı üzrə verilmiş kreditlərin 84 faizini təşkil edir. Bu müddət ərzində kartofçuluğun inkişafına 169 min manat kredit verilmişdir. Cari ildə əvvəlki illərlə müqayisədə soğan və qarğıdalı əkinlərinə maraq daha da artmış və bu məqsədlə müvafiq olaraq bu sahələrə 49 və 37 min manat həcmində kredit verilmişdir. Quşçuluğun inkişafına verilmiş kreditlərdə də ötən ilin müvafiq dövrü ilə müqayisədə 657 min manat artım olmuş və 721 min manat təşkil etmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə verilmiş kredit resurslarında artım sənaye, daşınmaz əmlak və nəqliyyat, rabitə sahələrində də müşahidə edilmişdir. Belə ki, sənayenin inkişafı məqsədilə cari ilin 10 ayı ərzində 14 milyon 188 min manat kredit verilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 921 min manat çoxdur. Qeyd olunan dövr ərzində daşınmaz əmlakla əlaqədar 5 milyon 348 min manat ipoteka krediti verilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 369 min manat çoxdur. Nəqliyyat və rabitə sahəsinin inkişafı məqsədilə verilmiş kreditlər isə bu müddət ərzində verilmiş ümumi kreditlərin 10 faizini təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 906 min manat artmış və 5 milyon 921 min manat təşkil etmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cəlb edilmiş kreditlərin həcmində azalma, əsasən, sosial və şəxsi xidmətlərin göstərilməsi ilə əlaqədar verilmiş istehlak kreditlərində müşahidə edilmişdir. Belə ki, cari ilin 10 ayı ərzində verilmiş istehlak kreditlərinin həcmi 13 milyon 13 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 144 min manat azdır.
Hafiz İSMAYILBƏYLİ
Mərkəzi Bankın Naxçıvan Muxtar
Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin mütəxəssisi