Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində nazirlik və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 119 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi, vergi xidməti müşaviri Rəşad Əliyevin sözlərinə görə, operativ nəzarət tədbirləri zamanı 26 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 35 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisində 1 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 19 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 23 vergi ödəyicisinin xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olması, 8 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib. Bundan başqa keçirilən nəzarət tədbirləri zamanı 7 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu məlum olub və həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb. Aparılan operativ nəzarət işləri zamanı tərtib edilən 14472,0 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin tamamilə büdcəyə ödənilməsi təmin edilib. Bəhs olunan dövrdə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 11 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və müşahidə zamanı müşahidəyədək olan dövriyyələrlə müqayisədə 38021,2 manat dövriyyə artımına nail olunub. Bu da bir vergi ödəyicisinə bir obyekt üzrə orta hesabla ay ərzində 69,1 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsi deməkdir.
Xəbərlər şöbəsi