Babək rayonunun Sirab Kənd Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Adıçəkilən kənd yaşayış məntəqəsi ilə yanaşı, Qahab, Naxışnərgiz, Xalxal, Kalbaorucdizə, Məmmədrzadizə, Məzrə və Vayxır kəndlərinin torpaq mülkiyyətçilərinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi əməkdaşlarının iştirak etdikləri tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev açmışdır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Rasim Hacıyev çıxışında bildirmişdir ki, muxtar respublikada torpaqlardan səmərəli istifadə etmək üçün lazımi şərait yaradılmışdır. Meliorasiya tədbirləri həyata keçirilmiş, torpaq mülkiyyətçilərinin yüksək reproduksiyalı toxumlarla təchiz olunmaları diqqət mərkəzində saxlanılmış, onlara dövlət tərəfindən müəyyən edilmiş yardımlar verilmişdir. Kənd təsərrüfatı işləri ilə məşğul olan insanlar Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək intensiv əkin metodlarının tətbiqi, toxumçuluğun inkişafı üçün görüləcək işlər, torpaqların münbitliyinin artırılması, növbəli əkin sisteminin genişləndirilməsi, şırımla suvarma üsullarının taxılçılıqda tətbiqi və üstünlükləri barədə ətraflı məlumat ala bilərlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı İntizar Həziyev torpaqların münbitliyinin qorunması və artırılması ilə bağlı çıxış etmişdir.
Təcrübəli təsərrüfatçı Arif Cəfərov son illər muxtar respublikada aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, ikinövbəli əkin üsulundan, şırımla suvarmanın üstünlüklərindən bəhs etmiş, qarşıdan gələn yaz əkinlərində torpaq mülkiyyətçilərinə uğurlar arzulamışdır.
Tədbirdə torpaq mülkiyyətçilərinə metodik tövsiyələrdən ibarət bukletlər paylanmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Xəbərlər şöbəsi