Qış mövsümü yaxınlaşdıqca artan qayğılardan biri də etibarlı ərzaq ehtiyatının yaradılmasıdır. Muxtar respublikamızda bu vacib məsələyə göstərilən diqqət sayəsində həm kənd təsərrüfatı məhsullarının istehsalı, həm də onların istehlakçılara çatdırılması sahəsində geniş maddi-texniki baza və müasir infrastruktur yaradılıb. Bu baxımdan mühüm bazar infrastrukturu kimi istifadəyə verilmiş soyuducu anbarlar tələbatdan artıq istehsal olunmuş məhsulların qış ehtiyatı kimi saxlanılmasında və onların münasib qiymətə satışının təşkilində mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına muxtar respublikada müxtəliftutumlu soyuducu və digər ərzaq məhsullarının saxlanması üçün çox sayda anbar inşa olunmuşdur. Soyuducu anbarlara tədarük olunan ərzaq məhsulları builki qış mövsümündə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına imkan verəcək.
Bəs hazırda soyuducu anbarlara tədarük sarıdan vəziyyət necədir? Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, hazırda muxtar respublikada 24 soyuducu anbar fəaliyyət göstərir. Onlardan dövlət maliyyə dəstəyi ilə yaradılmış ümumi tutumu 5810 ton olan soyuducu anbarlar bilavasitə kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirir. Bu anbarlara cari ildə 6 min tondan çox məhsul tədarük edilmiş, haliyədə isə anbarlarda 2 min 300 tondan çox məhsul vardır.
Bundan əlavə, sahibkarların şəxsi vəsaitləri və dövlət maliyyə dəstəyi hesabına yaradılan ümumi tutumu 8850 ton olan soyuducu və digər təyinatlı istifadə üçün olan anbarlar sahibkarların öz istehsal məhsullarını saxlamaq məqsədi daşıyır. Bu anbarlara isə cari ilin hesabat dövründə 15 min 800 tona yaxın məhsul tədarük edilmişdir. Haliyədə bu məqsədlə fəaliyyət göstərən anbarlarda 1200 tondan çox məhsul saxlanılır.
Muxtar respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən bu anbarlar istehsal olunmuş kənd təsərrüfatı məhsullarının qeyri-mövsüm dövrlərində münasib qiymətlərlə bazara çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada anbar təsərrüfatı genişləndikcə istehsal olunmuş məhsulların maya dəyərinin aşağı salınması və istehlak bazarına daha tez çatdırılması məsələsi də bu baxımdan uğurla həll olunur. Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında soyuducu anbarların ümumi tutumu 14 min 660 tondur. Payız mövsümünün sonunadək bu anbarlara daha çox kənd təsərrüfatı məhsullarının tədarük olunacağı gözlənilir.
Əli CABBAROV