23 Dekabr 2024, Bazar ertəsi

Sahibkarlıq sərbəst bazar iqtisadiyyatının, işgüzar biznes mühitinin əsas atributlarından biridir. Artan tələbatların ödənilməsi üçün hər cür maddi nemət və xidmətlərin istehsalı sahibkarın əsas qayğılarındandır. Qurduğu biznes sahəsində yaratdığı yeni iş yerləri ilə çox sayda insanın gəlir əldə etməsini təmin edən sahibkarların müəyyən məqamlarda ciddi qayğıya ehtiyacı vardır. Çünki onlar da bu cəmiyyətin bir üzvü olmaqla bərabər, həm də qurduqları biznesə görə işgüzar, sosial və ekoloji məsuliyyət daşıyırlar.

 Hazırda sərbəst bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq cəmiyyətimizdə sahibkara, onun riskli əməyinə verilən qiymət əvvəlki təsəvvürlərdən tamamilə fərqli bir mahiyyət qazanmışdır. Biznesin müxtəlif sahələrində öz gücünü sınayıb tələbatların ödənilməsi üçün məhsul və xidmətlərlə bazara çıxan müxtəlif sahibkarlar üçün keçilən yol həmişə hamar olmamışdır. Lakin bazara məxsus risklər, dünya valyuta kurslarındakı dalğalanmalar, habelə biznesdən anlayışı olmayan bəzi səriştəsiz sahibkarların və sahibkarlığın cəmiyyətə faydalarını hələ də qavraya bilməyən bəzi kiçik məmurların lüzumsuz əngəlləri bu vacib sahənin inkişafına mane ola bilmə­miş, ölkəmiz çox qısa bir dövrdə bazar iqtisadiyyatı yolu ilə mühüm iqtisadi potensial əldə etmişdir. 

