Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə yığıncaq keçirib.
Yığıncağı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası iqtisadi inkişaf nazirinin müavini Anar Seyidov açaraq günün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, insan hüquqları aspektində əsas hüquqlardan biri də istehlakçıların hüquqlarıdır. İqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin artırılmasını, bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsini, aidiyyəti dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlıq subyektləri və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsini tələb edir. Məhz bu səbəbdən son dövrlər istehlakçıların hüquqlarının müdafiəsi ölkəmizdə, eləcə də muxtar respublikamızda aktuallıq kəsb edən məsələlərdən birinə çevrilib və hər bir istehlakçı öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıb.
Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Namiq Əhmədov çıxışında bildirib ki, muxtar respublikada həyata keçirilən nəzarət tədbirlərinin təhlili istehlak bazarında əsaslı keyfiyyət dəyişiklikləri baş verdiyini göstərir. Belə ki, sahibkarların öz öhdəliklərinə daha məsuliyyətlə və istehlakçıların hüquqlarına hörmətlə yanaşması əldə olunan başlıca uğur kimi dəyərləndirilə bilər. Hazırda qarşıda duran əsas vəzifə istehlakçıların hüquqlarının müdafiəsi, əmtəə bazarlarının keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli məhsullardan qorunması məqsədilə işlərin daha da gücləndirilməsi və bu sahədə zəruri tədbirlərin görülməsindən ibarətdir. Bunun üçün istehlak bazarında mütəmadi monitorinqlər aparılır, keyfiyyətin kompleks yoxlanılması, qanun pozuntusuna şərait yarada bilən halların aradan qaldırılması, malların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laborator müayinələrin aparılması, nəticələrə uyğun olaraq operativ tədbirlərin görülməsi həyata keçirilir.
Sonra Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini Vüqar Muxtarov, komitənin Dövlət nəzarəti şöbəsinin müdiri Rauf Rüstəmov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, komitə tərəfindən muxtar respublikada məhsulların istehsalı, istifadəsi, istismarı, saxlanılması, daşınması, işlərin yerinə yetirilməsi, məhsul istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə dair bəyan etdiyi göstəricilərə riayət olunmasına dövlət nəzarəti həyata keçirilir. Bundan başqa, istehlak bazarının keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan qorunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin davamlı olmasına da xüsusi diqqət yetirilir. Bu gün muxtar respublikada istehlak bazarında çatışmazlıqların aradan qaldırılması üçün inzibati tədbirlərin gücləndirilməsilə yanaşı, təbliğat-təşviqat və maarifləndirmə işlərinə də xüsusi diqqət yetirilməsi vacib məsələdir. İstehlakçılar isə, öz növbələrində, hüquqlarının müdafiəsində aktiv olmalı, üzləşdikləri problemlərin aradan qaldırılmasında aidiyyəti qurumlarla əməkdaşlığa, sağlamlıqlarını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirməlidirlər.
Yığıncağa Naxçıvan Muxtar Respublikası iqtisadi inkişaf nazirinin müavini Anar Seyidov yekun vurub.
Səbuhi HÜSEYNOV