Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün bütün dünyada yaşayan azərbaycanlıların həmrəylik simvoluna çevrilib, soydaşlarımızın bir bayraq altında sarsılmaz birliyinin yaradılmasında mühüm rol oynayıb. Məhz bunun nəticəsidir ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir soydaşımız üçrəngli bayrağımız altında Azərbaycançılıq ideallarının təbliğində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması işində yaxından iştirak edir.
İndi cəmiyyətimizdə Azərbaycan Respublikasının üçrəngli bayrağına ümummilli sevgi və ehtiram hissi yüksək səviyyədə formalaşıb, bayrağımız milli özündərk və həmrəylik simvolu kimi hər bir azərbaycanlının ürəyinə yol tapıb. Çünki bayrağımız milli vəhdətimizin rəmzidir. Bu vəhdət bizim üçrəngli bayrağımızı daha uca zirvələrə qaldırır.
Bu gün muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində olduğu kimi, bölgələrdə də Bayraq meydanları inşa edilir. Bu tədbirlərdən Şahbuz rayonuna da pay düşüb. Belə ki, hazırda Şahbuz şəhərində Bayraq Meydanı yaradılır. İnşaat işlərinin “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirildiyi obyektdə hazırda qızğın iş gedir. Şahbuz şəhərinin girişində inşa olunan Bayraq Meydanının ətrafında ötən müddətdə geniş abadlıq işləri görülüb, səkilər salınıb, piyada keçidləri qoyulub. Ərazi terraslara ayrılıb, milli ornamentlərin əks olunduğu memarlıq elementləri ilə dizayn edilib. Bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 37 metrdir. Hazırda ərazidə genişmiqyaslı torpaq işləri həyata keçirilir, postament qranit daşlarla üzlənir, işıqlandırma sistemlərinin quraşdırılması üçün yeraltı xətlər çəkilir, səkilərə daş düzülür, yaşıllaşdırma işlərinə hazırlıq məqsədilə burada səliqə-sahman yaradılır.
Bayraq Meydanı ərazisində istirahət parkı salınacaq, sakinlərin mənalı istirahəti təşkil ediləcək. Tikinti işlərinin layihə əsasında aparıldığı, inşasına çox sayda işçi qüvvəsi və texnikanın cəlb edildiyi meydanın yaxınlığında ictimai iaşə obyektinin tikilməsi də nəzərdə tutulub.
Səbuhi HÜSEYNOV