Naxçıvan Muxtar Respublikasında bu gün özəl bölmə iqtisadiyyatın 87 faizinə sahibdir. Naxçıvanda sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, hazırda muxtar respublikadakı istehsal müəssisələrində 119 növdə, 507 çeşiddə ərzaq, 238 növdə, 599 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 357 növdə, 1106 çeşiddə məhsul istehsal olunur. Təkcə cari ilin əvvəlindən muxtar respublikada 30 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır. Muxtar respublikada sahibkarlığa dövlət maliyyə dəstəyi gücləndirilmiş, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Fondu tərəfindən indiyə qədər 1196 layihənin maliyyələşdirilməsinə 117 milyon manatdan çox vəsait yönəldilmişdir. Bu istiqamətdə cari ilin əvvəlindən ayrılan güzəştli kreditlərin həcmi isə 9 milyon 758 min manat olmuşdur. Bu rəqəmlər, ümumilikdə, muxtar respublikamızda sahibkarlığa göstərilən dövlət qayğısının miqyasını əks etdirir.
Lakin bununla yanaşı, biznes sərbəst bir fəaliyyətdir və onun uğur qazanmasında sahibkarın öz təşəbbüskarlıq məharəti, səbirliliyi və real iqtisadi vəziyyətə əsaslanan təhlil qabiliyyəti də vacibdir. Başqa sözlə, sahibkar öz müəssisəsinin ən yaxşı işçisi kimi işə doğma münasibəti ilə fərqlənməlidir. Təcrübə göstərir ki, məhz belə sahibkarlar qurduqları kiçik biznesi tədricən böyüdərək təkcə özlərinə deyil, onlardan yenilik gözləyən insanlara da faydalı olurlar. Muxtar respublikamızda uğurla fəaliyyət göstərən belə sahibkarlıq subyektlərindən biri də “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi məhsullarla, demək olar ki, hər birimiz tanışıq. Müxtəlif əmtəə nişanı adı altında bu müəssisənin bazara çıxardığı yüksəkkeyfiyyətli ərzaq məhsulları müştərilər tərəfindən həvəslə alınır.
Dünyaya tam inteqrasiya olunmuş bir ölkədə yaşayırıq. Daxildə istehsal etdiyimiz məhsullar keyfiyyət standartlarına və bazar qiymətinə uyğun olmazsa, onları istər-istəməz idxal məhsulları əvəz edəcəkdir. Valyuta vəsaitlərimizin çox qiymətli olduğu bir dövrdə bu, şübhəsiz, heç kimin ürəyincə olmaz. Ona görə də “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi daxili bazarı müəyyən ərzaq məhsulları ilə təmin etməyi bacaran və ixracda yer tutan biznes qurumlarımızın fəaliyyətinə göstərilən dövlət qayğısı təsadüfi deyildir.
Bəs nədir işin sirri? Şübhəsiz, hər bir biznes vahidinin bir kommersiya sirri vardır və bunları paylaşmaq biznesin sərt qanunlarına uyğun deyildir. “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Teymur Rzayevə bu mövzuda bir yazı hazırlamaq fikrim olduğunu bildirəndə söhbət üçün razılıq verdi və görüş vaxtı təyin etdik. Qeyd edək ki, Teymur Rzayev ali təhsilli mühəndis olsa da, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı özünə peşə seçdiyini və bu peşəni sevdiyini vurğulayır. Söhbətimizə başladıqda o, təqribən, 20 il əvvəl, 1995-ci ildən ticarətlə biznesə başladığını bildirdi. Dedi ki, 20 il qısa bir dövr olsa da, ölkəmizdə, eləcə də muxtar respublikamızda biznes sahəsində çox şeylər dəyişmişdir. O dövrdə istehlak bazarında böyük boşluqlar olduğundan ticarətlə məşğul olanlar yaxşı mənfəət əldə edirdilər. Ancaq biz çox qısa bir müddətdə istehsala başlamağa qərar verdik və 1998-ci ilin avqust ayında qənd istehsalı üzrə ilk istehsal müəssisəsini qurduq. Sonrakı illərdə ölkədə aparılan uğurlu iqtisadi siyasət sahibkarların da inkişafına təkan verdi. Muxtar respublikamızda yaradılmış əlverişli biznes mühitindən faydalanaraq biznes sferamızı genişləndirmək məqsədilə 2003-cü ildə Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsində iştirak etdik. Neçə illər fəaliyyətsiz qalan və bütün avadanlıqları sıradan çıxan müəs­sisəni yenidən qurduq. Müəssisədə əvvəlcə əsaslı təmir işləri görülərək yenidənqurma işləri başa çatdırıldı. İkinci mərhələdə isə müasir standartlara cavab verən, yüksəkkeyfiyyətli məhsul istehsal etmək üçün avadanlıqlar alınaraq quraşdırıldı. Nəhayət, 2005-ci ilin noyabr ayında Ali Məclis Sədrinin iştirakı ilə müəssisənin açılışı oldu.
“Sirab” mineral suyunun şöhrəti haqqında danışmaq ayrıca söhbətin mövzusudur. Ancaq təkcə bir faktı göstərmək lazımdır ki, Naxçıvanın bu məşhur brendi ölkəmizin sərhədlərini çoxdan aşaraq Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Latviya, Türkmənistan, İran və digər ölkələrdə tanınır. Bu məqamda sahibkar işə yenilikçi yanaşmağı, istehsalda yeni texnologiyanın tətbiqini, reklam və marketinq tədbirlərinə xəsislik etməməyi öz işinin uğur gətirən amillərindən olduğunu vurğuladı.
“Sahibkarı və təsisçisi olduğum müəssisələrdə kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və paketlənməsi, biskvit və şokolad istehsalı, ətlik istiqamətdə quş əti istehsalı, lokum istehsalı, “Sirab” əmtəə nişanı ilə qazlı və qazsız su istehsalı uğurla davam etdirilməkdədir. Hal-hazırda, ümumilikdə, bu müəssisələrdə 598 nəfər işlə təmin olunmuşdur”, – deyən Teymur Rzayev bildirdi ki, bu, bir müəssisədə sadə işçidən tutmuş direktora qədər hamının mövcud biznesin uğuru üçün doğma münasibət göstərdiyi böyük bir ailə deməkdir. Özəl sektorun əsas qanunlarından biri də məhz budur. Əgər sahibkar işində diqqətli olsa, maddi resurslara qənaətlə yanaşsa, maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etsə, dövlətin dəstəklədiyi real layihələrə üstünlük versə, hökmən öz biznesində uğur qazanacaqdır. Bu həm də sahibkarların muxtar respublika iqtisadiyyatının gücləndirilməsi, onun daha da şaxələndirilməsi istiqamətində daşıdığı bir məsuliyyətdir. Biz bu işə başlayarkən muxtar respublika rəhbərinə güvəndik. Nəticə göz qabağındadır. Sahibkarlığa kiçik istehsal sahəsi ilə başladıq, böyük bir şirkətə çevrildik. Əgər dövlətin dəstəyi, qayğısı olmasaydı, biz bunları bacara bilməzdik.
Beləcə, sahibkar Teymur Rzayev, əslində, öz biznesinin sirrini bizimlə bölüşmüş oldu. Bu söhbətin sonunda aldığım təəssüratla bərabər, onun da fikrində yeni biznes ideyaları yarandığı açıq sezilirdi. Sabahkı planları üçün nəsə qeyd edəndən sonra sağollaşdıq. Axşamüstü məhəllədəki marketdən aldığım, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi “Nati” şokoladı ilə çay içməyin isə ayrı ləzzəti var idi.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR