23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Sədərək gömrük-keçid məntəqəsi üçün yeni kompleksin inşası və xidmətin səmərəli təşkili üçün lazımi iş şəraitinin yaradılması istiqamətində görülən işlər Azərbaycan gömrük sistemində həyata keçirilən ən genişmiqyaslı layihələrdən biridir. Yeni infrastruktur “bir dayanacaq” prinsipinə uyğun qurulan, yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və rüsumsuz ticarət mağazasından ibarət müasir gömrük kompleksi olacaq.
Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq, giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulmuşdur. Üç zolaqla sərnişin və minik, iki zolaqla yük nəqliyyat vasitələri hərəkət edəcək.
Sərnişin keçid zalları kompleksin ortasında – üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşəcək. Gömrük nəzarəti zonasında sərnişinlərin hərəkəti üçün tunellər yaradılacaq, yaşıl və qırmızı kanallar formalaşdırılacaqdır.

Yük xətti, əsasən, rəsmiləşmə zalı və anbar binasından ibarətdir. Tranzit və idxal istiqamətində gələn və əks istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti bir-birindən ayrı nəzərdə tutulmuşdur. Yük xətti üzərində iritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirməkdən ötrü X-Ray rentgen nəzarət-yoxlama kompleksi qurulmuşdur.
Qanunvericiliyə əsasən, gömrük nəzarətindən güzəştli qaydada keçməli olan şəxslərə xidmətin göstəriləcəyi binada və yeməkxanada tikinti işləri artıq yekunlaşdırılmışdır. Hal-hazırda inzibati binanın, anbar və rəsmiləşdirmə zalının tikintisi davam etdirilir. Kompleksin ərazisində həmçinin rüsumsuz ticarət mağazası və əlavə yardımçı binalar da inşa olunacaqdır.
Sədərək sərhəd-keçid məntəqəsi üçün yeni gömrük kompleksinin qurulması xidmətin nümunəvi təşkilinə lazımi şərait yaradacaq, gömrük nəzarəti və rəsmiləşdirilməsinin müasir tələblər səviyyəsində həyata keçirilməsi təmin olunacaqdır.

Rahil TAHİRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR