Yeraltı və yerüstü sərvətlərlə zəngin muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə məqsədilə daha bir nəhəng layihə reallaşdırılmış, 2012-ci ildə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Sement Zavodunun tikintisi uğurla başa çatdırılmışdır. Əvvəlcə muxtar respublika ərazisində “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının mütəxəssisləri tərəfindən sement istehsalı üçün xammal mənbələrinin müəyyən olunması məqsədilə geoloji axtarışlar aparılmışdır. Yataqlarda lazımi xammal aşkar olunduqdan sonra onun tərkibi Türkiyənin Sement İstehsalçıları Birliyi tərəfindən və Çin Xalq Respublikasının bu sahə üzrə ixtisaslaşmış laboratoriyalarında yoxlamadan keçirilmişdir.
Laboratoriyalardan müsbət rəylər alındıqdan sonra Kəngərli rayonunda 150,6 hektarlıq ərazidə yeni Sement Zavodunun tikintisinə başlanılmışdır. Öz əhəmiyyətinə və çəkilən xərclərin miqyasına görə son 20 ilin ən böyük layihələrindən olan zavodun inşası “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının təcrübəli mütəxəssisləri və inşaatçıları tərəfindən həyata keçirilmişdir. Burada istehsal sahələri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, inzibati və iaşə xidməti binaları tikilmiş, Naxçıvan-Sədərək magistralından zavodadək 2 kilometr məsafədə yeni avtomobil yolu çəkilib asfalt-beton örtük salınmış, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, hazır məhsulun daşınmasına da hərtərəfli şərait yaradılmışdır.
2012-ci il mayın 30-da muxtar respublikamızda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Sement Zavodunun açılış mərasimində iştirak etmişdir. Ölkə başçısı Böyük İpək Yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistral avtomobil yolunun açılış mərasimindəki çıxışında regionumuzda həyata keçirilən digər infrastruktur layihələrlə yanaşı, Naxçıvan Sement Zavodunun da ölkəmiz üçün mühüm əhəmiyyətli sahə olduğunu bildirərək demişdir: “İnşaat materialları, demək olar ki, artıq daxili imkanlar hesabına formalaşır. Bu gün Sement Zavodunun açılışını qeyd etmişik. Bu, məni çox sevindirir. Çünki bu, ölkəmiz üçün lazımdır... Naxçıvan Sement Zavodu sementə olan ehtiyacı tam şəkildə ödəməyə imkan verəcək və idxaldan asılılıq aradan qaldırılacaq”.
Çin və Türkiyə istehsalı olan avadanlıqların quraşdırıldığı ağır sənaye müəssisəsində 18 əsas istehsal bölməsi mövcuddur. Bütün xammal növləri muxtar respublikanın yataqlarından əldə olunur. Əsas xammal olan əhəngdaşı, mergel və köməkçi xammallar – dəmirli gil Kəngərli rayonunun Çalxanqala, kvars Şərur rayonunun Gümüşlü, gips isə Babək rayonunun Nehrəm kəndləri yaxınlığındakı yataqlardan çıxarılır. Məlumat üçün qeyd edək ki, zavodda sement müasir quru üsulu ilə istehsal edilir. Region ölkələrində bu üsulla sement istehsal edən çox az müəssisə var. Quru üsulla sement istehsalı zavodun yanacaq sərfini minimuma endirir. İstehsal edilən sementin keyfiyyəti zavod istifadəyə verilənə qədər muxtar respublikaya idxal olunan eyni məhsullardan olduqca yüksəkdir. Artıq istehsal edilən məhsul ölkəmizin müxtəlif regionlarına, eləcə də Türkiyəyə və Gürcüstana göndərilir.
İstehsal prosesinin konveyer üsulu ilə təşkil edildiyi müəssisədə texnoloji proseslərə ciddi əməl edilir. Blok şəklində müəssisəyə daxil olan xammal müxtəlif mərhələlərdən keçməklə kiçik ölçülərdə doğranıb qarışıqlarla birlikdə 1400-1600 dərəcə istilikdə bişirilir. Hazır məhsul sonrakı mərhələdə üyüdülüb 50 kiloqramlıq kisələrdə qablaşdırılaraq “Naxçıvan sement” əmtəə nişanı ilə satışa çıxarılır. Naxçıvan Sement Zavodu “CE” keyfiyyət nişanına layiq görülmüşdür. Bu keyfiyyət nişanı məhsulun Avropa tələblərinə uyğunluğunun göstəricisidir. Yeri gəlmişkən bildirək ki, keyfiyyət nişanı Avropa Birliyində akkreditasiyadan keçmiş Türk Standartlar İnstitutunun mütəxəssisləri tərəfindən istehsal prosesindəki avadanlıqlar, keyfiyyətə nəzarət cihazları, istehsal prosesində əməyin və ətraf mühitin mühafizəsi nəzərə alınaraq qiymətləndirilmişdir. Eyni zamanda Türk Standartlar İnstitutu tərəfindən keyfiyyətin yoxlanılmasında istifadə edilən bütün ölçü cihazlarının və avadanlıqların da kalibrlənməsi aparılmışdır. Onu da qeyd edək ki, Avropa tələblərinə uyğunluğun göstəricisi olan bu keyfiyyət nişanının verildiyi hər bir müəssisənin məhsulu Türk Standartlar İnstitutu tərəfindən 6 aydan bir həmin institutun tikinti materialları laboratoriyasında kimyəvi və fiziki keyfiyyət göstəriciləri baxımından yoxlanılır.
Zavodda istehsal xəttinə daxil olan xammalın, qatqı maddələrinin, istehsal olunan məhsulun keyfiyyətinə nəzarət müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada həyata keçirilir. Burada quraşdırılan avadanlıqlarla istehsalat xəttindən saatda bir dəfə nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizlər aparılır. Bu analizlərin nəticəsi həm istehlakçıya verilir, həm də zavodun arxivində saxlanılır. Hər iki aydan bir məhsulun laborator analizləri Türkiyə Respublikasında həyata keçirilirdisə, yeni avadanlıqların quraşdırılmasından sonra bu problem aradan qaldırılmış, laboratoriyada 2013-cü ilin avqust ayında Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılmış, mikroskopik analizlərin zavodda fəaliyyət göstərən laboratoriyada aparılması təmin edilmişdir.
Zavodun ətraf mühitə mənfi təsirinin minimum səviyyəyə endirilməsi üçün də bütün vacib tədbirlər həyata keçirilmişdir. Bunun üçün burada dünya standartlarına uyğun avadanlıqlar quraşdırılmışdır. İstehsalat xəttində qırma, üyütmə və nəql kimi fiziki, bişirməyə hazırlıq üçün ilkin isitmə, ilkin kalsinasiya və yekun bişirmə kimi kimyəvi proseslər nəticəsində əmələ gələn toz və tüstü xüsusi tutucularla geri qaytarılır.
Zavodun ətrafındakı ərazilərdə geniş yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Bu məqsədlə 12 hektarlıq əraziyə 20 minə yaxın ağac əkilmiş, abadlaşdırma işləri aparılmışdır.
Bu istehsal müəssisəsi əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Zavoddakı işçilərin əksəriyyəti muxtar respublika sakini olan gənclərdir. Burada çalışanlar üçün normal iş şəraiti yaradılmış, onlar yüksək əməkhaqqı, xüsusi geyim formaları ilə təmin olunmuşlar.
Daxili və xarici bazarda “Naxçıvan sement”ə artan tələbatın ödənilməsi məqsədilə zavodda yeni bir layihənin həyata keçirilməsi zərurəti yaranmış, ötən il istehsal xəttində klinker (hazır məhsul) çənləri ilə üyütmə bölməsi arasında yeni bölmənin yaradılmasına başlanılmışdır. Layihəyə uyğun olaraq, zavodda yeni bölmə üçün bina inşa olunmuşdur. Dünyada sement zavodları qurmaq sahəsində qabaqcıl təcrübəyə malik Almaniyanın “KHO”, “Polysims”, Danimarkanın “Flsm.dth” firmalarını soba, daşqırıcılar və üyüdücülərlə təmin edən Çin Xalq Respublikasının “Jiangsu Pengfei Group Co.LTD” şirkətindən müasir texnoloji avadanlıqlar alınmış, həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılmışdır. Yeni bölmənin istifadəyə verilməsi istehsal prosesinin daha da təkmilləşdirilməsinə səbəb olmuş, klinkerlərin daha kiçik formada parçalanmasına və üyütmə prosesinə müsbət təsir göstərmiş, yeni çeşiddə sement istehsalına və zavodun istehsal gücünün artmasına əlverişli şərait yaratmışdır. Gündəlik istehsal gücü 800 tondan 1300 tona çatdırılan zavodda hazırda tələbata uyğun məhsul istehsal olunub satışa çıxarılır.
Kərəm Həsənov